Sunday, July 24, 2011

“Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov"Din insan ruhunun qidasıdır"


Müsahibimiz “Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovdur



- Qısaca oxucularımıza özünüz və təşkilatınız haqqında məlumat verə bilərsinizmi?
- Sağlam İnkişaf və Maarifəndirmə ictimai birliyi 2003-cü ilin sentyabr ayinin 15-də bir qrup gənc tərəfindən yaradılıb. 20-ə qədər layihə 50-dən çox müxtəlif tədbirləri həyata keçirmişik. Üç dildə Qarabağ abidələri kitabını, Qarabağ yaddaş kitabını və 5 müxtəlif maarifləndirmə kitabçaları nəşr etdirmişik. Xarici dillərdə Qarabağa aid CD disklər təbliğat xarakterli müxtəlif divar kağızları hazırlamışıq. “Unutmayaq” kompaniyasının Respublikada keçirilməsinin müəllifi bizik. Əli bəy Hüseynzadə adına diplom təsis etmiş lakin hələ də müxtəlif səbəblərdən onu heç kimə təqdim etməmişik. www.karabakhmonuments.az və www.karabakhnature.az saytlarını da bizim birlik yaradıb. Gənclərin ilk tribunası olan Təməl jurnalını təsis etmiş indiyə qədər 6 sayını oxuculara təqdim etmişik. Birliyin əsas istiqaməti Qarabağ həqiqətlərinin dünyada yayılması istiqamətində işlər, gənclər arasında müxtəlif maarifləndirmə işlərinin aparılması, milli mənəvi dəyərlərimizin soy kökümüzun qorunması naminə fəaliyyətdir.
- Milli – mənəvi dəyərlərin gəncliyin həyatlnda önəmi nə qədərdir?
- Əslində Azərbaycan gəncliyinin həyatında milli – mənəvi dəyərlərin rolu əsas önəmli yerlərdən biri olmalıdır. Çünki millət kimi formalaşmaqda bu çox vacib amildir. Amma gənclik elə bir təbəqədir ki, qəti şəkildə bunu ona bu gün vacib şərt kimi qoymaq çox çətinir. Qloballaşan dünyada mədəniyyətlərin bu gün xalqlar arasında inteqrasiyasının geniş vüsət aldığı məqamda bu çox çətin prosesə çevrilmişdir. Lakin mən hesab edirəm ki bu gün ziyalılarımız bu istiqamətdə işlərini artırmalı və gənclərimizə milli mənəvi dəyərlərimizi müasir dünyanın tələblərinə cavab verə biləcək tərzdə aşılamalıdırlar. Əgər biz istəyiriksə dövlətçiliyimiz daim güclü olsun, Azərbaycan həmişə dünyada öz sözünü özünəməxsus qürurla desin bu çox vacib məsələdir. Gəncliyin vətənpərvər, savadlı, layiqli vətəndaş kimi yetişməsi məhz bu yoldan keçir. Düzdür, mənimlə razılaşmayanlar da olar. Avropa mədəniyyəti, Avro inteqrasiya və s məsələlərdən misallar çəkilə bilər. Ancaq mən hesab edirəm ki, Azərbaycana lazım olan müasir dünyagörüşlü intellektual gəncliyin yetişməsində milli mənəvi dəyərlərimizin əsas götürülməməsi düzgün deyil. Əksinə, bünövrəsində milli dəyərlərimizə söykənən biliklərə malik gənclərimiz Azərbaycanın inkişaf edərək dünya dövlətləri sırasında önəmli yerlərə çıxmasına daha çox fayda verə bilərlər. Dünyanın aparıcı dövlətlərinə diqqət etsək bu belədir. Yəni alman və fransız heç vaxt öz dəyərindən uzaqlaşmır. Biz isə inteqrasiya deyəndə özümüzü onların dəyərlərinə yiyələnməklə müasir dünyanın tələblərinə uyğun savadlı hesab edirik, lakin son nəticədə biz Azərbaycanlıyıq heç nə dəyişmir əksinə itir – itən də bizim dəyərlərimiz. Bu isə müasir dünyada çox təhlükəlidir və işğal olunmaqdan da dəhşətli bir prosesdir. Mənim dünya xalqlarının dəyərlərinə çox böyük hörmətim var . Əslində dünyanın bütün müsbət dəyərlərinin bir müəllifi var insan Lakin reallıq da var insanlar müxtəlif millətlərə bölünüb və hesab edirəm ki, bu dəyərlər öyrənilməlidir amma olduğu kimi özümüzə tətbiq edilməməlidir.
- Sizə görə din nədir? Din və millət anlayışlarının bir – birindən ayrıldığı incə cizgilər hardan başlayır?
- Din insan mənəviyyatının onun ruhunun qidasıdır. Söhbət Tanrının peyğəmbərlər vasitəsilə insanlara göndərdiyi əsl dinlərdən gedir. Quranda da səhv etmirəmsə millət anlayışı ilə bağlı ayə vardır. Mən hesab edirəm ki din insanların həyatında hansı önəmli rolu oynayırsa millət anlayışı da bir o qədər önəmli rol oynayır. Amma bu bir millətin digər millətdən üstünlüyü kimi olmamamalıdır. Din bütün insanları tərbiyyə edir onu saflaşdırır düzgün yaşamaq yolu göstərir dünyanın onların yaşaması üçün Tanrıdan bir əmanət olduğunu izah edir və s. Millət anlayışı isə bu dünyada müxtəlif millətə məxsus insanların elminin inkişaf etməsinə, güclü iqtisadiyyat qurmasına , yüksək mədəniyyətə malik olmasına, təhlükəsiz yaşamasına, firavanlıqlarının təmin edilməsinə və s xidmət edir. Yəni fərq budur. Din bütün insan fərdlərinin hər birinə aiddirsə, Millət anlayışı ancaq ona məxsus topluma aiddir. Məhz buna görə daim görkəmli siyasətçilər və mütəfəkkirlər dini siyasətdən və dövlətdən ayırmağa çalışıblar mənim fikrimcə onların bir yerdə tətbiqi heç vaxt uğur qazana bilməyəcək.
- Bu gün Azərbaycanda dini və milli tolerantlıq hansı səviyyədədir?
- Hesab edirəm ki Azərbaycanda olan tolerantlıq bütün dünya üçün bir nümunə ola bilər. Bu bizim xalqın ən böyük baş ucalığıdır. Bütün dinlərə məxsus ibadət ocaqlarının bu gün Azərbaycanda maneəsiz və qısqanclıq olmadan fəaliyyəti buna misaldır. Eyni zamanda milli mənada da bu belədir inanın mən deyərdim ki ən qatı düşmənimiz olan ermənilərə qarşı da biz kin saxlamırıq əksinə sabah biz qələbə çalıb torpaqlarımızıl azad edəndən sonra ermənilərlə ilk barışan biz olacayıq və yenə də onları evimizin əziz qonaqlarından biri sayacayıq. Bu mənfi və ya müsbətdir deyə bilmərəm.
- Azərbaycandakı dini və milli tolerantlıq ənənələri regionda örnək təşkil edəb ilərmi?
- Bəli nəinki regionda hətta dünyada sadəcə bunun təbliğatını qurmaq lazımdır və bütün dünyaya bunu göstərmək lazımdır ki min illərdir bu belə olub və belə də olacaq biz bu cür formalaşmış millətik.
- Gənclər arasında bu sahədə hansı işlər aparılmalıdır?
- Gənclərimiz artıq bunu görür sadəcə daim ayıq olmalıyıq ki bəzi qüvələr onların beyinlərini korlamasın. Min illər boyu qoyulmuş bu ənənə daim gənclərimizə aşılanmalıdır.
- Azərbaycançılıq modelinin dünya düşüncə sistemində yeri hardadır? Və Azərbaycançılıq düşüncə modeli bölgənin dini və milli balanslaşdırılmasında nə qədər önəm kəsb edir?
- Azərbaycançılıq modeli əslində Türk təffəkkür tərzinin müsbət mənada bir baxış nümunəsidir. Yəni Türklər heç zaman qatı milliyyətçi olmayıb. Onlar xalqalrı Tanrının ədalət prinsipi ilə idarə ediblər. Heç bir xalqın dininə, dilinə, mədəniyyətinə zərər vurmayıblar. Azərbaycançılıq modeli də bu ideyalardan qaynaqlanan türk təfəkkürünün məhsulu kimi bir vətəndaşçılıq modelidir. Yəni dilindən dinindən irqindən aslı olmayaraq hər bir vətəndaşa xidmət edən ədalətli idarəetmə metodudur. Bu gün Azərbaycanda daimi yaşayan hər bir xalq özünü təhlükəsiz hesab edir və Azərbaycan dövlətçiliyini özlərinki sayır. Məhz Ümummilli lider Heydər Əliyev də Azərbaycançılıq deyəndə bunu nəzərdə tuturdu və arzulayırdı. Tarix boyu da bu belə olmuşdur. 1918-ci ildə də ADR-in qurucusu M.Ə. Rəsulzadə azərbaycançılıq deyirdi və bu adda mohtəşəm əsəri vardır. Ondan da əvvəl regionda daim bizim tutduğumuz bu yol çox önəmli bir ideya olaraq xalqların təhlukəsiz yaşamasına şərait yaratmışdır. Misal olaraq götürək Səfəviləri, Qacarları bu günkü İran əraziləri də daxil olmaqla bu regionu bir vahid dövlət şəklində yüz illərlə Türk olaraq idarə etsələr də tabeliklərindəki xalqların dilindən mədəniyyətindən belə istifadə edərək heç bir ayrı seçicilik qoymadan dövləti yüksək səviyyədə idarə etmişlər. Bu gün də İranda bu belədir. Düzdür onlardan fərqli olsa da əhalisinin çox hissəsi və hakimiyyətin önəmli postlarında daha çox Türklərin olmasına, baxmayaraq fars dili dövlət dilidir və farsçılıq daha çox gözə çarpır.
- Azərbaycançılığın yeni Avrasiyaçılıq modeli kimi qəbul edilməsi sizcə nə qədər realdır? Və bu düşüncənin reallaşması hansı müddətə reallaşa bilər?
- Əslində burada da heç bir fərq yoxdur Azərbaycançılıq Avrasiyaçılıq oxşar modellərdir. Sadəcə azərbaycançılıq bu gün tətbiq edilir və uğurunu biz görürük. Avrasiyaçılıq isə həyata keçirilməsi arzu olunan ideyadır. Mən yenə də deyirəm hər şey bizim təbliğatımızdan aslıdır.
- Bu sahədə bizlərin üzərinə hansı vəzifələr düşür?
- Bizdən aslı olan budur ki biz bu ideyanın həyata keçirilməsində avanqard olduğumuzu digər millətlərə təbliğ edə bilək bunu üçün isə çox işlər görməliyik xüsusilə demokratik ənənələrimizə ədalətli prinsiplərimizə sadiq qalmaqla və yaxşı nümunə olaraq.

No comments: