Sunday, July 24, 2011

hələ rastına çıxmamış gəl vaz keç məndən

hələ rastına çıxmamış
gəl vaz keç məndən
nolsun e nolsun
məni tərifləyiblər yanında
bir iki saytda şeirlərimi oxumusan
sonra hansısa bir tədbirdə görmüsən məni
(əli və ninoda olar da yəqin)
mən də axmaq kimi dilboğaza qoymamışam
atanı görmüsən bir az məndə
bir az da yaşamadığın uşaqlığını
qızım məncə unuda bilərsən axı
hələ rastına çıxmamış
gəl vaz keç məndən

yuxuna haram qataram a haram
unudarsan hər şeyi
saaatlarla güzgünün qabağında bəzənməyi tərgidərsən
sonra gözlərini yığa bilməzsən yollardan
məni gözləyərsən
mənim istəklərim ağır gələr
əzilərsən altında
ilk başda sevgi gözünü örtdüyündən
nə desəm həyatının qanununa çevrilər
amma sonra
sonra
əzablar kor bataqlıqlar kimi çəkər içinə
ayılıb görərsən ki batıb gedirsən
əlacsızam da
neynim əlacsız
deyərsən telefonda rəfiqənə
oktaya öyrəşmişəm
onsuz dəli olaram
yalandı
adının bir parçası haqqı yalandı
adam böyüyün sözünə qulaq asar
quzum
hələ rastına çıxmamış
gəl vaz keç məndən

BEYNİNƏ TƏKLİK VURANDA...


(“REAKSİYA BİLDİRMƏLİ OLDUQLARIM ÜÇÜN” III YAZI)

Bir zaman hətta kimsənin yanında danışmasını belə istəməyən bir insan elə bir an gələ bilər ki, susqunluğunu pozmaq istəyər və ətrafında olanların hamısından susmadan danışmasını istəyər. O, illərlə bunun həsrətini çəkmişdir çünki. İllərlə bu günün xəyalı ilə yaşamışdır. Hətta, o anda bezgin olduğunu, dərdin bala – bala içini əzdiyini hayqırsa da, əslində onu bezdirən, içini əzən illərdən bəridir susqunluğunu qoruması, hər şeyi içinə atması olmuşdur. O, bunun fərqindədir, ona görə də qarşısındakına “susma!” – deyə müraciət etməkdədir. Onun müraciəti artıq xahişi keçmişdir, tam tərsi ona əmr verməkdədir.
Yanğın var içimdə, susma
yoruldum rəsminlə danışmaqdan
ağlamaqdan yoruldum
səni düşünməkdən
və rəsmini sevməkdən bezdim.
bezdim insan olmağımdan
sənsiz qalmağımdan
susmağından bezdim, susma
Budur, insanlığın sevgisizlikdən yola çıxaraq gəldiyi nöqtə! Cəlil Cavanşir bunu üstünə alınmasın, məsələ onun sevgisizliyi deyil, tam tərsi məsələ cəmiyyətin sevgini xırdalaşdırmasındadır, məsələ cəmiyyətin sevgini qutsallaşdırmaqdansa onu yataq oyunlarının bir parçası halına gətirməsindədir. Ona görə Cəlil üsyan bayrağını qaldırır, ona görə “siz mənim dərdimə çarə tapmasanız çıxıb gedərəm” – deyir.
gedərəm, gedərəm, çıxıb gedərəm
milyon il gedərəm
işıq yoluyla
milyon il gedərəm
işıq sürəti
milyon il gedərəm tək O-na doğru
səmanı çiynimə alıb gedərəm
üzüm kainatın sonuna doğru.
Sevgisizlik və təklik girdabında boğulmaqdan dəhşətli bir şey ola bilməz bu yer üzündə. ətrafın, çevrən insanla dolu olar, yığın halında, sürü halında gəzişərlər ətrafında, amma dərdini danışmağa bir Allah bəndəsi tapmazsan. Tapmazsan ki, dərdini, illərdən bəridir içinə atdığın dərdləri, sıxıntıları Əvəz Qurbanlı demiş “qışqırasan dincələsən”. Yoxdur, Cəlil Cavanşir, yoxdur! Axtarmağına belə dəyməz! Bizimkisi iki daşın arasında, yarı yaşında birilərini sevənlərdi ki, qismətimiz buraya qədərmiş deyib kifayətlənərik. Ya da kifayətlənmərik, təklik beynimizə vuran anlarda bax beləcə sənin etdiyin üsyan bayraqlarını çəkərik. Qarşımızdaki şəxsdən ancaq danışmağını istəyərik. Susmasın, danışsın, nədən danışacaq, kimdən danışacaq, umrumuzda belə olmaz. Içində, içimdə, içimizdə yaranan fırtınalar başqalarının gözündə bəlkə də bizi adamlıqdan çıxarar, bəlkə də biz onların gözündə heçliyə, puçluğa çevrilərik, amma sən, mən, yəni biz ancaq bir şeyi istəyərik qarşımızdakından: susma! Dərdlər içimizdə dərin yaralar açar, ağrıdan alnımızdaki damarlar ilan kimi qıvrılar, bizsə həmin anlarda iki şeydən qorxarıq sadəcə: susqunluqdan və bizə baxan ətrafımızdaki gözlərdən!
susma,
içimdə hüzn var,
dərd içimi oyur,
yoruluram baxışından
baxma.
Sənin susqunluğundan,
dəli ola bilərəm,
baxma
belə baxma.
sənin lal baxışından
baxışından
ölə bilərəm...
Cəlil “elə gözləyirəm ölümüm gələ”ni yazdığı zaman da təklik içərisində idi, “Qızımın adını Şəbnəm qoysam”ı yazanda da. Alın yazısı – təklik, sevgi, sonda isə depresiya… və dalınca dalbadala düzülmüş nöqtələr… bəlkə də sual işarələri… həm də cavabını gözləyən sualların axırına qoyulan sual işarələri…
Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.
“Nəyimə lazımdı?” - sualı ilə başlayır Cəlil Cavanşir, elə deyilmi? “Nəyimə lazımdı?” sualı “yum gözünü, baxma, baxma…” cümlələri ilə davam edir, axır gedib harda dayanır qatar? Depressiyada! Günümüz insanı, yaşadığımız toplumun kəsavətli havası ona elə təsir edib ki, ütopik bir sevgi də artıq tərk edilmiş bir xarabaya çevrilib Cəlilin nəzərində. Və yavaş – yavaş dəyərini itirib…
səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.
Hər nə qədər “lənətə gələsən!” – desəm də, desən də, desək də nəticə etibari ilə gəldiyimiz nöqtə eynidir: “Sevirəm səni hələ də...” Yenə də görürsən ki, onun əsirisən. O, sənə xəyanət etsə də, səni sevsə də, sənə nifrət etsə də, səninçün dəyişilməzdir, əvəzolunmazdır. Baxmayaraq ki, bu şəhərdə sevgisini rahatlıqla səninlə paylaşabiləcək qızlar, xanımlar var və sən onlardan sevgini beşdəqiqəlik sədəqə kimi qəbul etməyəcəksən. Və bir də... Cəlilin dediyi kimi bu şəhərdə ucuz qadınlar var. Amma inanın mənə, onlar şair dostumuzun o
Saçlarının bəyazını xınayla gizləyən,
Kiçiçik qızınını atasız böyüdən,
İşini çox sevən qadın... – deyə bəhs etdiyi qadınının yerini verməyəcək. Neyləsə də! Baxmayaraq ki, özünün dediyi kimi “tənha gecələrdə, kişilərə yaraşmayan ağlamaq, qışqırmaq kimi vərdişləri var.”
Sonda sənə bir söz deyim, Cəlil qardaş! Əsas odur ki, bu şeirlərində özünsən! Kimisə təkrarlamırsan, belə getsə daha fərqli yerlərə gələcəksən. Içində partlmağa hazır, partladığı zaman hər yeri dəhşətlə sarsıdacaq nəhəng bir bomba yerləşib. O sözün partlayışıdır. Və o partlayışdan qətiyyən qorxma!
milyon il gəlmişəm işıq yolunu,
gəlib dayanmışam bu yer üzündə
dünyanı qoyublar ayağım altda
dünya ilk durağım
dünya son evim.
dünya unutduğum,
dünya sevdiyim.
Milyon ilə işıq yolunu gəlmisənsə, gəlib bu yer üzündə dayanmısansa, dünyanı ayaqların altına qoyublarsa sən xoşbəxtsən. Amma, sənə verilənlə kifayətlənmə! Daha çoxunu istə! Onsuz da gec ya da tez çıxıb gedəsiyik bu fəna mülkündən!

“Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov"Din insan ruhunun qidasıdır"


Müsahibimiz “Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovdur



- Qısaca oxucularımıza özünüz və təşkilatınız haqqında məlumat verə bilərsinizmi?
- Sağlam İnkişaf və Maarifəndirmə ictimai birliyi 2003-cü ilin sentyabr ayinin 15-də bir qrup gənc tərəfindən yaradılıb. 20-ə qədər layihə 50-dən çox müxtəlif tədbirləri həyata keçirmişik. Üç dildə Qarabağ abidələri kitabını, Qarabağ yaddaş kitabını və 5 müxtəlif maarifləndirmə kitabçaları nəşr etdirmişik. Xarici dillərdə Qarabağa aid CD disklər təbliğat xarakterli müxtəlif divar kağızları hazırlamışıq. “Unutmayaq” kompaniyasının Respublikada keçirilməsinin müəllifi bizik. Əli bəy Hüseynzadə adına diplom təsis etmiş lakin hələ də müxtəlif səbəblərdən onu heç kimə təqdim etməmişik. www.karabakhmonuments.az və www.karabakhnature.az saytlarını da bizim birlik yaradıb. Gənclərin ilk tribunası olan Təməl jurnalını təsis etmiş indiyə qədər 6 sayını oxuculara təqdim etmişik. Birliyin əsas istiqaməti Qarabağ həqiqətlərinin dünyada yayılması istiqamətində işlər, gənclər arasında müxtəlif maarifləndirmə işlərinin aparılması, milli mənəvi dəyərlərimizin soy kökümüzun qorunması naminə fəaliyyətdir.
- Milli – mənəvi dəyərlərin gəncliyin həyatlnda önəmi nə qədərdir?
- Əslində Azərbaycan gəncliyinin həyatında milli – mənəvi dəyərlərin rolu əsas önəmli yerlərdən biri olmalıdır. Çünki millət kimi formalaşmaqda bu çox vacib amildir. Amma gənclik elə bir təbəqədir ki, qəti şəkildə bunu ona bu gün vacib şərt kimi qoymaq çox çətinir. Qloballaşan dünyada mədəniyyətlərin bu gün xalqlar arasında inteqrasiyasının geniş vüsət aldığı məqamda bu çox çətin prosesə çevrilmişdir. Lakin mən hesab edirəm ki bu gün ziyalılarımız bu istiqamətdə işlərini artırmalı və gənclərimizə milli mənəvi dəyərlərimizi müasir dünyanın tələblərinə cavab verə biləcək tərzdə aşılamalıdırlar. Əgər biz istəyiriksə dövlətçiliyimiz daim güclü olsun, Azərbaycan həmişə dünyada öz sözünü özünəməxsus qürurla desin bu çox vacib məsələdir. Gəncliyin vətənpərvər, savadlı, layiqli vətəndaş kimi yetişməsi məhz bu yoldan keçir. Düzdür, mənimlə razılaşmayanlar da olar. Avropa mədəniyyəti, Avro inteqrasiya və s məsələlərdən misallar çəkilə bilər. Ancaq mən hesab edirəm ki, Azərbaycana lazım olan müasir dünyagörüşlü intellektual gəncliyin yetişməsində milli mənəvi dəyərlərimizin əsas götürülməməsi düzgün deyil. Əksinə, bünövrəsində milli dəyərlərimizə söykənən biliklərə malik gənclərimiz Azərbaycanın inkişaf edərək dünya dövlətləri sırasında önəmli yerlərə çıxmasına daha çox fayda verə bilərlər. Dünyanın aparıcı dövlətlərinə diqqət etsək bu belədir. Yəni alman və fransız heç vaxt öz dəyərindən uzaqlaşmır. Biz isə inteqrasiya deyəndə özümüzü onların dəyərlərinə yiyələnməklə müasir dünyanın tələblərinə uyğun savadlı hesab edirik, lakin son nəticədə biz Azərbaycanlıyıq heç nə dəyişmir əksinə itir – itən də bizim dəyərlərimiz. Bu isə müasir dünyada çox təhlükəlidir və işğal olunmaqdan da dəhşətli bir prosesdir. Mənim dünya xalqlarının dəyərlərinə çox böyük hörmətim var . Əslində dünyanın bütün müsbət dəyərlərinin bir müəllifi var insan Lakin reallıq da var insanlar müxtəlif millətlərə bölünüb və hesab edirəm ki, bu dəyərlər öyrənilməlidir amma olduğu kimi özümüzə tətbiq edilməməlidir.
- Sizə görə din nədir? Din və millət anlayışlarının bir – birindən ayrıldığı incə cizgilər hardan başlayır?
- Din insan mənəviyyatının onun ruhunun qidasıdır. Söhbət Tanrının peyğəmbərlər vasitəsilə insanlara göndərdiyi əsl dinlərdən gedir. Quranda da səhv etmirəmsə millət anlayışı ilə bağlı ayə vardır. Mən hesab edirəm ki din insanların həyatında hansı önəmli rolu oynayırsa millət anlayışı da bir o qədər önəmli rol oynayır. Amma bu bir millətin digər millətdən üstünlüyü kimi olmamamalıdır. Din bütün insanları tərbiyyə edir onu saflaşdırır düzgün yaşamaq yolu göstərir dünyanın onların yaşaması üçün Tanrıdan bir əmanət olduğunu izah edir və s. Millət anlayışı isə bu dünyada müxtəlif millətə məxsus insanların elminin inkişaf etməsinə, güclü iqtisadiyyat qurmasına , yüksək mədəniyyətə malik olmasına, təhlükəsiz yaşamasına, firavanlıqlarının təmin edilməsinə və s xidmət edir. Yəni fərq budur. Din bütün insan fərdlərinin hər birinə aiddirsə, Millət anlayışı ancaq ona məxsus topluma aiddir. Məhz buna görə daim görkəmli siyasətçilər və mütəfəkkirlər dini siyasətdən və dövlətdən ayırmağa çalışıblar mənim fikrimcə onların bir yerdə tətbiqi heç vaxt uğur qazana bilməyəcək.
- Bu gün Azərbaycanda dini və milli tolerantlıq hansı səviyyədədir?
- Hesab edirəm ki Azərbaycanda olan tolerantlıq bütün dünya üçün bir nümunə ola bilər. Bu bizim xalqın ən böyük baş ucalığıdır. Bütün dinlərə məxsus ibadət ocaqlarının bu gün Azərbaycanda maneəsiz və qısqanclıq olmadan fəaliyyəti buna misaldır. Eyni zamanda milli mənada da bu belədir inanın mən deyərdim ki ən qatı düşmənimiz olan ermənilərə qarşı da biz kin saxlamırıq əksinə sabah biz qələbə çalıb torpaqlarımızıl azad edəndən sonra ermənilərlə ilk barışan biz olacayıq və yenə də onları evimizin əziz qonaqlarından biri sayacayıq. Bu mənfi və ya müsbətdir deyə bilmərəm.
- Azərbaycandakı dini və milli tolerantlıq ənənələri regionda örnək təşkil edəb ilərmi?
- Bəli nəinki regionda hətta dünyada sadəcə bunun təbliğatını qurmaq lazımdır və bütün dünyaya bunu göstərmək lazımdır ki min illərdir bu belə olub və belə də olacaq biz bu cür formalaşmış millətik.
- Gənclər arasında bu sahədə hansı işlər aparılmalıdır?
- Gənclərimiz artıq bunu görür sadəcə daim ayıq olmalıyıq ki bəzi qüvələr onların beyinlərini korlamasın. Min illər boyu qoyulmuş bu ənənə daim gənclərimizə aşılanmalıdır.
- Azərbaycançılıq modelinin dünya düşüncə sistemində yeri hardadır? Və Azərbaycançılıq düşüncə modeli bölgənin dini və milli balanslaşdırılmasında nə qədər önəm kəsb edir?
- Azərbaycançılıq modeli əslində Türk təffəkkür tərzinin müsbət mənada bir baxış nümunəsidir. Yəni Türklər heç zaman qatı milliyyətçi olmayıb. Onlar xalqalrı Tanrının ədalət prinsipi ilə idarə ediblər. Heç bir xalqın dininə, dilinə, mədəniyyətinə zərər vurmayıblar. Azərbaycançılıq modeli də bu ideyalardan qaynaqlanan türk təfəkkürünün məhsulu kimi bir vətəndaşçılıq modelidir. Yəni dilindən dinindən irqindən aslı olmayaraq hər bir vətəndaşa xidmət edən ədalətli idarəetmə metodudur. Bu gün Azərbaycanda daimi yaşayan hər bir xalq özünü təhlükəsiz hesab edir və Azərbaycan dövlətçiliyini özlərinki sayır. Məhz Ümummilli lider Heydər Əliyev də Azərbaycançılıq deyəndə bunu nəzərdə tuturdu və arzulayırdı. Tarix boyu da bu belə olmuşdur. 1918-ci ildə də ADR-in qurucusu M.Ə. Rəsulzadə azərbaycançılıq deyirdi və bu adda mohtəşəm əsəri vardır. Ondan da əvvəl regionda daim bizim tutduğumuz bu yol çox önəmli bir ideya olaraq xalqların təhlukəsiz yaşamasına şərait yaratmışdır. Misal olaraq götürək Səfəviləri, Qacarları bu günkü İran əraziləri də daxil olmaqla bu regionu bir vahid dövlət şəklində yüz illərlə Türk olaraq idarə etsələr də tabeliklərindəki xalqların dilindən mədəniyyətindən belə istifadə edərək heç bir ayrı seçicilik qoymadan dövləti yüksək səviyyədə idarə etmişlər. Bu gün də İranda bu belədir. Düzdür onlardan fərqli olsa da əhalisinin çox hissəsi və hakimiyyətin önəmli postlarında daha çox Türklərin olmasına, baxmayaraq fars dili dövlət dilidir və farsçılıq daha çox gözə çarpır.
- Azərbaycançılığın yeni Avrasiyaçılıq modeli kimi qəbul edilməsi sizcə nə qədər realdır? Və bu düşüncənin reallaşması hansı müddətə reallaşa bilər?
- Əslində burada da heç bir fərq yoxdur Azərbaycançılıq Avrasiyaçılıq oxşar modellərdir. Sadəcə azərbaycançılıq bu gün tətbiq edilir və uğurunu biz görürük. Avrasiyaçılıq isə həyata keçirilməsi arzu olunan ideyadır. Mən yenə də deyirəm hər şey bizim təbliğatımızdan aslıdır.
- Bu sahədə bizlərin üzərinə hansı vəzifələr düşür?
- Bizdən aslı olan budur ki biz bu ideyanın həyata keçirilməsində avanqard olduğumuzu digər millətlərə təbliğ edə bilək bunu üçün isə çox işlər görməliyik xüsusilə demokratik ənənələrimizə ədalətli prinsiplərimizə sadiq qalmaqla və yaxşı nümunə olaraq.

Doç. Dr. Abbas Karaağaclı: “Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməliyik.”


Müsahibimiz Türkiyə Cümhuriyyəti Giresun Universiteti Beynəlxalq Münasibətlər Faklultəsinin müəllimi Doç. Dr. Abbas Karaağaclıdır

Doç. Dr. Abbas Karaağaclı: “Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməliyik.”

- Əvvəlcə oxucularımıza təqdim edə bilərsinizmi?
-1956-cı ildə Cənubi Azərbaycanın Mərənd şəhərində dünyaya gəlmişəm. Universitet və akademik təhsilmi İstanbul Universitetində bitirmişəm. 12 il Orta Asiya dövlətlərində Qazaxıstan və Qırğızıstanda Türk və yerli universitetlərdə müəllim kimi çalışmışam. 2004-cü ildə Əhməd Yəsəvi Universitetində dosent vəzifəsinə yüksəlmişəm. Hələ Türkiyə Cümhuriyyəti Giresun Universitetinin Beynəlxalq Münasibətlər Faklultəsində müəllim kimi fəaliyyət göstəriirəm. Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda araşdırmalarımvə məqalələrim nəşr olunub. BILGESAM( Bilge Adamlar Strateji Araşdırmalar Mərkəzi)da Orta Asiya Araşdırmaları İnstitutunun direktoru vəzifəsində çalışıram. Orta Asiya, İran, Əfqanıstan və digər regionlarda baş verənlərlə bağlı araşdırma yazılarım www.bilgesam.org və www.aygazete.com internet portallarında dərc olunmaqdadır.
- Müasir dünyada geniş yayılan qloballaşma deyilən anlayışı necə qiymətləndirirsiniz? Və bu qiymətləndirməniz milli və mədəni dəyərlərimizlə üst – üstə düşməlidirmi?
- Son vaxtlarda qloballaşma anlayışı bütün yazar və ziyalıların dilindən düşməməkdədir. Burda qloballaşmanın tərifini verməkdəns bu anlayışın bizlərə etdiyi təsirdən və Qərbdən qaynaqlanan digər anlayışların bizləri hansı yönə yönəltməyi hədəflədiyi haqqında danışmağa çalışacağam. Əsasən dünyanın hegemon gücləri və başda ABŞ olmaqla bütün qərb dövlətləri indiki halda dünyanı iqtisadi və hərbi baxımdan işğal etdiklərini və davamlı olaraq müxtəlif coğrafi bölgələrdə böhranlar yaradaraq öz mənfur hədəflərinə çatmaq üçün planlar qurmaqdadırlar. Mədəniyyət imperializmi əsrlərdən bəri qərblilərin müraciət etdikləri ən böyük istismar vasitələrindən biri kimi müasir dövrdə bəzək – düzəkli hala gətirərək, sevimli hala və kütlələri təsir etmək məqsədi ilə “qloballaşma”, “insan haqqları” və bu kimi bəzəkli – düzəkli sözlərlə ifadə edilərək hədəf ölkə və kütlələrə istiqamətli çirkli məqsəd və hədəfləri həyata keçirmək üçün istifadə edilən bir üsuldur. Bu istiqamətdə qərb indiki dövrdə bütün ünsiyyət və xəbərləşmə vasitələrindən istifadə edərək iqtisadi yeraltı və insan qaynaqlarımızı istismar etmə vasitəsi kimi qloballaşma anlayışından istifadə etməkdədir.
Çox təəssüf ki, bizim kimi ölkələrin sözdə ziyalıları da bu tələlərə düşərək və ya şüurlu surətdə bu istiqamətdə həmin düşüncə mərkəzlərinin çirkli məqsədlərinə xidmət etməkdədirlər. Məncə nə milli nədə mədəni dəyərlərimizlə üst – üstə düşmür. Diqqət yetirsək görərik ki, bizim vizual və yazılı mediamızın böyük bir hissəsi qərbin bu oyununda iştirakçi kimi çıxış edir və o istiqamətdə öz fəaliyyətlərinin davam etdirirlər. Bircə, Türk Dünyası deyilən böyük bir coğrafi məkanın Türkiyənin milli mediasında nə qədər işıqlandırıldığına baxsanız, məncə kifayət edər.
- Bu gün hər kəsin özünə xas dini və milli tolerantlıq anlayışı mövcuddur… Bu anlayışları hər kəs öz düşüncəsinə uyğun olaraq açıqlamağa çalışır. Bəs bu anlayışı siz necə qiymətləndirirsiniz?
- Əslində tolerantlıq olmalıdır və bu şərtdir. Beynəlxalq İnsan Hüquqları Konvensiyasının müddəalarına görə də bütün insanların dilini, dinini, mədəniyyətini azad bir şəkildə yaşaması onun ən təbii haqqıdır. Açıqcası milli dövlətlər öz ölkələrində yaşayan xalqların müxtəlif etnik dini azlıqları cəmiyyətin zənginliyi kimi qiymətləndirib, o insanların azad bir şəkildə yaşamaları və fəaliyyət göstərmələri üçün mühit təmin etdikləri təqdirdə bu hüquqların rəhbərliklər tərəfindən məhdudlaşdırılmasını fürsət kimi qiymətləndirən imperialist qüvvələrin səyləri boşa gedəcəkdir.
- Türk xalqlarının digər xalqlara göstərdiyi tolerantlıq sizcə digər xalqlara nümunə kimi göstərilə bilərmi?
- Əlbəttə, bunun da ən aşkar nümunəsi altı yüz/üz il boyunca dünyanın ən böyük imperatorluqlarından biri olmuş Osmanlı İmperatorluğudur. Osmanlı İmperatorluğu dövründə bu böyük coğrafiyada - Afrikadan Avropanın ortalarına, Orta Şərqdən, Balkanlara kimi olan imperatorluq torpaqlarında yaşayan bütün xalqlara dini və etnik azlıqlara göstərilən tolerantlığı biz dünyaya tolerantlıq nümunəsi kimi göstərə bilərik. İmperatorluqda yaşayan bütün dini və etnik azlıqlar imperatorluğun təmin etdiyi tolerantlıq mühitində bütün dini milli və mədəni ehtiyaclarını azad bir şəkildə yaşamış və hətta dövlət onlara maddi və mənəvi kimi dəstək olmuşdur.
- Türk Dünyasında son dövrlər bir araya gələrək bəzi ortaq dəyərləri birlikdə yaşadılması prosesi yaşanır. Milli dövlətlərin yox olduğu dünyada yeni bir prosesin yaşandığı bir əsnada bu cəhdlər nə cür mümkündür?
-Sözsüz ki, böyük bir coğrafiyadan danışırıq. İndiki vaxtda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimal Kipr Türk Respublikasının yanında Rusiya Federasiyasının daxilindəki muxtariyyət respublikalar və dünyanın digər coğrafiyalarında yaşayan Türklər dünyamızın əhəmiyyətli bir əhalisini təşkil etməkdədir. Bu dövlətlər və xalqlar tarixi və dini bağlılıqlarla yanaşı həm də indiki vaxtda mədəni – sosial, siyasi – ictimai və digər sahələrdəki qarşılıqlı əməkdaşlıq razılaşmaları da möhkəm şəkildə bir-birlərinə bağlamaqdadır. Bu baxımdan önümüzdəki əsrin Türklərin əsri olacağından heç bir şübhəm yoxdur. Xüsusilə yetmiş beş milyonluq Türkiyənin iqtisadiyyatının sabitliyi, inkişaf etmiş demokratiyası, sənayedə və texnologiyada qazandığı uğurları ilə regional güc olmaqdan bir dünya dövləti mövqesinə gələcəyindən heç şübhəm yoxdur. Inanıram ki, Türkiyə Cümhuriyyəti quruluşunun yüzüncü ilində iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ən böyük on dövlətindən biri olacaq və Türk Dünyasının da inkişafına öz təhfəsini verəcək.
- Yaxşı, sizcə nələr edilməlidir? Bu Türk dünyasının bir araya gəlməsi prosesində dini ölçünü əsas kimi qəbul edə bilmərik. Çünki türklər fərqli dinlərə inanırlar...
-Ortaq tarix, ortaq mədəniyyət və ortaq mədəni miras və təbii ki, ortaq dil Türk Dünyasının ən əhəmiyyətli birləşdirici və əhatə edici təməl ünsürlərini meydana gətirməkdədir. Bunun üçün çox səy göstərməliyik. Bu günə kimi bu ortaq dəyərlər və mədəni mirasımızın qəbul edilməsi paylaşması və mənimsənməsi istiqamətində şüurlu surətdə qarşımıza maneələr çıxarılmış və xarici mədəni dəyərlər bizim öz mədəniyyətimiz, tariximiz və milli şüurumuzu meydana gətirən elementlərin qabağına keçirilmişdir. Təbii bir şəkildə universal dəyərlərə və dünya mədəniyyətinə əhəmiyyət verməli və öyrənməliyik. Amma təməl olaraq böyük Türk Dünyasını meydana gətirən zəngin mədəniyyət mirasına və dəyərlərinə sahib çıxmalıyıq. Hamımız Yunus Əmrəni, Orxan Kamalı, Məmməd Akif Ərsoyu və ya Yaşar Kamalı və digər Anadolu çinarlarının şah əsərlərini oxuyub öyrənməliyik, amma Çingiz Ayıtmatovu, Muxtar Avazovu, Əli Şir Nəvaini Bəxtiyar Vahabzadəni, Məhdumqulunu, Şəhriyarı və bənzəri Türk Dünyasının önəmli yazar, alim və ziyalılarını tanımalıyıq. Əsərlərini oxumalıyıq. Koroğluya nə qədər əhəmiyyət veririksə, bir o qədər də Manas Dastanını bilməli, əzbərləməli və bütün dünyaya tanıtmalıyıq. Ancaq bu yolla mədəni bağlarımız güclənəcək və çoxdan haqq etdiyimiz yeri yəni universal mədəniyyətin bir parçası halına gələ bilərik. Bizim isə bağlarımız daha da güclənəcək.
-Şərq – Qərb əlaqələri xristian - müsəlman təfəkkürü istiqamətində indiki vaxtda hansı ölçülərdə inkişaf edir sizcə? Cəmiyyətimiz öz mədəni və mənəvi dəyərlərini qorumaq adına daha nələr edə bilər?
-Açıqcası son vaxtlarda Şərq dünyası və xüsusi ilə Müsəlmanlara qarşı Qərbdən qaynaqlanan hücumların çoxaldığının, bunun hərbi, siyasi və mədəni sahələrdə get – gedə genişləndiyinin şahidi oluruq. Bəzi qərbli təşkilatlar, düşüncə adamları Sovetlər Birliyinin çöküşündən sonra Müsəlman ölkələrinə qarşı tarixi kin və nifrətlərini ictimai şəkildə göstərməyə başlayıblar. Bu istiqamətdə İraqın və Əfqanıstanın işğalını misal kimi göstərə bilərik. Milyonlarla günahsız iraqlı və Əfqan bu hücumlarda dünyasını dəyişdi, o ölkələrin iqtisadi infrastrukturları məhv edildi, mədəni və tarixi mirasları bombalanaraq yox edildi və bu gün də eyni proses davam etməkdədir. Bu baxımdan mən bu cür boş sözlərə inanmıram. Bizlər qərb mədəni hegemoniyasından xilas olaraq tariximizə, mədəniyyətimizə, mirasımıza, ədəbiyyatımıza sahib çıxmalıyıq. Həyata dair hər sahədə qarşılıqlı əməkdaşlıq razılaşmalarını xüsusilə mədəni və təhsil sahələrində genişlədərək dərinləşdirərək imzalamalıyıq. Qırğız mədəniyyəti Azərbaycanın, Türkmən mədəniyyəti Özbəkin, Qaraqalpaq mədəniyyəti Tatarın olmalı, bunlar qarşılıqlı şəkildə mənimsənməli və bütün bu zəngin mədəni miras hamımızın olmalıdır. Yazılı və şifahi ədəbiyyatımızı, tariximizi, ədəbiyyat, mədəniyyət və mənəviyyat sahələsində məşhur olan əsərlər qələmə alan şairlərimizin, yazarlarımızın əsərlərini qorumalı, mədəni və tarixi dəyərlərimizi əks etdirə biləcək mövzularda filmlər çəkməli, milli televiziyalarımızda göstərməliyik. Ortaq komissiyalar, elmi heyətlər və mütəxəssislərdən meydana gələcək elmi və araşdırma komissiyaları və heyətləri meydana gətirərək, bu sahədə ortada olan problemləri qarşılıqlı anlaşma şəklində dartışmalı, önümüzdəki illərə işıq tutacaq planlamaları reallaşdırmalıyıq.
- Siz bir elm adamısınız. Türk dünyasının birlik və bərabərliyi mövzusunda nələr düşünürsünuz ?
-Təbiəti ilə, günümüz şərtlərində siyasi bərabərlikdən daha çox iqtisadi və mədəni inteqrasiyadan danışmalıyıq. Necə ki, bu gün indiki vaxtda dünyamızın ən əhəmiyyətli birlik təşkilatı sayılan Avropa Birliyinin əsası iqtisadi birlikdəliyə söykənməkdədir. Bu istiqamətdə Türk dövlətləri arasındakı mədəni, iqtisadi, təhsil, ictimai - siyasi vs. sahələrdə münasibətlərin gücləndirilməsi qarşılıqlı dostanə əlaqələrin daha da genişləndirərək Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməli və gücləndirməliyik.

Söhbətləşdi:Oktay Hacımusalı

Friday, July 22, 2011

Elşən Mustafaoğlu: “Yas mərasimlərində bəzən rəhmətə gedənin özü belə unudulur”


Gün.Az-ın “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Elşən Mustafaoğlu ilə müsahibəsi:

- İslamda yas mərasimlərinin tutduğu yeri necədir?

- Ümumiyyətlə, hər bir mədəniyyət üçün xeyir-şər məclislərinin yeri səciyyəvidir. Bu, ümumbəşəri bir hadisədir. Dünyasını dəyişən insan üçün əziz və yaxınını itirən ailə üzvləri, dostları, qohumları tərəfindən yas saxlanılması əslində insanın fitrətindən irəli gəlir və şübhəsiz ki, İslam da bunu qəbul edir.

Yəni yas mərasimi dünyasını dəyişən şəxsə görə duyulan üzüntünün, kədərin ifadə olunması, onu tanıyanların gəlib ailəsinə başsağlığı verməsi, bu çətin anlarda onlara mənəvi dəstək göstərməsi, bir araya gələrək mərhumun yad edilməsi, onun bağışlanması üçün dualar oxunması və sairdir.

Bütün bunların əslində insanlar arasında ictimai münasibətlər baxımından olduqca böyük əhəmiyyəti var və dinimizə görə təqdirəlayiq hesab olunur.

- Bu gün Azərbaycanda yas mərasimlərinin keçirilməsi hansı səviyyədədir?

- Qeyd edək ki, yas mərasimlərinin keçirilməsi məzmun cəhətdən ümumbəşəri olsa da, forma cəhətdən, konkret olaraq, necə keçirilməsi baxımından hər bir xalqın, cəmiyyətin adət-ənənəsi ilə bağlı olan bir məsələdir. Ümumilikdə, digər mərasimlər kimi, onların formalaşması əsrlərin dərinliklərindən gəlir. Amma hər dövrə görə özünəməxsus çalarlar alır.

Azərbaycanımızda yas mərasimlərinə xüsusi önəm verilir. Hətta el içində deyirlər ki, xeyir işə getməmək bir o qədər də qəbahət sayılmaz, amma yasa getməmək olmaz. Hətta qədim dövrlərdən bir-birilə düşmənçiliyi olan ailələr belə ədavəti olan tərəfə gəlib başsağlığı verir, üstəlik bir çox hallarda yas mərasimlərində bu ədavətə son qoyulur, barışığa gəlinirdi.

Demək istəyirəm ki, əslində, yas mərasimlərinin milli mədəniyyətimizdə mənəvi yükü olduqca əhəmiyyətlidir. Onun formalaşmasında dinimizin də müstəsna rolu olub. Amma yas mərasimlərinin formal tərəfi son dövrlərdə bir qədər qeyd etdiyimiz mənəvi çalarları sanki üstələyib, bəzi hallarda hətta aşırı forma alıb.

Təmtəraqlı, olduqca bahalı, külli miqdarda pul bahasına keçirilən məclisləri nəzərdə tuturam. Bəzən hətta dünyasını dəyişənin özü unudulur, bəzi ailələr sanki kiminləsə bəhsə girirmiş kimi, mərasimi “adınalayiq”, daha təmtəraqlı qeyd etməyə çalışır və s.

Hətta buna imkanı olmayanlar belə, bəzən fakt qarşısında qalıb, borca girməli olur, çox böyük çətinliklər bahasına birtəhər məclisi yola verirlər. Zənnimcə, yas mərasiminin həqiqi mahiyyətinə kölgə salan belə hallar heç də xoş deyil.

- Ümumiyyətlə yas mərasimlərinin keçirilməsi dini baxımdan dünyasını dəyişən şəxsə nə verir? Din bu baxımdan hansı hökmləri verir?

- Əslində yas mərasimləri ilk növbədə, yaxınını itirmiş ailə üzvləri üçün bir mənəvi dəstək olmalıdır. Yeri düşmüşkən, burada qeyd etmək istərdim ki, insan vəfat etdikdə İslam şəriətinə görə dörd şeyin yerinə yetirilməsi vacib hesab olunur – dünyasını dəyişəni qüsul etmək, kəfənləmək, cənazə namazını qılmaq və nəhayət, dəfn edib torpağa tapşırmaq.

Bunlar vacib ayinlərdir. Bundan o yana nə varsa, dinimizə görə, müstəhəb, yəni bəyənilən, xoş bir əməl kimi dəyərləndirilə bilər, yaxud bəyənilməyə bilər. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) öyrətdiyi kimi, birisi dünyasını dəyişdikdə, şəriət qaydalarımıza uyğun qeyd etdiyimiz ayinlər yerinə yetirildikdən sonra vəfat edəni tanıyanlar gəlib onun ailəsinə başsağlığı verər, dualar oxuyar, Allahdan-dindən söhbətlər edər, ailə üzvlərinə mənəvi dəstək olub, onlara təskinlik verərmişlər. Bu iş üç gün davam edərmiş.

Ailəyə itki üz verdiyindən və ailə üzvləri hüzn içində olduğundan peyğəmbərimiz (s) öyrətmişdir ki, yaxınlar, qonşular, qohumlar-dostlar bu üç günü hətta yemək bişirib, yas içində olan ailəyə gətirsinlər, onlara bu baxımdan da yardım etsinlər. Evə gəl-getlər olur, ailə üzvlərinə çətin olmasın deyə, bu kimi dəstək verilərdi.

Əfsuslar olsun ki, bu gün bunun tam əksinin şahidiyik. Bəzən elə bir vəziyyət yaranır ki, ailə üzvləri bilmirlər dünyasını dəyişənin fikrində olsunlar, yoxsa mərasimi necə yola verdiyinin dərdini çəksinlər. Bir çox yas məclisləri dediyimiz mahiyyətindən uzaqlaşıb, sadəcə bir yeyib-içmək məclisinə çevrilib. Hətta məclisdə dini məzmunlu söhbətlər, Quranın buyruqlarının açıqlanması kimi əhəmiyyətli məsələlər bir çox hallarda unudulur və sadəcə Quranın, yaxud bəzi duaların formal xarakterli oxunuşu ilə məhdudlaşdırılır.

Dinimizin tövsiyəsinə görə, bu məclislər elə keçirilməlidir ki, onun savabından həm dünyasını dəyişən üçün, həm hüzn içində olan ailə üçün, həm də bütün məclis iştirakçıları üçün faydası olsun. Məsələn, mərhum üçün edilən duaların, Allahdan onun bağışlanmasının istənilməsinin, yaxud övladlarının imkan daxilində, ehtiyaclılara ehsan verməsinin əlbəttə mərhum üçün də faydası və savab payı olar.

Və bu məclislərin mənəvi bir atmosferdə qeyd edilməsi, edilən söhbətlərlə həyatımızın mahiyyətinin açıqlanması, bu fani dünyada insanın ilahi vəzifələri, saleh əməllər, mənəvi saflıq, dünya həyatı ilə axirət həyatı arasında olan bağlılıq kimi gözəl söhbətlərdən məclisdəki hər kəs faydalana bilər...

- Yaxşı olmazmı ki, dünyasını dəyişən şəxsin yaxınları həmin şəxsin ruhunu şad etmək üçün uşaq evlərinəmi ya da imkansız insanlara yardım etsinlər?

- Əlbəttə, çox gözəl olardı. Əslində ehsanın mahiyyəti elə budur ki, Allah yolunda gözəl, faydalı işlər görəsən, məsələn, ehtiyaclılara yardım əlini uzadasan, çətinlikdə olana dəstək olasan.

Dünyasını dəyişənə savab töhfə etmək istəyənlər, xüsusilə mərhumun övladları ehsan vermək istəyirlərsə, məsələn, ehsan süfrəsi açmaq istəyirlərsə, bunu imkansızlara, kimsəsiz uşaqlara, yetimlərə, baxımsız qocalara, çətinlik içində olan ailələrə etsinlər. Bunun olduqca böyük savabı olar.

Ümumiyyətlə, yardım elə imkansıza edilər! Məqsədimiz ehsandan savab qazanmaqdırsa, mərhumun ruhunu şad etməkdirsə, ona fayda verməkdirsə, bunu heç kəs bilmədən belə, məsələn, uşaq evlərindəki ehtiyaclı məsum körpələrə, yaxud imkansızlıqdan əziyyət çəkən ailələrə etməklə qazanmaq olar. Allah bildi, bu yetər! Biz ehsanımızı riya üçün deyil, o-bu görsün deyə deyil, Allah üçün edək – ehtiyacı olanlara ünvanlayaq, inanın ki, bunun həm dünya, həm də axirət faydasının mütləq şahidi olacağıq.

- Son zamanlar yas mərasimlərində israfçılıq baş alıb gedir. Konkret olaraq israfçılığın qarşısını almaq üçün sizin rəhbəri olduğunuz QHT hansı təkliflərlə çıxış edərdi?..

- İsrafçılıq yarışı gedir, sanki. Belə hesab edirik ki, ən gözəl, məqsədəuyğun, optimal məclis o olardı ki, orada təmtəraq deyil, süfrənin üstündəki çeşidli yeməklər, bahalı çadırlar, yaxud zallar deyil, sadə, hamının imkanı çatacaq bir şəraitdə mənəvi atmosfer hakim olsun.

Yəni bu, bir mənəviyyat məclisi olsun. Qonaqlara çay süfrəsi açıb, məsələn, Allahın gözəl nemətləri olan qənd, xurma, halva ilə ehsan vermək, zənnimcə, kifayət edər. Buna hamının imkanı çatar, heç kəs özünü çətinliyə salmaz, heç kəs məclisi necə yola verəcəyi ilə əndişələnməz, fikir çəkməz, borca-xərcə düşməz. Axı yas məclisi əslində yaxınını itirmiş ailə üçün bir təskinlik, dəstək məclisi olmalıdır! Bunu hər zaman nəzərə alaq.

Qətiyyən israfçılığa yol vermək, onsuz da hüzn içində olan ailəni yeni problemlə üz-üzə qoymaq olmaz. İmkanı olan üçün də, bu yolla öz imkanlılığını nümayiş etdirmək olmaz. Hər bir halda israfçılıq dinimizə görə haramdır. İmkanın var, mərhumun ruhunun şad olması üçün böyük ehsan süfrəsi açmaq istəyirsən, buyur, bunu ehtiyaclı ailələr üçün et – gözəl yeməklərlə, meyvələrlə və s. Savabını Allah verəcək.

Hətta mütləq deyil ki, ehsan anlayışını yalnız süfrə ilə məhdudlaşdıraq – xəstələrin müalicəsinə, yetimlərin təhsilinə, kimsəsizlərin geyim-kecimlə təmin edilməsinə verilən dəstək də elə ehsandır.

- Bu israfçılığın qarşısını almaq üçün ictimai qınaq nə dərəcədə önəmlidir?

- Çox önəmlidir. Yəni bu işlər əslində hər ailənin, hər fərdin öz işidir, bunu inzibati qaydalarla tənzimləmək mümkünsüzdür. Amma ictimai qınaq öz müsbət bəhrəsini verə bilər.

Və əlbəttə, maarifçilik işlərinin aparılması, təbliğat. Xüsusilə, din alimləri, mütəxəssislər, ilahiyyatçılar, ələlxüsus də Qafqaz Müsəlmanlar İdarəsi bu sahədə geniş maarifçilik işi aparmalıdırlar. Dinimizin gözəl tövsiyələrini, insanları bu israfçılıqdan, çətinlikdən qurtara biləcək effektiv təlimatlarını mütləq cəmiyyətdə təbliğ etməlidirlər.

Sözügedən məsələ əslində ictimaiyyəti qayğılandırmalı bir problemdir. Belə ki, cəmiyyətin ayrıca bir hissəsinə deyil, bütövlükdə cəmiyyətə aid problemdir – hər bir insan fanidir, bir gün dünyaya gələn, bir gün də dünyasını dəyişir. Yəni bu, hər bir ailəni düşündürəcək bir məsələdir.

KİV-lərin bu təbliğatda, bu maarifçilik işində, ictimai qınaq baxımından olduqca böyük rolu var. KİV-lər bu işdə aktiv olmalı, öz üzərinə düşən məsuliyyəti hiss etməlidir.

Oktay Hacımusalı
Gün.Az

Thursday, February 10, 2011

PORTRET YAZILARIMDAN


HƏYATINI HEKAYƏLƏRİ KİMİ YAŞAYAN BİR YAZAR: SADİQ HİDAYƏT

 

BAŞLAYARKƏN

 

“Həyatımda əhəmiyyətli heç nə yoxdur. Maraqlı hadisələr yaşamamışam. Nə yüksək vəzifə sahibiyəm, nə də ciddi qəbul olunan bir diplomum var. Məktəbdə heç bir zaman nümunəvi bir şagird ola bilmədim; müvəffəqiyyətsizliklər hər yerdə izlədi məni. Harada işləyirəmsə işləyim adi, unudulmuş bir məmur oldum; müdirlərim məndən razı qalmadı. İstefa verəndə sevinirdilər. Qoy getsin, yaramaz! Ətrafım belə görürdü məni; haqlı idilər bəlkə də...” 

Bu sözlər, İran Ədəbiyyatının müasir dünyaya açılan üzü Sadiq Hidayətin, ölümündən bir neçə il əvvəl söylədiyi cümlələrdir... Hidayət, ölümündən yarım əsr keçməsinə baxmayaraq özündən geriyə qoyub getdiyi əsərləri ilə hələ ədəbi varlığını davam etdirməkdədir. Səfalət və böhranlarla keçən qısa ömründə, ölkəsində və dünyada ciddi mənada inqilab sayıla biləcək əsərlər qələmə almış bir yazar olan Sadiq Hidayətin ədəbi şəxsiyyətinə və İran Ədəbiyyatına qazandırdıqlarına keçməmişdən əvvəl, ən az hekayələri qədər qəmli və ibrət verici olan həyatına toxunmaq istəyirəm:

 HƏYATI

 Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903 – cü ildə Tehranda dünyaya gözlərini açır. Ibtidai təhsilini Tehranda Mədrəsəyi - Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925 – ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədi ilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədi ilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. Ilk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930 – cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır. Bu vaxt yoldaşları Bozorg Alevi, Məsud Fərzad və Müctəba Minovi ilə birlikdə “Dördlər” qrupunu yaradır. Bir çox iş və təşkilat dəyişdirən Hidayət, İran Şahı Rıza Şahın təzyiqlərinə dözə bilməyərək nəhayət Hindistana üz tutur. Hindistanda Pəhləvi farscasını öyrənməyə başlayır. İlk romanı Kor Bayquş”u da elə Hindistanda nəşr etdirir. Təkrar Tehrana dönən Hidayət Dövlət Musiqi İdarəsində işləməyə başlayır. 1948 – ci ildə Özbəkistan Orta Asiya Dövlət Universitetinin dəvəti ilə Daşkəndə gedir. 1950 – ci ildə təkrar Parisə qayıdan Hidayət, keçirdiyi mənəvi böhranlar nəticəsində yaşadığı evdə, 9 Aprel 1951 – ci il tarixində özünü qazla boğaraq intihar edir və Parisdə torpağa tapşırılır.

Ən yaxın dostu Bozorq Aləvi, Hidayətin ölümünü belə xatırlayır: “Parisdə günlərlə qazla istilənən  bir mənzil axtardı. Nəhayət Çempionet prospektində axtardığı mənzili tapdı. 9 Aprel 1951 – ci ildə yaşadığı evdən çıxmadı və bütün pəncərələrı bağladıqdan sonra qaz kranını açdı. Sabahısı gün ziyarətinə gələn bir dostu, onu mətbəxdə yerdə yatarkən tapdı. Tərtəmiz geyinmiş, təraş olmuşdu və cibində xeyli pulu vardı. Yandırılmış əsərlərinin külləri isə yerə səpələnmişdi.”

 HİDAYƏTIN ƏDƏBİ ŞƏXSİYYƏTİ VƏ İRAN ƏDƏBİYYATINA GƏTİRDİYİ YENİLİKLƏR 

 Sadiq Hidayət, Məhəmməd Əli Camalzadə ilə birlikdə müasir İran nəsrinin qurucularından sayılmaqdadır. Əsərlərində sadə ifadə vasitələrindən və xalq dilindən istifadə edən Hidayətin xarakterləri də sıravi və əksəriyyət etibarı ilə əzilmiş, aşağılanmış və cahil qalmış xalq kütlələri təşkil etməkdədir. Realist təsvir vasitələrindən istifadə edən Sadiq Hidayətin əsərlərində Modernizmin də ciddi təsiri özünü göstərməkdədir. Hətta İranın sürgündə yaşayan yazar, filosof və tənqidçilərindən olan Rıza Bərahəndi, Hidayəti realist, müasir və eyni zamanda post-müasir bir yazar kimi səciyyələndirir. Bunu Hidayətin İrandakı sinfi qarşıdurmalardan uzaq qalması ilə açıqlayan Bərahəndi, Hidayətin özləri üçün ustad və hələ tam anlaşılmayan bir yazar olduğunu təkrarlayır. Fransız tənqidçisi Andre Russeu da Hidayətin əsrimizin ədəbiyyat tarixində önəmli bir yerə sahib olduğunu vurğulayır. 

Hekayələrindəki xarakterlərin yaşayan dünyadan olmasına diqqət göstərən Hidayət içində yaşadığı çağın və cəmiyyətin problemlərindən də əsla yan keçməmişdir. Əsərlərində qüvvətli bir trans halı sezilsə də şüurunu əsla özündən kənarlaşdırmamış və hekayələrini bir memar həssaslığı ilə inşa etməyi qarşısına məqsəd qoymuşdur. Bu baxımdan onun qələmə aldığı əsərlərdə ironiya, tənqid və satira özünü tez – tez göstərməkdədir. Təsvir gücü xeyli yüksək olan Hidayətin əsərlərində, bəzən siz onun realizmin sərhədlərinin aşıb keçməyə çalışdığını və naturalizmə yönəldiyini hiss edəcəksiniz. Belə ki, bəzi cinayət, xəstəlik və ölüm təsvirləri Emile Zoleni kölgədə buraxacaq çılpaqlıqdadır. Mübaliğə, söz sənətləri və bəzəmələrlə dolu minillik İran ədəbiyyatını göz önündə bulundursaq, bu vəziyyətin nə qədər yeni, təhrikedici və sərhədləri aşıb keçməyə iddialı olduğunu təxmin etmək çətin olmaz.

Hər nə qədər Qərb ədəbiyyatına yaxın olduğu və hekayə texnikasında Qərbin ədəbiyyat axınlarını təqlid etdiyi müşahidə edilsə də, Hidayətin öz ənənəvi qaynaqlarından üz çevirdiyini heç kim iddia edilə bilməz. Bir müddət Hindistana gedib burada Pəhləvi farscasını öyrənməsi və bu dildən müasir farscaya tərcümələr etməsi də Hidayətin ənənəvi mədəniyyətinə bağlılığını göstərir. Yeri gəldikcə ənənəvi istinadlardan faydalanan Hidayətə ən çox təsir edən və əsərlərinin içinə kimi girən İranlı filosof, şair Ömər Xəyyam olmuşdur. Bir çox hekayəsində Xəyyamın rübailərinə yer verən və ya birbaşa onun əsərlərinə istinad edən Hidayət, Təraneyi – Xəyyam” (“Xəyyamın Təranələri”) adlı kitabı və bu kitaba yazdığı ön sözü ilə Xəyyama olan heyranlığını göstərmiş və haqqında yeni şərhlər ortaya qoymuşdur.

Əxlaqi dərslər və nəsihət verməkdən bacardıqca qaçmağa çalışan Hidayətdə yenə də uşaq nağıllarına yaxın növdə öyüd verici hekayələrə rast gəlmək mümkündür. Xüsusilə “Gümrah be-Gur”(“Diri – diri basdırılan”) kitabında yer alan Abi - həyat (“Həyat suyu”) hekayəsini nağıl şəklində söyləyən Hidayət, bir-birinə zidd xarakterli üç qardaşın hekayəsini nəql edir. Bunlardan Keçəl Hüseyni və Donqar Həsəni işi sevməyən tənbəl yaradılışlı və pisliyə meylli xarakterlərdir. Kiçik qardaş olan Əhmədcik isə çalışqan, yaxşı ürəkli, qızıl və sirrdə gözü olmayan əxlaqlı bir gəncdir. Yolları bir nöqtədən sonra ayrılan qardaşlardan Keçəl Hüseyni və Donqar Həsəni iki ayrı ölkəyə gedər. Keçəl Hüseyni xaşxaş əkən və kar insanların yaşadığı Mahitab ölkəsinə padşah olarkən Donqar Həsəni xalqı korlardan ibarət olan Qızıl Saçan ölkəyə hökmran olar. Buralarda özlərini tanrılaşdıran Hüseyni və Haseni qardaşlar da bir müddət sonra kor və kar olarlar, lakin zövq və səfa içərisində yaşadıqlarından ötrü hallarından şikayət etməzlər. Bir müddət sonra Həyat suyunun tapıldığı Məxmər Çiçəyi ölkəsində yaşamağa başlayan Əhmədcik böyük qardaşlarının korlar və karlar ölkəsində padişah olduqlarını öyrənir. Korluğun və karlığın ancaq Məxmər Çiçəyi ölkəsində olan həyat suyu ilə keçdiyini öyrənən Əhmədcik, böyük qardaşlarını və bu ölkələrin insanlarını korluqdan və karlıqdan qurtarmaq üçün Həyat Suyunu bu ölkələrə aparmaq istəyir. Ancaq, böyük qardaşları ilə müharibə etmək məcburiyyətində qalan Əhmədcik uzun sürən döyüşlərdən sonra qalib gəlir. Məxmər Çiçəyi ölkəsinə ordu göndərən Qızıl Saçan ölkə və Mahitab ölkəsinin əsgərləri Məxmər Çiçəyi ölkəsində həyat suyunu içir və burda gözləri və qulaqları açılır. Məxmər Çiçəyi ölkəsi xalqı ilə dost olurlar və onları yuxuya verən krallarına üsyan edərək onlara dərsini verirlər. Beləcə hər üç ölkənin xalqı da sülh içində yaşamağa başlayırlar.

“Biri var imiş, bir yox imiş”lə başlayan və “Göydən üç alma düşdü” ilə bitən bu kiçik nağılvari hekayədə Sadiq Hidayət çox dərin və təəccüblü ironiyalara və sətiraltı mənalara yer verir. Nağıldakı iki pis xarakterin adlarının Həsəni və Hüseyni olması, getdikləri ölkələrdə peyğəmbər və ya tanrı qəbul edilmələri və vəzlər verərək xalqı aldatmaları, Hidayətin dini nüfuza qarşı göstərdiyi dəqiq mövqeni əks etdirməsi baxımından maraqlıdır. Buna baxmayaraq Sadiq Hidayətin hekayəsində Qurani – Kərimdəki Yusif Peyğəmbərin qissəsindən istifadə etməsi də diqqət çəkici bir vəziyyətdir.

Sadiq Hidayətin həyat fəlsəfəsini meydana gətirən və heç bir zaman ağlından çıxarmadığı intihar mövzusuna bir çox hekayəsində rast gəlmək mümkündür. Xüsusilə “Sə qatara xun” (Üç damcı qan”) adlı kitabında yer alan on bir hekayənin yeddisi intiharla nəticələnir. Hətta “Sayə-ruşen” (“Alatoranlıq”) kitabının ilk hekayəsi olan “S.G.L.L.” də qurduğu elmi fantastik dünyada, insanlığın maddi rifaha qovuşmasına baxmayaraq xoşbəxtliyi əldə edə bilməməsinə və bunun nəticəsində toplu bir şəkildə intihara yönəlmələrinə diqqətləri cəlb edir.

S. Hidayət hekayəsində gələcək dünyanı, müasirləşmənin həddini, son halını təsvir etməyə çalışmaqdadır. Mənə görə bu hekayəsi, Hidayətin postmodernistliyini də göstərməkdədir. Dinin və ənənələrin yer üzündə unudulduğu, maddi rəfahın səviyyəsinin ən üst səviyyəyə çatdığı bir gələcək yaradan Hidayət, qəhrəmanlarına həyat, ölüm və ölüm sonrası həyat haqqında dərin və fəlsəfi dialoqlar hazırlayır və müasirləşmənin sərhədlərini göstərməyə səy edir.

DÜNYA HƏMIŞƏ ONUN QƏLBINƏ TOXUNUB

Sadiq Hidayət, İran – Avropa - Hindistan üçbucağında keçən bir ömür yaşadı. Onu oxuduqca, çətinliyə düşənlər üçün kədərlənən, fədakarlığa, gözəlliyə düşkün bir yazıçı ilə tanış oluruq

İyirmi beş yaşında Parisdəki Marne Çayına tullandı, körpünün altında sevişən cütlük onu gördü və xilas etdi. Aradan iyirmi üç il keçdi... “Parisdə günlərlə qazla istilənən  bir mənzil axtardı. Nəhayət Çempionet prospektində axtardığı mənzili tapdı. 9 Aprel 1951 – ci ildə yaşadığı evdən çıxmadı və bütün pəncərələrı bağladıqdan sonra qaz kranını açdı. Sabahısı gün ziyarətinə gələn bir dostu, onu mətbəxdə yerdə yatarkən tapdı. Tərtəmiz geyinmiş, təraş olmuşdu və cibində xeyli pulu vardı. Yandırılmış əsərlərinin külləri isə yerə səpələnmişdi.” Belə ölmüşdü müasir İran ədəbiyyatının qurucularından olan Sadiq Hidayət.

İRANA BƏNZƏYƏN BIR HƏYAT 

İran – Avropa - Hindistan üçbucağında keçmiş bir ömrün ən sakit sahibi Sadiq Hidayət, başlı - başına bir dünyadır. Ağacı, torpağı, daşı, havası olan bambaşqa bir dünya. Onu oxuduqca dünyanın pis gedişatını, insanların ziyan içində olmalarını görən bir yazıçı ilə üz – üzə gəlirsən. Qısacası Sadiq Hidayət o qədər həssas adam idi ki, dünya həmişə onun qəlbinə toxunub.

PORTRET YAZILARIMDAN


ÖZÜNDƏN BAŞQASI DEYİL O...

 Bu dünyaya aid olmayan bir sakitliyin çökdüyü kişilərin oturduğu zallara adətən dodaqları möhürləyirmişcəsinə yayılan... açılmış rəhməti gözləyən ovuclardan göy üzünə yüksələn... ölülərin arxasından bezmədən vida şərqiləri söyləyən... səsini gündə beş dəfə hamıya çatdıran... Hər təbəssümünün arxasında bir “siratül - müstəqim” gizlənən... anlamağı yox, inanmağı təlqin edən, suallardan, sual verənlərdən xoşu gəlməyən... kişini qadına, qadını kişiyə haram hesab edən, gülsuyu ətri ilə ətrafı məst edən “son elçi” bir dilin şairidir o.

Dildən dilə keçdikcə sözlərin sehrini itirdiyini söyləsə də, insan onu oxuyanda sözlərin hardasa ilişib qaldığını, dağılmadığını hiss etsə də, o, öz dərinliyini həmin an hiss etdirir. Anlayır oxucu dərhal onun o “elçi dildə” nələr demək istədiyini... “Yol bir qadındır” çünki onun şeirlərində, “ruh örtülü bir qadın”... Və “qadın bir xəyaldır”, “payızın cəsədini” daşıyan... Küləklər isə “dişi bir şeytan”... Onun misralarında “Fərat coşur, qış tutuşur”, “şərab fəryada çevrilir”, “Gecələr hamilədir”, “Məzarlar göylərə yüksəlir”, “Tanrı andları geyinir əyninə”, “Ölüm əlləri olmayan cəlladlardan gələn bir şöləndir”... Sözlər isə... “sözlər bir cəsəddir”... “Evlərin qapısını zülüm örtür”... İçəridə “hərflərdən səccadələr” və “hənəfilər və kafirlər”... Bax, elə bu cür... “həyat yavaş – yavaş köçür”... Özünün dediyi kimi “kəhanət bağçasında bir şərqli çiçəkdir” o...

Onu köçə hazırlayan hadisələr ilmə - ilmə bir – birinə bağlanmağa başlayanda o, cəmi on dörd yaşında idi. Əlləri dizlərində, balaca başı önə doğru əyilmiş vəziyyətdə Qurani – Kərimi xətm etməsindən cəmi iki il ötürdü. Atasının “qədim ətirlərlə dolu” şeir kitabları ilə zəngin kitabxanasında saralmış kitablardan saatlarla şeir oxuyar, vaxtını şairlərlə keçirərdi.

Suriyanın müstəqilliyini yenicə əldə etdiyi həmin vaxtlarda bir həyəcan var idi Lazkiyədə. Ölkə prezidenti Şükrü Əl Qüvvəti təşrif buyuracaqdı şəhərə. Bayram keçiriləcəkdi şəhərdə. Doğulduğu gündən etibarən çox az kənara çıxdığı evlərində oturub ölkəsinin müstəqilliyini əldə etməsini tərənnüm edən bir şeir yazdı.

Və gözlədiyi gün gəlib çatdı. Prezident artıq onların şəhərinə təşrif buyurmuşdu. Xalqı salamlamışdı. Rəsmi tədbirlərdən sonra növbə gəlib şənliklərə çatmışdı. Əli Əhməd yazdığı şeiri Əl Qüvvətinin qarşısında oxumaq istəyirdi. Atası bunu “öz yerini bilməmək” kimi qəbul edib etiraz etsə də, oğlunun istəyinə qarşı çıxa bilmədi. Amma şeiri oxuyub kürsüdən enəndə rahat bir nəfəs aldı. Qəzəblənmədi Əl Qüvvəti. Əksinə, oturduğu yerdən qalxaraq gəlib onu qucaqladı, gülümsəyərək alnından öpdü. Arxasınca Əl Əhməddən nəsə bir arzusunun olub olmadığını soruşdu. Əli Əhməd “oxumaq istəyirəm” – deyə cavab verdi bu suala.

Qurani – Kərimi bir neçə dəfə xətm etmək yerinə məktəbə getmək, “Müsəlman bir şiə” olmaqdan başqa daha nəsə olmaq istəyirdi o. Daha sonra narahatlıqla gözləməyə başladı. Görəsən prezident verdiyi sözü tutacaqdı? Oxumaq istəyi həyata keçəcəkdi? Digər uşaqlar kimi onun da çantası, qələmi, kitabı, dəftəri olacaqdı yəni? Bunları düşünmək belə onu həyəcanlandırırdı. Partada oturub dərs çalışa biləcəkdi? Yoxsa bütün bu arzular bir xəyal kimi sönüb gedəcəkdi?

Yox... Sönüb gedəsi xəyallar deyildi bütün bunlar. Belə ki, bir neçə ay sonra bir məktub gəldi prezidentdən. Həyəcandan əlləri titrəyə - titrəyə zərfi çatdı. Bir neçə cümlədən ibarət olan məktubda Dəməşqdəki Fransız Kollecinin Əli Əhmədi gözlədiyi yazılmışdı. Tartusa çatanda on iki illik məktəbi cəmi dörd ilə bitirəcəyini qətiyyən bilmirdi. Fransız Kollecini bitirdiyi il qəbul olunduğu Dəməşq Universitetində onu şeirlər yazacağı, ölkəni işğal etmiş fransız qüvvələrinə qarşı yaradılan tələbə təşkilatında keçirəcəyi hərəkətli bir dörd il gözləyirdi.

Ədəbiyyat və fəlsəfə təhsilini tamamladıqdan təxminən iki il sonra Livanlı ədəbiyyat tənqidçisi Xalidə Saleh ilə ailə qurdu. Ziyalı bir ailənin övladı olan xanımına adını Türkiyəli yazar Xalidə Ədib Adıvara heyranlıq duyan atası vermişdi.

Özü isə çoxdan Adonis təxəllüsü ilə şeirlər yazmağa başlamışdı artıq. Əsl adı olan Əli Əhməd Səid Əşbər adından istifadə etməməyinin səbəbi isə bu adın olduqca uzun olması idi. Təsir edici sayırdı Adonis adını. Yunan mifologiyasının Adonisinin varolma hekayəsi ona çox şey deyirdi...

Kral atası ilə sevişən və buna görə ona həyat verən kişi tərəfindən ölümə məhkum edilən, lakin Tanrıların yardımı ilə mərsin ağacına çevrilən Mirranın qabığından dünyaya gəlmişdi Adonis. Gözəlliyə aşiq olan Afrodita ilə onu gizlətsin deyə əmanət edildiyi Feresfon tərəfindən paylaşılması mümkün olmayanda qısqanc Artemisin üstünə qısqırtdığı çöl donuzunun buynuzu ilə yaralanmışdı və son nəfəsini verəndə yaralarından axan qanından güllər açılmışdı. Doğuluşun və ölümün simvolu idi “Adonis” adı onun fikrinə görə. Var olmaq idi, yeniləşmək idi... Bax, buna görə də o, artıq Adonis idi.

Ancaq ilk şeir kitabı olan “İlk şeirlər”i bütün azadlıqların qara tüllərlə örtüldüyü öz ölkəsi Suriyada yox, irqlərin, səslərin, tanrıların iç – içə yaşadığı, mədəniyyətlərin beşiyi Livanda nəşr etməyi qərara aldı. Daha sonrakı il bu kitabın davamı sayılan “Küləkdəki yarpaqlar” kitabı nəşr olundu. Fikirlərinin, sözlərinin azad ola bildiyi yerlərdə yaşamaq arzusu ilə çırpındığı həmin illərdə Paris səyahətindən qayıdan kimi radikal bir qərarla Suriya vətəndaşlığından çıxdı. Otuz yaşı var idi və o, artıq Livan vətəndaşı idi...

Vaxt itirmədən o, Livanlı şair Yusif Əl Hal ilə birlikdə ərəb şeirini bütün düyaya təqdim etməyi qarşısına məqsəd kimi qoyan “Şeir” dərgisini təsis etdi. Ən məhsuldar olduğu bu illərdə o, dalbadal kitablar yazdı.

Amma Livana da sığmadı qoca Adonis... Ən azad yerdə yaşasa da, Orta Şərqin bir sənətçi üçün ağır olan havasından tez sıxıldı. Paytaxt Beyrutda başlayan vətəndaş müharibəsi onu daha da narahat etməyə başlamışdı. Yaşamalı olduğu yerə Parisə köçdü.

Artıq düşüncələrini budamağa, budamadığı hallarda isə başına gələcəklərdən özünü sığortalamağa məcbur deyildi. O, bir şair idi və bundan belə başqa heç nə düşünməyəcək, ancaq şeir yazacaqdı. Düşünməyəcəkdi hardan gəlib hara getdiyini. Doğulan kimi qulağına pıçıldanan o dildə özünü ifadə etməyə çalışacaqdı. Əslən Suriyalı, yer üzündə varlığını təsdiqləyən dördbucaqlı kağızda Livanlı, əsl həyatda isə o, bir Parisli idi. Amma özünü bu şəkildə tərif etməyi həmişə rədd edəcəkdi. Heç kim tərəfindən qurulmayan, heç kimdən ona miras qalmayan bir ölkənin vətəndaşı olduğunu söyləyəcəkdi o. “Şərqin və Qərbin olmadığı bir dünyanın” içinə yerləşdirmişdi o, mənliyini. Bir “dil ölkəsi”nin oğlu idi... Dünya bir idi, şərq – qərb ayrılığı deyə bir məqam yox idi. Bunlar siyasətçilərin icad etdiyi qavramlar idi... Hansı siyasi axımın fikirlərini mənimsədiyini soruşanda o, heç bir ideologiyaya aid olmadığını, bir az da anti – ideoloq olduğunu iddia edirdi.

“Özümdən başqa heç kimi təmsil etmirəm - deyirdi – Mən özümdən başqası deyiləm...”

Əlbəttə, bir İslam ölkəsində dünyaya gəldiyi üçün, ilkin təhsilini din alimlərindən aldığı üçün jurnalistlərin tez – tez İslamla bağlı suallarıyla qarşılaşırdı. Amma yolaverdi cavablarla heç kimi üzmək istəmirdi. Çünki anti – ideolojik olduğunu iddia etsə də, qətiyyən siyasətdən uzaqda deyildi Adonis. Məsələn mövzu Səddam Hüseynə gələndə Səddam Hüseyn rejiminə qarşı olduğunu, amma bir rejimin bombalanaraq yox edilməyəcəyini bildirmişdi. Islamiyyətin 1600 ildir içində yaşadığı sistemin bu günkü problemlərə cavab verə bilmədiyini, həmin sistemdən çıxa bilmədiyi müddət boyunca həmişə tənqid ediləcəyini ifadə edirdi rahatlıqla.

Ancaq problem bu idi ki, heç bir ərəb yazarı ya da tənqidçisi bu mövzular barəsində fikir bildirmək belə istəmirdi. 1968 – ci ildən bəri nəşr elətdirdiyi “Maavəqf” dərgisində ərəb mühitində qadının həyatı barəsində özəl sayı hazırlamaq istədiyi zaman sərt tənqidlərlə üz – üzə qalmışdı. Və bütün bunlardan narahat olurdu Adonis. “Maavəqf” dərgisini bağlamaq həddinə də gəlib çıxmışdı hətta...

Amma öz ölkəsində kimlərsə onun bu sözlərindən narahat olurdu. Tanrının mələklərinin Həzrəti Məhəmməd peyğəmbərə göndərdiyi vəhyləri sorğulamaq bir şairin, üstəlik öz ölkəsini tərk etmiş bir şairin işi ola bilməzdi. Cihad elan olunan bir ölkə ilə danışıqlar masası arxasında oturmağı təklif etmək isə ümumiyyətlə qəbul ediləcək bir hal deyildi. Və Danimarkada baş verən, müsəlmanların qəzəbinə səbəb olan karikatura söhbətində onun “Təkcə karikatura çəkməsəniz, hətta oturub bütün günü Allahı söysəniz də əlinizə heç nə keçməyəcək. Həzrəti Məhəmməd bu karikaturaya layiq olan bir insan deyil.” – deməsi onun barəsində olan fikirləri qətiyyən dəyişdirmədi. Əvvəlcə heç tərk etmədiyi ərəb dili özündən uzaqlaşdırdı onu, əsərləri ərəb dilində nəşr olunmadı, xaricdə nəşr olunan əsərlərinə isə qadağa qoyuldu. Sonra İsraillə sülh danışıqları aparılması barəsində etdiyi təklifə görə Suriya Yazarlar Birliyindən xaric edildi. Ərəb divan şeirini üç cilddə toplaması, “Dünənin kitabı, bu günün məkanı” kitabı ilə ərəb siyasi tarixini, ədəbiyyatını və şeirini yenə üç cilddə bir araya gətirməsi də təqdirə şayan olmadı.

Əslində onu “Mən məni sürgün edən bir dildə yazıram.” – deməyə vadar edən də elə bu xaric olunmaqları idi. Adonis bu gün 80 yaşındadır. Soyadını verdiyi və “rəhbəri” olduğunu söylədiyi xanımı Xalidə Səid ilə bərabər Parisdə yaşamağa davam edir. Yazır, yaradır... Dünyanın demək olar ki, hər yerindən ona gələn təkliflərə “yox” – demir. Əgər söhbət ədəbiyyatdan gedirsə. Həmişə olduğu kimi o, yenə də şeir üçün yazır.   

Saturday, February 5, 2011

ÇAĞDAŞ GÜNEY AFRIKA ŞEIRINDƏN SEÇMƏLƏR











KAREN PRESS

YUPYUMŞAQ

üstündə bir yay yatağının yupmşaq, Lənquedokda

əfqan həbsхanasında bir kişi şəkil çəkdirir mənimlə

хəyal edir qardaşını qar yığını arasından

(qəssab, tütün mağazası, çörək təndirləri, sınıq pəncərə şüşələri)

anasının cehizi olan palazın altındakı bir qutuda

bir aylıq güllə ehtiyatını inamla gizlətdiyini

bizim kəndə çoх oхşayan bir kəndə tərəf addımladığını

Açan kimi Brus Katvinin həyat səhifələrini

Хatırlayıram Nyu Yorkun cənub küçələrində sınmış

Dəmir borulardan parçalanaraq düşməyini kül meyidlərin.

Ingiltərədəki bir divarın ağlığına baхmayaraq

hələ də asılır rəngbərəng binalarda Peru birçəkləri,

qardakı adam bir adım da atır irəli,

mavi rəngli çadrasının içində bir qadın

məktub yazır həbsdəki ərinə qələmsiz, kağızsız.

Birlikdə gəlin açaq səhifələri indi bir yerdə, haydı.

Bənövşə, kül, qara saqqalın üstündəki qar izləri.

MIŞEL KOP

KAMAN USTASI

Co Finkl, qəsəbədəki sonuncu anarхist kimi təqdim edir özünü.

Əlli ildən yuхarıdır burda, kaman düzəldir,

elə burda (müharibədən başqa hər gün) həftənin altı günü,

bəzən də yeddi. “Dinlə işim yoхdur.

Istəsəm işləyirəm, istəməsəsm yoх. Belə keçir vaхtımın çoхu.

Bilirsiniz də onları necə sevirəm,

körpələrimi, həəəə.” Qıyıqların, alətlərin,

quruyub atılan boş yapışqan qablarının, yağlı əskilərin

arasından uzadır bir ağaç qəlibinə

bir azdan o ağac gözəl bir kamana çevriləcək.

Tutur qəlibi qulaqlarına, tıq – tıq vurur

üstündə ağ tüklərin göründüyü

barmağını büküb. “Dinləyin diqqətlə.

Şərqi oхuyacaq. Eşidə bilərsiniz siz də. Dinləyin.”

“Çoх adam diqqət etmir - deyir,

- bilirsiniz niyə? Fikir vermirlər çünki.

Özünüzü ələ alın: Irq ayrımı, yoхsulları

soyan varlılar, yoхsullar, bir birlərini soyurlar.

Bilirəm, bəziləri onlara görə vuruşur, yoхsulların

bir neçəsi də vuruşur, əfsus ki kifayət deyil,

bütün insanlar lazımi diqqəti göstərməlidir

öz tərəfində olmağa. Ispaniyada vuruşdum,

Hitlerə qarşı, Afrikada.

Savaşmaqdan yoruldum sonra.

Savaşın ürəyi yoхdur. Musiqi daha gözəldir.”

Keçirir çənəsinin altına qəlibi,

bir nəğmə mızıldayır, yay kimi oynadır sol əlini.

“Pulsuz, parasız, ölkəsiz yaşamaq olar.”

sonra tüpürür qabların içinə,

“yaşamaq olar хaхamsız, keşişsiz.”

vurur yavaşca əliylə ürəyinə,

düşür əlindən yerə qəlib, fikir də vermir,

toхunanda köksünə: “amma bu ürəksiz

heç kimik biz, heç kimik biz” - deyir.


KELVIN SOLE

EŞQI DAYANDIRANDA BIZ

Eşqi dayandıranda biz pəncərəmiz

icazə verir, çılpaq, sivri uclu, daş binaların,

təpəmizdəki qorхunc mənzərəsinə. Retroqrad Orion

qərbə doğru itirir gücünü

fırlanır çarх, çarх fırlanır –

kimyəvi maddələrin

inadkar iyləriylə dolu

laхtalanmış bir göy üzü

asılıb başımızın üstündəki bir mismardan.

Çevirirsən

üzünü məndən

boğazımda şüşə parçaları,

şüaları vücudumda parıldayan

ay işığı inancıyla suçlanmışam.

Batan bir ay kimi get gedə

genişləyir yançaqlarının yumruluğu.

Içində sənin, bizim bilmədiyimiz

atomlar başlıyır parçalanmaya.

Tüklərim ürpəşir; qoyuram

incə-sümüklü bir əli rahatlığı

aхtaran əllərinə. De görək

biz, indi biz,

başqalarından fərqli

ölümümü arzulayırıq ?

Necə aşiq olmuşam sənə?

Qoy deyim, göstərim yollarını -

ətlərinin altındakı oyuqlarda

qabarır qan dənizləri, zərif inci

dənələri kimi saçılır zərrələrin,

sümüklərin dayana bilmir yerində

yeriyəndə sən

balaca bir hüceyrə, eşqimizdən

düzəldilən gələcək, lazım olmasa da

açılır balıqağzı kimi

gülmək üçün mənə.


ROBERT BEROLD

ÇUANQ TSU ILƏ BAĞLI DƏRIN DÜŞÜNCƏLƏR

1.

Aхşam. Samandan damı günbatımının.

Vest ənd rekord bardan –

eşidilən türkülər. Qupquru külək

üst – üstə düşür səslərlə. Dlamini,

dəli kimi görünür, hayqırır

qulağının dibində.

Malavidən gələn Voşmenlər addımlayırlar yıхıla - yıхıla

neon işıqlar cəhənnəminə.

Soveto, kölgəsi Coburqun, yatır –

divarlar ipincə, inanmaq olmur

qonşuya. Inanma

tariхə də.

Çuanq Tsu, çoх qədim zamanlarda

insanlar yaхşılıq etmədən də хoşbəхt idilər,

kömək eləyərdilər qonşularını sevmədən,

böyük iş, kiçik iş ayırmazdılar

tariхləri də yoх idi buna görə. deyə yazmışdı.

Son qatar yaхınlaşır yavaş - yavaş.

son külək çevirir aydınlığı.

Yarpaqları rəngləndirən səhər,

Tərk edir işıltısını şamlara, parıldayır

bir anlığına tariхimiz üstündə bizim,

röyalarımıza sürgün atalarımızın.

2.

Keçən ilin yanvar ayı, bir bazar ertəsi.

Hamı çıхıb gedib çoхdan evinə

Tşayinqve avtobusu bomboş.

Qızılı işıqlar içərisində, mən və Volli

Daхili mənzərələr uğrunda məhv edirik bazar günümüzü.

Heç kim yoхdur yavaşca addımlayanlardan başqa

Görünən aydınlığa.

Çuanq Tsu, Mertonun tərcüməsində

Torun məqsədi balıq tutmaqdır:

balığı yaхalayan kimi yaddan çıхar tor.

Sözlərin məqsədi düşüncələri tutmaqdır:

düşüncələri yaхalayanda unuda bilərik sözləri.

Sözləri unudan adamla

qarşılaşmaq istəyərdim, - deyə yazmışdı.

Deyirəm bunu indi qucaqlaşanda Volliyə

Zəngli saatı qururam. Qayıdanda evə, çöl - çəmənlər

Payız səhərinin parıltısına bürünür.

Danışıram Çuanqla əsrlərin o biri tərəfindən –

Hamının öz düşüencəsindən əmin olduğu

bu çağın, bu dünyanın sizcə mənası nədir?

Cavab gəlmir. Bozaran aydınlıq içərisində

tutuşur çöllər tüklü bərəkətiylə,

öz – özünə hamı üçün.


MXOLISI NYEZVA

DƏYIŞƏN ŞEYLƏR

malope üçün

heç olmasa o vaхt belə olmayacaq

bambaşqa bir əzab olacaq

bir körpənin barmağını sorduğu andaki kimi.

bambaşqa bir təcrüə qazanılacaq

(Tanrının və tariхin istədiyi)

özümüzü itirmək məcburiyyətində qalmayacağıq

baş verən şeylərlə

eşidilməyən bir şərqi olacaq

tükləri par – par yanan bir quşun söylədiyi

bizim üçün elə olacaq, yaşlı bir qadının

boynunu əyib oturmağı kimi

хatirələrinin stulunda

daha təzə, daha sağlam olacaq

bizim üçün… ən azı ölüm kimi olmayacaq.

öldüyümüz ölüm kimi

həyatımızın hər anında

bambaşqa bir əzab olacaq

rahat oхunan bir şərqi kimi olacaq

laqeyd bir qəlbdən…

( bir şərəfi olacaq iflasımızın.)