Sunday, July 24, 2011
BEYNİNƏ TƏKLİK VURANDA...
(“REAKSİYA BİLDİRMƏLİ OLDUQLARIM ÜÇÜN” III YAZI)
Bir zaman hətta kimsənin yanında danışmasını belə istəməyən bir insan elə bir an gələ bilər ki, susqunluğunu pozmaq istəyər və ətrafında olanların hamısından susmadan danışmasını istəyər. O, illərlə bunun həsrətini çəkmişdir çünki. İllərlə bu günün xəyalı ilə yaşamışdır. Hətta, o anda bezgin olduğunu, dərdin bala – bala içini əzdiyini hayqırsa da, əslində onu bezdirən, içini əzən illərdən bəridir susqunluğunu qoruması, hər şeyi içinə atması olmuşdur. O, bunun fərqindədir, ona görə də qarşısındakına “susma!” – deyə müraciət etməkdədir. Onun müraciəti artıq xahişi keçmişdir, tam tərsi ona əmr verməkdədir.
Yanğın var içimdə, susma
yoruldum rəsminlə danışmaqdan
ağlamaqdan yoruldum
səni düşünməkdən
və rəsmini sevməkdən bezdim.
bezdim insan olmağımdan
sənsiz qalmağımdan
susmağından bezdim, susma
Budur, insanlığın sevgisizlikdən yola çıxaraq gəldiyi nöqtə! Cəlil Cavanşir bunu üstünə alınmasın, məsələ onun sevgisizliyi deyil, tam tərsi məsələ cəmiyyətin sevgini xırdalaşdırmasındadır, məsələ cəmiyyətin sevgini qutsallaşdırmaqdansa onu yataq oyunlarının bir parçası halına gətirməsindədir. Ona görə Cəlil üsyan bayrağını qaldırır, ona görə “siz mənim dərdimə çarə tapmasanız çıxıb gedərəm” – deyir.
gedərəm, gedərəm, çıxıb gedərəm
milyon il gedərəm
işıq yoluyla
milyon il gedərəm
işıq sürəti
milyon il gedərəm tək O-na doğru
səmanı çiynimə alıb gedərəm
üzüm kainatın sonuna doğru.
Sevgisizlik və təklik girdabında boğulmaqdan dəhşətli bir şey ola bilməz bu yer üzündə. ətrafın, çevrən insanla dolu olar, yığın halında, sürü halında gəzişərlər ətrafında, amma dərdini danışmağa bir Allah bəndəsi tapmazsan. Tapmazsan ki, dərdini, illərdən bəridir içinə atdığın dərdləri, sıxıntıları Əvəz Qurbanlı demiş “qışqırasan dincələsən”. Yoxdur, Cəlil Cavanşir, yoxdur! Axtarmağına belə dəyməz! Bizimkisi iki daşın arasında, yarı yaşında birilərini sevənlərdi ki, qismətimiz buraya qədərmiş deyib kifayətlənərik. Ya da kifayətlənmərik, təklik beynimizə vuran anlarda bax beləcə sənin etdiyin üsyan bayraqlarını çəkərik. Qarşımızdaki şəxsdən ancaq danışmağını istəyərik. Susmasın, danışsın, nədən danışacaq, kimdən danışacaq, umrumuzda belə olmaz. Içində, içimdə, içimizdə yaranan fırtınalar başqalarının gözündə bəlkə də bizi adamlıqdan çıxarar, bəlkə də biz onların gözündə heçliyə, puçluğa çevrilərik, amma sən, mən, yəni biz ancaq bir şeyi istəyərik qarşımızdakından: susma! Dərdlər içimizdə dərin yaralar açar, ağrıdan alnımızdaki damarlar ilan kimi qıvrılar, bizsə həmin anlarda iki şeydən qorxarıq sadəcə: susqunluqdan və bizə baxan ətrafımızdaki gözlərdən!
susma,
içimdə hüzn var,
dərd içimi oyur,
yoruluram baxışından
baxma.
Sənin susqunluğundan,
dəli ola bilərəm,
baxma
belə baxma.
sənin lal baxışından
baxışından
ölə bilərəm...
Cəlil “elə gözləyirəm ölümüm gələ”ni yazdığı zaman da təklik içərisində idi, “Qızımın adını Şəbnəm qoysam”ı yazanda da. Alın yazısı – təklik, sevgi, sonda isə depresiya… və dalınca dalbadala düzülmüş nöqtələr… bəlkə də sual işarələri… həm də cavabını gözləyən sualların axırına qoyulan sual işarələri…
Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.
“Nəyimə lazımdı?” - sualı ilə başlayır Cəlil Cavanşir, elə deyilmi? “Nəyimə lazımdı?” sualı “yum gözünü, baxma, baxma…” cümlələri ilə davam edir, axır gedib harda dayanır qatar? Depressiyada! Günümüz insanı, yaşadığımız toplumun kəsavətli havası ona elə təsir edib ki, ütopik bir sevgi də artıq tərk edilmiş bir xarabaya çevrilib Cəlilin nəzərində. Və yavaş – yavaş dəyərini itirib…
səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.
Hər nə qədər “lənətə gələsən!” – desəm də, desən də, desək də nəticə etibari ilə gəldiyimiz nöqtə eynidir: “Sevirəm səni hələ də...” Yenə də görürsən ki, onun əsirisən. O, sənə xəyanət etsə də, səni sevsə də, sənə nifrət etsə də, səninçün dəyişilməzdir, əvəzolunmazdır. Baxmayaraq ki, bu şəhərdə sevgisini rahatlıqla səninlə paylaşabiləcək qızlar, xanımlar var və sən onlardan sevgini beşdəqiqəlik sədəqə kimi qəbul etməyəcəksən. Və bir də... Cəlilin dediyi kimi bu şəhərdə ucuz qadınlar var. Amma inanın mənə, onlar şair dostumuzun o
Saçlarının bəyazını xınayla gizləyən,
Kiçiçik qızınını atasız böyüdən,
İşini çox sevən qadın... – deyə bəhs etdiyi qadınının yerini verməyəcək. Neyləsə də! Baxmayaraq ki, özünün dediyi kimi “tənha gecələrdə, kişilərə yaraşmayan ağlamaq, qışqırmaq kimi vərdişləri var.”
Sonda sənə bir söz deyim, Cəlil qardaş! Əsas odur ki, bu şeirlərində özünsən! Kimisə təkrarlamırsan, belə getsə daha fərqli yerlərə gələcəksən. Içində partlmağa hazır, partladığı zaman hər yeri dəhşətlə sarsıdacaq nəhəng bir bomba yerləşib. O sözün partlayışıdır. Və o partlayışdan qətiyyən qorxma!
milyon il gəlmişəm işıq yolunu,
gəlib dayanmışam bu yer üzündə
dünyanı qoyublar ayağım altda
dünya ilk durağım
dünya son evim.
dünya unutduğum,
dünya sevdiyim.
Milyon ilə işıq yolunu gəlmisənsə, gəlib bu yer üzündə dayanmısansa, dünyanı ayaqların altına qoyublarsa sən xoşbəxtsən. Amma, sənə verilənlə kifayətlənmə! Daha çoxunu istə! Onsuz da gec ya da tez çıxıb gedəsiyik bu fəna mülkündən!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment