Friday, July 22, 2011

Elşən Mustafaoğlu: “Yas mərasimlərində bəzən rəhmətə gedənin özü belə unudulur”


Gün.Az-ın “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Elşən Mustafaoğlu ilə müsahibəsi:

- İslamda yas mərasimlərinin tutduğu yeri necədir?

- Ümumiyyətlə, hər bir mədəniyyət üçün xeyir-şər məclislərinin yeri səciyyəvidir. Bu, ümumbəşəri bir hadisədir. Dünyasını dəyişən insan üçün əziz və yaxınını itirən ailə üzvləri, dostları, qohumları tərəfindən yas saxlanılması əslində insanın fitrətindən irəli gəlir və şübhəsiz ki, İslam da bunu qəbul edir.

Yəni yas mərasimi dünyasını dəyişən şəxsə görə duyulan üzüntünün, kədərin ifadə olunması, onu tanıyanların gəlib ailəsinə başsağlığı verməsi, bu çətin anlarda onlara mənəvi dəstək göstərməsi, bir araya gələrək mərhumun yad edilməsi, onun bağışlanması üçün dualar oxunması və sairdir.

Bütün bunların əslində insanlar arasında ictimai münasibətlər baxımından olduqca böyük əhəmiyyəti var və dinimizə görə təqdirəlayiq hesab olunur.

- Bu gün Azərbaycanda yas mərasimlərinin keçirilməsi hansı səviyyədədir?

- Qeyd edək ki, yas mərasimlərinin keçirilməsi məzmun cəhətdən ümumbəşəri olsa da, forma cəhətdən, konkret olaraq, necə keçirilməsi baxımından hər bir xalqın, cəmiyyətin adət-ənənəsi ilə bağlı olan bir məsələdir. Ümumilikdə, digər mərasimlər kimi, onların formalaşması əsrlərin dərinliklərindən gəlir. Amma hər dövrə görə özünəməxsus çalarlar alır.

Azərbaycanımızda yas mərasimlərinə xüsusi önəm verilir. Hətta el içində deyirlər ki, xeyir işə getməmək bir o qədər də qəbahət sayılmaz, amma yasa getməmək olmaz. Hətta qədim dövrlərdən bir-birilə düşmənçiliyi olan ailələr belə ədavəti olan tərəfə gəlib başsağlığı verir, üstəlik bir çox hallarda yas mərasimlərində bu ədavətə son qoyulur, barışığa gəlinirdi.

Demək istəyirəm ki, əslində, yas mərasimlərinin milli mədəniyyətimizdə mənəvi yükü olduqca əhəmiyyətlidir. Onun formalaşmasında dinimizin də müstəsna rolu olub. Amma yas mərasimlərinin formal tərəfi son dövrlərdə bir qədər qeyd etdiyimiz mənəvi çalarları sanki üstələyib, bəzi hallarda hətta aşırı forma alıb.

Təmtəraqlı, olduqca bahalı, külli miqdarda pul bahasına keçirilən məclisləri nəzərdə tuturam. Bəzən hətta dünyasını dəyişənin özü unudulur, bəzi ailələr sanki kiminləsə bəhsə girirmiş kimi, mərasimi “adınalayiq”, daha təmtəraqlı qeyd etməyə çalışır və s.

Hətta buna imkanı olmayanlar belə, bəzən fakt qarşısında qalıb, borca girməli olur, çox böyük çətinliklər bahasına birtəhər məclisi yola verirlər. Zənnimcə, yas mərasiminin həqiqi mahiyyətinə kölgə salan belə hallar heç də xoş deyil.

- Ümumiyyətlə yas mərasimlərinin keçirilməsi dini baxımdan dünyasını dəyişən şəxsə nə verir? Din bu baxımdan hansı hökmləri verir?

- Əslində yas mərasimləri ilk növbədə, yaxınını itirmiş ailə üzvləri üçün bir mənəvi dəstək olmalıdır. Yeri düşmüşkən, burada qeyd etmək istərdim ki, insan vəfat etdikdə İslam şəriətinə görə dörd şeyin yerinə yetirilməsi vacib hesab olunur – dünyasını dəyişəni qüsul etmək, kəfənləmək, cənazə namazını qılmaq və nəhayət, dəfn edib torpağa tapşırmaq.

Bunlar vacib ayinlərdir. Bundan o yana nə varsa, dinimizə görə, müstəhəb, yəni bəyənilən, xoş bir əməl kimi dəyərləndirilə bilər, yaxud bəyənilməyə bilər. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) öyrətdiyi kimi, birisi dünyasını dəyişdikdə, şəriət qaydalarımıza uyğun qeyd etdiyimiz ayinlər yerinə yetirildikdən sonra vəfat edəni tanıyanlar gəlib onun ailəsinə başsağlığı verər, dualar oxuyar, Allahdan-dindən söhbətlər edər, ailə üzvlərinə mənəvi dəstək olub, onlara təskinlik verərmişlər. Bu iş üç gün davam edərmiş.

Ailəyə itki üz verdiyindən və ailə üzvləri hüzn içində olduğundan peyğəmbərimiz (s) öyrətmişdir ki, yaxınlar, qonşular, qohumlar-dostlar bu üç günü hətta yemək bişirib, yas içində olan ailəyə gətirsinlər, onlara bu baxımdan da yardım etsinlər. Evə gəl-getlər olur, ailə üzvlərinə çətin olmasın deyə, bu kimi dəstək verilərdi.

Əfsuslar olsun ki, bu gün bunun tam əksinin şahidiyik. Bəzən elə bir vəziyyət yaranır ki, ailə üzvləri bilmirlər dünyasını dəyişənin fikrində olsunlar, yoxsa mərasimi necə yola verdiyinin dərdini çəksinlər. Bir çox yas məclisləri dediyimiz mahiyyətindən uzaqlaşıb, sadəcə bir yeyib-içmək məclisinə çevrilib. Hətta məclisdə dini məzmunlu söhbətlər, Quranın buyruqlarının açıqlanması kimi əhəmiyyətli məsələlər bir çox hallarda unudulur və sadəcə Quranın, yaxud bəzi duaların formal xarakterli oxunuşu ilə məhdudlaşdırılır.

Dinimizin tövsiyəsinə görə, bu məclislər elə keçirilməlidir ki, onun savabından həm dünyasını dəyişən üçün, həm hüzn içində olan ailə üçün, həm də bütün məclis iştirakçıları üçün faydası olsun. Məsələn, mərhum üçün edilən duaların, Allahdan onun bağışlanmasının istənilməsinin, yaxud övladlarının imkan daxilində, ehtiyaclılara ehsan verməsinin əlbəttə mərhum üçün də faydası və savab payı olar.

Və bu məclislərin mənəvi bir atmosferdə qeyd edilməsi, edilən söhbətlərlə həyatımızın mahiyyətinin açıqlanması, bu fani dünyada insanın ilahi vəzifələri, saleh əməllər, mənəvi saflıq, dünya həyatı ilə axirət həyatı arasında olan bağlılıq kimi gözəl söhbətlərdən məclisdəki hər kəs faydalana bilər...

- Yaxşı olmazmı ki, dünyasını dəyişən şəxsin yaxınları həmin şəxsin ruhunu şad etmək üçün uşaq evlərinəmi ya da imkansız insanlara yardım etsinlər?

- Əlbəttə, çox gözəl olardı. Əslində ehsanın mahiyyəti elə budur ki, Allah yolunda gözəl, faydalı işlər görəsən, məsələn, ehtiyaclılara yardım əlini uzadasan, çətinlikdə olana dəstək olasan.

Dünyasını dəyişənə savab töhfə etmək istəyənlər, xüsusilə mərhumun övladları ehsan vermək istəyirlərsə, məsələn, ehsan süfrəsi açmaq istəyirlərsə, bunu imkansızlara, kimsəsiz uşaqlara, yetimlərə, baxımsız qocalara, çətinlik içində olan ailələrə etsinlər. Bunun olduqca böyük savabı olar.

Ümumiyyətlə, yardım elə imkansıza edilər! Məqsədimiz ehsandan savab qazanmaqdırsa, mərhumun ruhunu şad etməkdirsə, ona fayda verməkdirsə, bunu heç kəs bilmədən belə, məsələn, uşaq evlərindəki ehtiyaclı məsum körpələrə, yaxud imkansızlıqdan əziyyət çəkən ailələrə etməklə qazanmaq olar. Allah bildi, bu yetər! Biz ehsanımızı riya üçün deyil, o-bu görsün deyə deyil, Allah üçün edək – ehtiyacı olanlara ünvanlayaq, inanın ki, bunun həm dünya, həm də axirət faydasının mütləq şahidi olacağıq.

- Son zamanlar yas mərasimlərində israfçılıq baş alıb gedir. Konkret olaraq israfçılığın qarşısını almaq üçün sizin rəhbəri olduğunuz QHT hansı təkliflərlə çıxış edərdi?..

- İsrafçılıq yarışı gedir, sanki. Belə hesab edirik ki, ən gözəl, məqsədəuyğun, optimal məclis o olardı ki, orada təmtəraq deyil, süfrənin üstündəki çeşidli yeməklər, bahalı çadırlar, yaxud zallar deyil, sadə, hamının imkanı çatacaq bir şəraitdə mənəvi atmosfer hakim olsun.

Yəni bu, bir mənəviyyat məclisi olsun. Qonaqlara çay süfrəsi açıb, məsələn, Allahın gözəl nemətləri olan qənd, xurma, halva ilə ehsan vermək, zənnimcə, kifayət edər. Buna hamının imkanı çatar, heç kəs özünü çətinliyə salmaz, heç kəs məclisi necə yola verəcəyi ilə əndişələnməz, fikir çəkməz, borca-xərcə düşməz. Axı yas məclisi əslində yaxınını itirmiş ailə üçün bir təskinlik, dəstək məclisi olmalıdır! Bunu hər zaman nəzərə alaq.

Qətiyyən israfçılığa yol vermək, onsuz da hüzn içində olan ailəni yeni problemlə üz-üzə qoymaq olmaz. İmkanı olan üçün də, bu yolla öz imkanlılığını nümayiş etdirmək olmaz. Hər bir halda israfçılıq dinimizə görə haramdır. İmkanın var, mərhumun ruhunun şad olması üçün böyük ehsan süfrəsi açmaq istəyirsən, buyur, bunu ehtiyaclı ailələr üçün et – gözəl yeməklərlə, meyvələrlə və s. Savabını Allah verəcək.

Hətta mütləq deyil ki, ehsan anlayışını yalnız süfrə ilə məhdudlaşdıraq – xəstələrin müalicəsinə, yetimlərin təhsilinə, kimsəsizlərin geyim-kecimlə təmin edilməsinə verilən dəstək də elə ehsandır.

- Bu israfçılığın qarşısını almaq üçün ictimai qınaq nə dərəcədə önəmlidir?

- Çox önəmlidir. Yəni bu işlər əslində hər ailənin, hər fərdin öz işidir, bunu inzibati qaydalarla tənzimləmək mümkünsüzdür. Amma ictimai qınaq öz müsbət bəhrəsini verə bilər.

Və əlbəttə, maarifçilik işlərinin aparılması, təbliğat. Xüsusilə, din alimləri, mütəxəssislər, ilahiyyatçılar, ələlxüsus də Qafqaz Müsəlmanlar İdarəsi bu sahədə geniş maarifçilik işi aparmalıdırlar. Dinimizin gözəl tövsiyələrini, insanları bu israfçılıqdan, çətinlikdən qurtara biləcək effektiv təlimatlarını mütləq cəmiyyətdə təbliğ etməlidirlər.

Sözügedən məsələ əslində ictimaiyyəti qayğılandırmalı bir problemdir. Belə ki, cəmiyyətin ayrıca bir hissəsinə deyil, bütövlükdə cəmiyyətə aid problemdir – hər bir insan fanidir, bir gün dünyaya gələn, bir gün də dünyasını dəyişir. Yəni bu, hər bir ailəni düşündürəcək bir məsələdir.

KİV-lərin bu təbliğatda, bu maarifçilik işində, ictimai qınaq baxımından olduqca böyük rolu var. KİV-lər bu işdə aktiv olmalı, öz üzərinə düşən məsuliyyəti hiss etməlidir.

Oktay Hacımusalı
Gün.Az

No comments: