FIRDEVS
Ilk dəfə məktəbə gəlməyin verdiyi tədirginliyi yaşayanlardan biri də mavi gözlü, sarışın bir qız idi. Çox gözəl idi. Bapbalaca burnu, sarı qıvırcıq saçları ilə adamı elə uzaqdan özünə cəlb edirdi.
Ordan keçən məktəbin müdir müavinlərindən Əhməd bəy, bir anlıq dayandı. Çevrilib o balaca qıza baxdı. Gözündən ondan çevirə bilmədi və dözməyib çevrildi, bir də baxdı. Qapının yanında dayanan anasının əlindən bərk – bərk yapışan, ürkək gözlərlə ətrafını maraqla süzən bu balaca qız diqqətindən qaçmadı. Onlara tərəf getdi. Yaxınlaşdı. Qızın anası olduğunu düşündüyü xanıma:
- Salam! Xoş gəlmisiniz! – dedi.
Çiyinlərinə kimi düşən başörtüsü ilə olduqca nəzakətli görünən bu xanım bütün nəzakəti ilə:
- Salam! Xoş gördük! – deyə cavab verdi.
Əhməd bəy təzədən bu dünyalar qədər şirin qızı süzməyə başladı. Əgər qız ona azacıq təbəssüm etsə diz çökəcək, üzünə tərəf əyiləcək, bu balaca məxluqun yanaqlarını sıxacaqdı. Ancaq qız heç ona fikir də vermirdi.
Müdir müavini Əhməd bəy üçün uşaq sevgisi hər şeydən üstün idi. Müəllimliyi də elə buna görə seçmişdi. Təkrar qızın anasına baxdı:
- Necə kömək eləyə bilərəm? – deyə soruşdu.
Qadın baş örtüsünün ucunu əlləri ilə yavaşca düzəltdi. Bir az utanan kimi oldu və danışmağa başladı nəhayət:
- Qızım – dedi əllərindən bərk – bərk tutan uşağa işarə eləyərək. – Məktəbə yazdırmağa gətirmişəm. Növbəmizi gözləyirik. Hələ ki, yazdırmamışam və həyəcanlıyam ona görə də.
- Birinci dəfədir? – deyə soruşdu Əhməd bəy.
- Bəli. – dedi qadın təlaşlı bir səs tonu ilə.
Qeydiyyat üçün lazım olan sənədləri sayandan sonra:
- Hazırladınızmı? – deyə əlavə elədi.
- Hazırladım – dedi qadın – neçə gündür bunun təlaşı içərisində yaşayırıq.
Müdir müavini Əhməd bəy aşağı əyildi. Artıq qızın üzü ilə qarşı – qarşıya idi. Uşağın baxışlarından keçirdiyi həyəcan hiss olunurdu. Necə də gözəl gözləri, necə də mənalı baxışları var idi bu qızın! Baxdıqca ilmə – ilmə düşüncələr yarandı beynində.
Cənnət gözəlliyi idi bu, baxanları özünə cəlb eləyən, sakitləşdirən və bütün pisliklərin üstünü örtən! Onsuz da uşaqlar cənnət meyvələri idilər. Dünyanın bəzəyi idi onlar, cənnəti qazanmağın yolu da onlardan keçirdi.
Əlindən tutdu. Əlini vermək istəmədi, geri çəkildi. Anasının ayaqlarını qucaqladı.
Əhməd bəydəki bu uşaq sevgisini görən qızın anası qızının qollarınndan tutdu və önə doğru çəkdi:
- Qızım, müəllimindir. – dedi sərt bir şəkildə.
«Müəllimindir» - deyəndən sonra qızın üzünə yayılan təlaş hissi bir balaca səngidi.
Müdir müavini Əhməd bəy, qızı qucağına aldı. Hər iki yanağından öpdü.
Bir əli ilə qızın qızılı saçlarını sığalladı və soruşdu:
- Mənim ağıllı qızım! Adını deyə bilərsən mənə?
Qız heç nə demədi və çiynini çəkdi.
Yanındakı uşağına göstərilən xoş münasibətdən məmnun olduğunu bildirən bir şəkildə qızın anası qızına:
- Qızım, müəllimin adını soruşur. – dedi.
Qız anasının xəbərdarlığından sonra gözlərini qırparaq cavab verdi:
- Firdevs!
Əhməd bəy:
- Nə qəşəng adın var sənin! – dedi.
Firdevs işıl – işıl parıldayan gözləri ilə süzdü Əhməd bəyi. Əhməd bəy isə hələ də onun başını sığallayırdı:
- De görək Firdevs, bu gözəlliyi sənə Kim bəxş eləyib?
Firdevs bir az rahatlamışdı Əhməd bəyin isti münasibətindən. Sual dolu nəzərlərlə anasının üzünə baxdı.
Anası təzədən qızına xəbərdarlıq elədi:
- Cavab ver, qızım, müəlliminə!
Firdevs ayaqlarının üstündə sağa- sola fırlanıb insanı məst eləyən uşaq səmimiyyəti ilə cavab verdi:
- Allah!
Müdir müavini Əhməd bəy Firdevsi yavaşca köksünə sıxdı və:
- Afərin sənə Firdevs! Çox ağıllı uşaqsan sən! Indii bir sual da verəcəyəm sənə. Bilsən sənə hədiyyə də verəcəyəm. Firdevs nədir?
Anası yenə qızına köməyə gəldi. Qızının bu sualın cavabını bildiyindən əmin bir halda və bundan duyduğu qüruru səsində əks elətdirərək:
- Əlbəttə, müəllim, mənim qızım bunu da bilir. – dedi.
Firdevs, bu ürəkləndirici sözlərdən sonra:
- Bilirəm, niyə bilmirəm. Firdevs cənnətin adıdır. Yaxşı adamların, ancaq yaxşı adamların gedəcəyi cənnət. Özü də onun səkkiz qapısı var. – dedi və tək – tək saymağa başladı.
Müdir müavini Əhməd bəy çox həyəcanlanmışdı. Firdevsi bir də qucaqladı:
- Səni təbrik edirəm. Sən hədiyyəyə layiqsən! – dedi və tez otağına girdi.
Uşaqlara vermək üçün masanın gözünə qoyduğu şokoladlardan ikisini götürdü. Və təzədən Firdevsin yanına qayıtdı. Firdevsə şokoladlardan birini uzatdı:
- Bunu sənə bu gözəllikləri bəxş eləyənin kim olduğunu bildiyinə görə verirəm.
Daha sonra digər şokoladı uzatdı və:
- Bunu da adının mənasını öyrəndiyinə görə verirəm. – dedi.
Bir də saçlarını sığalladı Firdevsin.
- Çox ağıllı qızınız var, Allah saxlasın! – dedi qızın anasına.
Uşağının təriflənməsindən duyduğu sevinc ananın səsinə yayılmışdı:
- Çox sağ olun. Allah razı olsun!
Firdevsin üzündən oxunan çəkingənlik Əhməd bəyin isti münasibətindən sonra qismən yox olmuşdu. Bu onun anasına dediyi sözlərdən də hiss olunurdu:
- Nə yaxşı əmidir. ana! Mənə şokolad da verdi. O da Firdevs cənnətinə gedəcək görəsən?
- Allah bilər qızım. Allah özü bilən məsləhətdir.
No comments:
Post a Comment