Saturday, June 23, 2012

«Yazdığım qəhrəmanların hamısı məndən bir parçadır»

Cavidan: «Ədəbi mühitdə bir canlanma var» Müsahibimiz Cavidan gənc yazar olsa da, daha çox hadisələri kənardan izləməyə qərarlıdır. Regionda – Lənkəranda yaşasa da, hər şeyi dəqiqliyi ilə görür, duyur, hiss edir. Beləliklə, bölgədə yaşadığı üçün onunla müsahibəni virtual olaraq aldıq. - Yeni kitabınız işıq üzü görüb. Adətən deyirlər ki, kitab da doğma övlad kimidir. Bir ana kimi uşaq və kitab: hansı daha doğmadır Cavidan üçün? - Bəli, adətən belə deyirlər, amma bir ana kimi əlbəttə ki, ədəbiyyatımdan daha doğmadır mənə uşaqlarım, kim bunun əksini pafosla deyirsə, sadə bir testlə yoxlasın özünü – kitablarınımı əlindən alsalar həyat davam edə bilər, uşaqlarınımı? Qaldı kitablarıma, onlar üçün mən ana yox, atayam deyəsən, onlar da doğmadır! - Lənkərandan necə görünür ədəbiyyatımız: inkişaf var, yoxsa geriləmə? - Ədəbiyyatın təfəkkürdən çox ehtirasın, hisslərin məhsulu olmasına təkan verildi. Məhz bu yön daha çox alqışlanmağa başladı, amma bir dəfə bir başqa müsahibədə dediyim fikri bir daha təkrarlamaq istəyirəm: insanın bədənini deyil, ruhunu oyadacaq əsərlər yazmaq lazımdır. Bir canlanma var sanki indi, hamı yazır, hamı yazmağa qərarlı olur, bu, yaxşıdır, ədəbiyyatımızın inkişafı yolundakı yaşamaq uğrunda mübarizənin var olmasıdır, ədəbiyyatımızın həyat uğrunda mücadiləsidir. Amma kaş ki, oxucuya çata bilə yazdıqlarımız, əsl oxucuya, yazmağa qərarlı olmayan, yazarı yox, mətni görən, kitaba susayan oxucuya! - Romanda əyalət şüuruna ya da uşaqlıq xatirələrinə yönəlmə ilə müasir ya da postmodern şüurun nostalji düşkünlüyünün hər hansı bir əlaqəsi varmı? Bəs siz əyalət şüurundan ya da uşaqlıq xatirələrindən romanlarınızda istifadə edəndə qarşınıza hansı məqsədləri qoyursunuz? Bununla etiraz etməyi düşünürsünüz? - Başqalarının adından ümumi heç nə deyə bilmərəm, hər kəs özünün üçüncü dünyasını yaradır – yaşadığı və yaşamadığı iki dünyanın arasındakı ədəbiyyatını. Düşünmürəm də ki, hər kəs elə ancaq özünün şəxsi xatirələrini paylaşmağa qalxsın roman yazmaq adına. Şəxsən mən uşaqlıq xatirələrimdən yalnız «Cırcırama öpüşü» adlı povestimdə istifadə etmişəm, içi mən qarışıq yaşıdım olan qızların ümumi obrazıdır oradakı Zöhrə. Bu, başqa yazılarımda yoxdur, bir də «Namə» romanımda Aidanın yuxuları özümün nə vaxtsa gördüklərim olub, o qədər. - Hekayə və romanlarınızda qəhrəmanların və onların düşüncələrini özünüzə yaxın hesab edirsinizmi? - Hamısı doğmadır mənə, ən pisinin içində bir yaxşı, ən yaxşısının içində bir pis var mütləq, bir çoxlarını real həyatdan da tanıyıram. Yazdıqlarımın içinə həkk olunmuş bu insanların sonrakı talelərini realda izləməkdən qorxuram bəzən, məsələn, «Namə»dəki Masyanın xərçəng olduğunu biləndə ağlamışdım, Nadyanın fotosunu bir facebook fotoqrafının bomjlardan ibarət albomda görüb diksinmişdim ki, hələ də sağdır, «Folknerin vaxtsız gəlişi»ndəki qadının «Ağrı»dakının eyni olduğunu tək mən bilirəm, «Zazunun anası» mənimlə rastlaşanda mütləq mənim hekayəmə «düşdüyü» zamanları xatırlayıb zarafatlar edir, oğlu əsgər olacaq artıq… «Hamilə» hekayəmdəki qara, kobud səsli kişini mən bir də ən son hekayəm «Tarladakı qadınlar»da gördüm – Rüstəm adlı birisi. Hərdən heyrət edirəm yazdıqlarıma baxanda, hər şey canlıdır onlarda, hər tərəfimdədirlər, gözəl bir harmoniyası olan xaos, adrenalin və ekstrim dolu labirint kimi… - Yazdıqlarınızda xəyalla həqiqət arasındakı məsafəni gizlətmək üçün bəzən müəyyən maraqlı gedişlər edirsiniz. Siz oxucunuza yazının əslində bir oyun olduğunu çatdırmağa çalışırsınız? - Mənim üçüncü dünya dediyim ədəbiyyat elə budur – real olanla real olmayanın arasındakı neytral zona, bunu qəsdən uydurmaq olmur, gərək spontan alınsın, sən sadəcə yazının içinə qapılırsan və Alisa möcüzələr aləminə düşdüyü kimi bir halda olursan – ta ki mətn bitənə qədər. Oyun deyil, oyun dediyimizi şeirdə bacarıram, nəsrdə yox. - Necə düşünürsünüz, yazdıqlarınız ənənəvi nəsr nümunələridir, yoxsa artıq özünüzə məxsus bir cığır açmısınız? - Bunu mən deyə bilmərəm, yazdıqlarımı oxuyanlar deyə bilərlər, hərçənd, mən dəstə adamı deyiləm, tək getməyi daha çox sevirəm, alınacaqsa, nə gözəl! - Bu gün televiziya kanallarında göstərilən bir çox serialın romanlardan televiziyaya uyğunlaşdırıldığını görürük. Nə zamansa telekanallar üçün serial ssenarisi yaza bilərsinizmi? - Mənim son baxdığım teleserial «Klon»un ilk dəfə «Lider» telekanalında nümayişi vaxtı olub, məhz o zaman doğrudan da çox sevdim Qloria Peres adlı Braziliya yazıçısını. Düşündüm ki, mən də yaza bilərəm, çünki içimdə insanlara demək istədiklərim vardı. Həm də, bu işdən maddi gəlir də ola bilirsə, nə yaxşı deyə ümidlənmişdim. Amma internetimin belə olmadığı, kompüterdə yazmağın nə demək olduğunu bilmədiyim, əlyazmalarımın kiril əlifbasıyla yığıldığı vaxtlar idi, neçə dəftər dolu kinopovest yazdım, sonralar it-bat oldu onlar, məişət, ev, uşaqlar, şəxsi depressiyalar… Roman yazmaq daha çəkicidir. Serial ssenarisini ancaq çox gözəl qonorar müqabilində yaza bilərəm, söz yox ki, fərqli və gözəl olmaq şərtilə. - «İsmin yeddinci halı» romanınızda istifadə etdiyiniz texnika ilə romanda dilə gətirmək istədikləriniz arasında nə kimi paralelliklər var? - Bu roman ağırlığı ilə qaldı yadımda, necə başladım, necə yazdım, necə bitdi, hələ də anlamıram və əminəm ki, məhz bunu özüm anladığım zaman kitaba çevriləcək. Oradakı iç-içə, yan-yana olan dünyalar, hər şeyin və hamının hər yerdə və hər zaman ola bilməsi, içimizdəki aləmlər, içində olduğumuz aləmlər, reinkarnasiya, ölüm, həyat, müharibə, sevgi, qadın, özüm! Müəllif olaraq özüm də varam o romanda, yazdığım, yaratdığım obrazlarla yanaşı, bir yerdəyəm… - Özünə xas üslubu olan bir yazarsınız. Üslub fərqliliyi hekayə və roman yazarkən təyinedici olurmu? - Bu haqda düşünmürəm. Öncədən heç nəyi təyin eləmirəm, bunu bacarmadığımı deyib etiraf etmək istəyirəm. Məhz öncədən düşünüb-daşınmaq istəyim, bir çox yazarlar kimi öncədən karkas hazırlayıb planlı şəkildə yazmaq cəhdlərim çox geriyə atdı məni, depressiyaya qapıldım, yazmıram, yaza bilmirəm, yaza bilməyəcəm kimi sərsəm bir inamsızlığa sürüklədi ruhumu. Halbuki mənə sadəcə noutbukda təmiz bir səhifə açıb barmaqlarımı klaviaturanın üzərində gəzdirmək gərək idi, bunu çox gec başa düşdüm. - Ümumiyyətlə, Cavidan necə yazır? Yazı mətbəxinə girməyimizə icazə verirsiniz? - Ağ-qara bir xronika kimi, bir qədər Şərqi Avropa ruhuna yaxın. Amma Cavidan çox tənbəldir. Çox az yazır. Çünki bir saat yarıma düz on səhifə hazır mətn alınır onda, məhz bu arxayınlıq da imkan vermir daha çox işləməyinə. O, bilir ki, hər bir mətn üçün ayrıca musiqi fonu olmalıdır və həmin musiqini tapıb qulaqcıqlarda yüksək səslə dinləyə-dinləyə başlayır yazmağa. Düşünmədən, plan qurmadan, bir cümlə o tərəfə nə yazacağını belə bilmədən. Deyim Sizə, «İsmin yeddinci halı»nı əsasən «Manqa» rok qrupunu, Portuqaliya hissəsində Şakiranı, «Namə»də əsasən «Ave Mariya»nı və Teomanı dinləmişdi, Məhsəti haqqında romanı isə Fərqanə Qasımovanın muğamlarına büründü. Musiqi fonu vacibdir onun üçün, amma nəsrdə! Şeir yazanda dinləmir, özü nəsə zümzümə edir və bu fonda da yazır. Elə bu müsahibəni də Laleh adlı qızın «Snö» mahnısını dinləyərək hazırlayıram. - Əsasən hadisələrdən ibarət olan romanlarda psixoloji təhlillər vermək bir qədər çətin olur. Belə olanda siz hansı vasitələrdən istifadə edirsiniz? - Ən adi bir dialoqda da situasiyanın psixoloji əhvalını vermək olar, ya o hadisələrin içində obrazların xırdaca jestləri, gözlənilməz hərəkəti bütün mahiyyəti aça bilər, hər şey yazının nə dərəcədə yazıçıya görünməsindən asılıdır, özünün görə bilmədiyini başqalarına göstərə bilməzsən axı. - Mətn-yazar-oxucu arasındakı dinamik əlaqədən yola çıxaraq Cavidanın yazdıqlarını necə oxumalıyıq? - Sadəcə uzaqda yaşayan, heç vaxt yaxında olmayan və olmayacaq bir tanımadığınız müəllifin ilk fədə gördüyünüz əsərini oxuyurmuşsunuz kimi. - Hazırda nə yazırsınız? - «Cəhənnəmdə bitən çiçək» romanımı yenidən nəzərdən keçirirəm, bəzi xırda redaktə və korrektələr edirəm, bir də şərti adı «Bakı 96″ olan romanına başlamışam. - Bir də eşitdiyimizə görə Türkiyə nəşriyyatlarından biri ilə əlaqə yaratmısınız. Bir az da bu barədə oxucularımıza məlumat verərdiniz. - Bəli, elə «Cəhənnəmdə bitən çiçək» üçün sifarişi İstanbuldan almışdım, «Bakı 96″ da eyni nəşriyyat üçün yazılır, sifariş olaraq. Söhbətləşdi: Oktay Hacımusalı

Qəribə adam haqqında düşüncələr

Cəlil Cavanşir Oktay Hacımusalı imzası oxucularımıza yəqin ki, tanışdır. Mən bu imzanı çoxdan tanıyıram, 2006-cı ildən. O zaman Oktay bizimki.org ədəbiyyat portalında yorulmadan ədəbiyyat üçün çalışırdı. Təsadüfən internetdə tanış olduq və Oktay mənim paytaxt ədəbi mühitinə açılmağıma, ədəbiyyatla daha ciddi məşğul olmağıma təkan verdi. Şeirlərim haqqında ilk yazıları da məhz Oktay yazıb və məni ədəbi mühitə təqdim edib. Sonra dostlarla birlikdə «Nota bene» və «Mərkəz» qəzetlərində ədəbiyyat səhifələri hazırlamağa başladıq. Mən Gəncədə, Oktay isə Bakıda bu işə xeyli əmək verdik. Nəticə də pis olmadı. Bizim təqdim etdiyimiz müəlliflərin bir çoxu ədəbi və elmi fəaliyyətini davam etdirdi, bir çoxu jurnalistika sahəsində tanınmış imzalara çevrildi. Birlikdə çap olunduğumuz müəlliflərin bir çoxu da zatən tanınmış imzalar idi. Oktayın mənim yaradıcı həyatımda çox böyük etkisi var. Zamanında tanış olmağımız, yazılarım haqqında ümidverici fikirləri məni daha da həvəsləndirdi. O günlərin sahibiydi Oktay. Bütün gücüylə məni ədəbiyyata doğru çəkirdi. Ədəbiyyatla məşğul olmağın heç bir perispektiv vəd eləmədiyini bilə-bilə… Qəribə adam Oktay qəribə adamdır. Onun həyatdan bəkləntiləri yalnız özünə məlumdur. Bəlkə də buna görə ədəbi mühitdə ona münasibət birmənalı deyil. Sakit-sakit qarşısına keçənin bostanına daş atmaqla nəyə nail olmaq istəməsi mənim üçün sirri-xudadır. Onu hər zaman yazan, oxuyan, araşdıran görmüşəm. Tərcümələri, yaradıb sonra ləğv elədiyi ədəbiyyat bloqları, tənqidi yazıları ədəbiyyatımız üçün faydalı xidmətlərdir. Ancaq Oktay başladığı, gördüyü işlərin heç birində sabitqədəm deyil. Onun gördüyü işlərdən tez pəs etməyini hələ də anlamış deyiləm. Gördüyü işlər nəticə verməyə yaxınlaşanda Oktayda sanki ruh düşkünlüyü yaranır. Bulunduğu cəbhələr isə hər zaman rəngarəngdir. Dindarlar, solçular, millətçilər və s. Çalışdığı müddətcə boynuna düşən işin haqqını versə də, lazımınca çalışqan və zəhmətkeş olsa da qəfildən çalışdığı nəşriyyatdan uzaqlaşıb hansısa bir ədəbiyyat bloqu yaradıb onu təkbaşına idarə eləyə bilən adamdır. Yazmaqdan yorulduğunu, şikayətləndiyini görməmişəm. Yorulmadan tərcümə elədiyi yazıları bir araya gətirsən böyük bir biblioqrafiya alınar. Maaləsəf tərcümə edib bloqlarda yayınladığı ədəbiyyat nümunələrinin böyük əksəriyyətini indi axtarsam da tapa bilmirəm. Yəqin ki, onların harda olduğunu özü də unudub. Məsələn, Nazim Hikmətdən tərcümə elədiyi bir kitablıq şeir, yəhudi ədəbiyyatından tərcümələr, müxtəlif şairlərdən elədiyi bir neçə almanaxlıq tərcümələri indi axtarıb tapmaq çox çətindir. Bəlkə də dağınıq həyat tərzi, bir ayağının Siyəzəndə, bir ayağının Bakıda olmasına görədir zəhmətinin bəhrələrinin ortalıqda it-bat olması. Hərbi xidmətdən gələndə onu görüb çox heyrətlənmişdim. Dəhşətli dərəcədə arıqlasa da, gözləri dəyişməmişdi. Əvvəlki qədər inamlı görsənirdi. Qısa müddətə iş tapacağını, hər şeyi yoluna qoyacağını elə inamla deyirdi ki, öz ümidsizliyimdən utanırdım. Ucuz çayxanalarda çay içə-içə onun yeni yazılarını dinləməyim yazılmalı xatirələrdəndir. Mənə qarşı həmişə diqqətli və qayğıkeş olmağa çalışsa da Oktayın qəribə bir məsuliyyətsizliyi də var. Məsələn, müsahibə üçün göndərdiyin suallara bir günə cavab verəcəyini deyib üç gün yubatması, səndən aldığı hansısa müsahibəni unudub çap etdirməməsi Oktay üçün sadə bir şeydir. Həm də Oktay bu işlərin altında çox şirinliklə sivişir, «Abisi, narahat olma, düzələcək». Oktay günahını yumaq üçün qarşısındakını asanlıqla ovsunlayır. Ona əsəbləşmək də olmur. Mən isə aramızdakı 3-4 yaş fərqə görə həmişə susuram. Bir az bohem adam Oktaydan öyrəndiyim bir çox şeylər var. Məsələn, kirayədə qalmaq imkanı olmayanda, evə getmək həvəsi olmayanda internet klubda gecələməyi öyrədib mənə. Sonra bu təcrübəni dəfələrlə həyatımda tətbiq eləmişəm. Bir az bohem həyatdır, ancaq olsun. Elə Oktay özü də bir az bohem adamdır. Sözün kəsəsi, Oktay zəhmətkeş, çalışqan, eyni zamanda məsuliyyətli olmağı sevməyən, «Araz aşığından, Kür topuğundan» olan maraqlı bir adamdır. Həm ədəbiyyat adamı, həm də maraqlı bir ədəbi qəhrəman kimi olduqca kaloritlidir. Bu Oktay haqqında ilk yazım deyil, bir dəfə hardasa 2008-ci ildə şeirləri haqqında bir yazı yazmışdım. «Ümid var əvəzində…» adlanan yazım onun poeziyası haqqında, daha doğrusu bir neçə şeiri haqqında idi. Bu yazını başlayanda isə onun yenicə çap olunan «Bu vaxtın sahibi» romanı haqqında düşüncələrimi yazmağı düşünürdüm. Nədənsə söhbət bu yerə qədər uzandı. Oktay həqiqətən bədii obraz kimi çox maraqlıdır, lap roman qəhrəmanları kimi… «Bu vaxtın sahibi» Sözün açığı, romanın elektron variantını oxuyub fikirlərimi isti-isti yazmaq istəmişdim. Ancaq sonra fikrimdən daşındım. Hətta özümə söz verdim ki, bu kitab haqqında heç nə yazmayım. Yazmamaq üçün səbəblərim daha çox idi və bu səbəbləri Oktay yəqin ki, özü başa düşür. Ancaq kitabın təqdimatından sonra kitabı təkrar oxudum. Cəmi yarım saata kitabı bitirdim və başa düşdüm ki, nə isə yazmalıyam. Oktay həyatını bir az tünd boyalarla, ümidsizcəsinə yazıb. Bir yazıçının zaman axımında bütün çırpıntılarını tələskənliklə, birnəfəsə köçürmək istəyib vərəqlərə. Romanın müəyyən parçalarını çayxanada çay içə-içə özü oxumuşdu mənə və böyük zövq almışdım doğrusu. Ancaq kitab halında romanı oxuyanda hiss elədim ki, Oktay sadəcə mənə oxuduğu parçalara ürəyini qoyub. Nədənsə digər hissələrə, digər parçalara lazımı qədər diqqətlə və həvəslə yanaşmayıb. Oxuduqca düşündüm ki, Oktay müəyyən hissələri daha əhatəli, daha oxunaqlı, daha maraqlı yaza bilərdi. Ancaq təəssüf ki, müəllif tələskənliklə işləyib mövzunu. Bizim hamımızda bu tələskənlik, tez yazıb bitirmək ehtiyacı var. Ancaq Oktay sanki həqiqətləri unudacağından qorxaraq, deyəcəklərinin hədəfə vaxtında çatmayacağından əndişlələnərək yazıb «Bu vaxtın sahibi»ni. Əsər dil, üslub və süjet baxımından da axsayır. Məsələn, Türkiyə türkcəsindən transfer olunan sözlər əsərdə kifayət qədər yerinə oturmur. Əsərin qəribə üslubu (bəlkə də üslubsuzluğu) oxucunu çaşdırır. Süjetsizlik isə oxucuda mütaliə xaosu yaradır. Ən ciddi məqam, əsər «roman-gündəlik» adlandırılsa da, roman və gündəlik kriteriyalarına cavab vermir. Burda ciddi bir məqamı qeyd eləmək istərdim. Ola bilsin ki, əsər kitabın üz qabığında yazıldığı kimi, mənim bilmədiyim, haqqında məlumatsız olduğum «roman-gündəlik» janrının xüsusiyyətlərinə cavab verir. Müəllif romanın çapından sonra verdiyi müsahibələrin birində, romanı yazmaq məqsədini açıqlayarkən bildirir ki, romanı yazmaqda məqsədi ədəbiyyat adamlarına «master-klas» keçməkdir. Oktay bunu zarafat və ya ironiya ilə demiş olsa belə, onun istəyini kifayət qədər əks etdirir bu fikir. Çünki ədəbiyyatı dərindən bilən, güclü mütaliəsi və bazası olan müəllif mənim düşüncəmə görə əsil «master-klas» keçməli idi. Təəssüf ki, müəllif bütün yaradıcı imkanlarından yararlanmayıb. Şəxsən mən daha doyumluq bir əsər oxuyacağıma inanırdım. Oktayın yaşadıqları, müşahidələri, bilgiləri imkan verirdi ki, o daha maraqlı və əhatəli bir əsər yazsın. Bu sadəcə mənim bəkləntilərimdir. Oktay isə həmişəki kimi öz bildiyini eliyib. Yəni, sübut edib ki, mən gözlənilməz tryukları bacarıram. Hətta bu tryuklar uğursuz olsa belə ondan çəkinmirəm. Poetik nəsr Əsərin poetikliyi, şeir kimi oxunması məni daha çox cəlb elədi. Hərdən mənə elə gəldi ki, Oktayın nəsrini yox, poeziyasını oxuyuram. Poeziya demişkən, son dövrlər yazdığı şeirlərdə də Oktay tələsir sanki. Sözün düzü, Oktayın əvvəlki şeirləri daha maraqlı idi. Oktayın digər nəsr əsərlərinə də də bir poetika hakimdir. Oktayın şeirdən nəsrə keçidi, onun hər ikisi ilə parallel məşğul olması, əsərin poetikasıdır. «Gecənin bir aləmi yenə qarabasmadan oyanıb ona rast gəldiyim günə lənət yağdıra – yağdıra işığı yandırıb düşünməyə başladım. Bunların hamısı onun ayağına getdiyim gündən sonra başladı. Bu qarabasmalar, yuxumun pozulması və tez – tez qulağımda Şəbnəmin «Get, Oktay, get!» – cümləsinin səslənməsi…» Əsərdən seçdiyim bu parça mənim fikrimi əsaslandırmaq üçün kifayətdir. Cümlələrə bir az əl gəzdirsən şeirdir. Və son… Əsər haqqında çox danışmaq istəmirəm. Hər halda kifayət qədər ucuz qiymətə satışa çıxarılan, asan oxunan bu əsəri oxumaq daha məqsədəuyğundur. Həyat gerçəkləri, dinamika, oxunaqlı əsər oxucunu yormur. Yuxarıdakı iradları müəllif və oxucular qəbul etməyə bilər, ancaq düşündüklərimi yazmaqda bir fayda var. Son olaraq Oktay Hacımusalıya bol-bol uğurlar arzulayıram. Ümid edirəm ki, Oktay yazmaq istədiklərini yazmaq üçün fürsət tapacaq. Nə qədər məsuliyyətsiz yanaşsa da, ədəbiyyat onun boyuna biçilib. Ümid edirəm ki, yazı boyu səsləndirdiyim iradlardan inciməyəcək. Mən belə yazmalıydım, abisi…

«Bütün ömrüm mövqe nümayiş etdirməklə keçib»

Anar: «AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər» «Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil…» «İnternet müasir dövr üçün həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla…» Azərbaycan Yazıçılar İttifaqının 1987-ci il iyunun 18-də keçirilən qurultayında yazıçı Anar ilk dəfə bu qurumun sədri seçildi. Sovet İttifaqının tifaqı dağıldı və qırmızı imperiyanın süqutu ilə yanaşı Yazıçılar İttifaqının adındakı «ittifaq» sözü də tarixin arxivinə gömülərək «Birlik» sözü ilə əvəz olundu… Artıq 25 ildir ki, xalq yazıçısı Anar Yazıçılar Birliyinin sədridir və artıq 25 ildir ki, Yazıçılar Birliyinin sədri Anar ləngərini pozmadan yolunu davam etdirir… «Məni hər zaman günahlandırıblar…» - Anar müəllim, bu iyirmi beş il necə qalıb yaddaşınızda? - …Bu iyirmi beş ilin dörd ili Sovetlər Birliyi dönəminə təsadüf edir. Daha sonra, bildiyiniz kimi Sovetlər Birliyi dağıldı və bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də xaos və anarxiya hökm sürməyə başladı. Çox çətin dövrlər yaşadıq. Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Azərbaycan ədəbiyyatında müəyyən irəliləyişlər başladı. Bu gün də cənab prezidentin ədəbiyyata qayğısı bariz şəkildə özünü göstərməkdədir. - Etiraf edək ki, AYB digər yaradıcı qurumlardan fərqli olaraq, sıx-sıx qalmaqallarla gündəmə gəlir. Sizcə bunun səbəbi nədir? - AYB-nin digər yaradıcı qurumlardan fərqi ondadır ki, AYB – nin üzvlərinin sayı digər yaradıcı qurumların üzvlərindən bir qədər çoxdur. AYB-nin hazırda 1500 nəfərdən çox üzvü var. - Çox deyilmi? Anar müəllimə görə AYB-nin əslində neçə üzvü var? - Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil… Bu da istər-istəməz problemlər yaradır. Mən hər zaman qalmaqalların içində olmuşam. Məni hər zaman günahlandırıblar, hər zaman mənə hücum çəkiblər… - Müstəqillik dövrünü bilirik. Bəs Sovetlər Birliyinin zamanında sizə kim hücum çəkirdi? - Covet dövrünün son dönəmlərində, mən AYB sədri seçiləndən sonra ermənilərlə aramızda çox ciddi konflikt yaranmışdı. Və o zaman ermənilərdən çoxlu hədələr alırdım. Hətta, ermənilər içində mənim də adımın olduğu bir siyahı hazırlamışdılar ki, bu siyahıdakılar qətlə yetiriləcəkdilər. - Heçənci adam idiniz o siyahıda? - Mərhum alimimiz Ziya Bünyadovun dediyinə görə mənim adım o siyahıda ikinci yerdə idi… - Hətta ona görə də sizə paxıllıq edirdilər? - Bəli, deyirdilər ki, niyə onun adı ikinci yerdədir? Və ya ümumiyyətlə Anar nə edib ki, onun adı o siyahıda qeyd olunub… «Gərək etiraf edim…» - Bu günə qayıdaq… Anar müəllim, dünya bu gün informasiya və kommunikasiya inqilabları sayəsində əməlli-başlı dəyişib. AYB bunun qarşısında duruş gətirə bilirmi? - Mənim nöqsanlarımdan biri də budur ki, mən internetdən istifadə edə bilmirəm. Gərək etiraf edim… Övladlarım da, nəvələrim də internetdən istifadə etməyi bacarırlar. Mən isə bacarmıram. Bacarmıram deyəndə ki, heç vaxtım da yoxdur. Amma Yazıçılar Birliyinin saytı var, onun orqanlarında dərc olunan yazılar mütəmadi olaraq bura yerləşdirilir. Həm də ona görə internetə girmirəm ki, haqqımda yazılan böhtanları, tənqidləri oxuyub vaxt itirmək istəmirəm. Onsuz da qəzetləri alıb oxuyuram. Bir də nə ehtiyac var ki, internetə girib onların nə yazdığını oxuyum? Amma başa düşürəm ki, internet müasir dövrün vacib bir sahəsidir. Müasir dövr üçün o həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla… Nə istəyirsən yaza bilirsən, amma məsuliyyət daşımırsan. Qəzetdə yazanda heç olmasa yazan şəxsi məhkəməyə vermək olur, amma saytda bunu eləmək mümkün olmur. Həm də insan yorular. Orada yalan deyən də var, böhtan atan da. Onların hamısı ilə məşğul olsan, onda gərək bütün həyatını bu işə həsr eləyəsən. «O qədər mərdimazar var ki…» - Bir müddət əvvəl mənzil bölgüsü ilə bağlı iki yazar ortaya çıxaraq AYB-yə öz narazılıqlarını bildirdilər. Onlar qeyd edirdilər ki, biz Anar müəllimi sevirik, Anar müəllim yaxşıdır, ətrafı isə pisdir… Bunu necə anlamaq olar, həqiqətən Anar müəllimin ətrafı pisdir? - Mənim ətrafım katiblərdən ibarətdir. Onlarla həm münasibətim yaxşıdır, həm də bir yerdə rahatlıqla işləyirik. Aramızda heç bir problem yoxdur. Mən bu adamlarla işləmişəm və işləyəcəyəm… - O zaman bu bu söz-söhbət haradan qaynaqlanır? - Nə bilim, vallah. O qədər mərdimazar var ki… Bir də görürsən kimsə kiminsə xətrinə dəyir. Kimsə kiməsə salam vermir… O dəqiqə sən olursan düşmən. Bax, sən bayaq iyirmi beş illik fəaliyyətimlə bağlı sual verdin… …Xaricə də səfərlər etmişəm, ölkə daxilində də olmuşam, müxtəlif yerlər gəzmişəm, insanlar tanımışam, amma özlüyümdə bu qədər nankor insanla, bu qədər nanəcib insanla, bu qədər yalançı insanla heç vaxt heç yerdə rastlamamışam. Gəlir girir bu otağda başqa şey deyir, çıxır gedir başqa şey yazır. Mənə bir şey deyir, başqasına isə tamam başqa bir şey. Kiminləsə yola getmir, dalaşır, hayıfını gəlib məndən çıxır. Düzü bütün bunların hamısını desəm, bir dastan olar. Özü də o dəqiqə elə dəyişirlər ki… Min dəfə yaxşılıq elə, bir dəfə bir işini eləmə, o dəqiqə səndən üz döndərəcək. Hamısı elə deyil əlbəttə, amma adamların böyük bir qismi bax, belədir. Üzüdönükdür, etibarsızdır, çörəyi dizinin üstündə olandır, nankordur və nanəcibdir…. - Yəni söhbət yazarlardan gedir də?!… - Yazarlardan gedir əlbəttə! Mənim ayrı adamlarla işim yoxdur ki! «Qapım hamının üzünə açıqdır» - …Bir də AYB-dən kənarda yaranan ədəbiyyat var. Anar müəllim, onları izləyə bilirsiniz? - Bəzən onlar belə bir fikir səsləndirirlər ki, biz Anarla görüşmək istəyirik. Mən həmişə deyirəm, qapım hamının üzünə açıqdır. Əgər gəlmək istəmirlərsə, əsərlərini göndərsinlər. Mən özüm düşüb qapı-qapı onların əsərlərini axtarmayacağam ki. Əgər doğurdan da əsərlərini layiq bilirlərsə, hesab edirlərsə yazdıqları ədəbiyyatdır və bunu oxumaq olar, göndərsinlər. Amma mənim bu adamların yazdıqlarının həqiqətən də ədəbiyyat olmasına şübhəm var. Hiyə şübhəm var, çünki, o onların köşə yazılarını oxumuşam və inanmıram ki, o əxlaqda, o səviyyədə, o düşüncədə olan birisi ortaya nəsə ciddi bir ədəbi nümunə qoysun. Amma ola bilər ki, mən də yanılım. Ola bilər ki, köşə yazılarının tələbi tamam başqadır. Ola bilər həmin adam köşə yazanda yalan yazsın, böhtan yazsın, bəsit və dayaz yazsın, amma roman və şeir yazanda çox gözəl yazsın. Bəlkə də… Hə deyə bilərəm? Mən şəxsən oxumamışam. «Gec-tez başa düşəcəklər…» - Sizin də qeyd etdiyiniz kimi bir müddət əvvəl bir qrup gənc yazar ortaya çıxıb sizinlə görüşmək istədiklərini demişdilər. Onlar açıqlamalarında qeyd etmişdilər ki, biz barışığa getmək istəyirik… - Bilirsiniz, axı, bu bir az Qarabağ seperatçıları ilə Azərbaycan dövlətinin görüşməsinə oxşayır… Azərbaycan hökuməti heç vaxt seperatçılarla danışıqlar apara bilməz. Və Yazıçılar Birliyinin sədri də heç vaxt beş nəfər adamla tərəf müqabili kimi danışıqlar apara bilməz. Gələ bilərlər, buyurub gəlsinlər. Amma onlar «biz barışmaq istəyirik» – deyəndə elə çıxır ki, guya mən onlardan küsmüşəm. - Bəlkə, onlar sizdən küsüblər? - Özləri küsüblər, özləri də bilərlər. Şəxsən mən heç kimdən küsməmişəm. Ona görə də heç kimlə də barışmaq fikrində deyiləm. Elə çıxır ki, guya mən bunlarla müharibə eləmişəm, indi də barışıram. - Sizin adınızdan belə bir fikir də səsləndi ki, guya siz demisiniz: «tövbə eləsinlər, mən onlarla görüşərəm»… - Mən bir qədər başqa cür demişəm. Demişəm ki, Yazıçılar Birliyinin tövbə qapısı açıqdır. Çünki, o qədər çirkin, o qədər eybəcər fikirlər deyiblər ki, peşman olduqlarını, bu fikirlərindən daşındıqlarını deməsələr, mən onlarla necə görüşə bilərəm? Mənə olmazın təhqirlər, olmazın böhtanlar yazan adamlarla necə danışa bilərəm? Bu böhtanlardan sonra mən durum deyim ki, gəlin gözümün üstündə yeriniz var?! Xeyir! Desinlər ki, bu yazdıqlarımızdan peşmanıq, desinlər ki, bu yoldan çəkinirik, bir də belə səhvlər eləməyəcəyik, ondan sonra hə, nədənsə danışmaq olar. Axır vaxtlar görürəm, çoxu səhv etdiyinin fərqinə varır. Gec-tez başa düşəcəklər… - Yəni, gec-tez hamısı tövbə edəcəklər? - «Tövbə» sözü bəlkə də bunu tam ifadə eləmir, yəni başa düşəcəklər ki, düzgün hərəkət etməyiblər. Mən nə «tövbə etsinlər», nə «qələt etmişik desinlər» – deyirəm, nə də başqa bir ağır ifadə işlədirəm, amma deyəcəklər ki, düz eləməmişik. - Bu eyni zamanda AYB-nin içində müxalifətdə olan qüvvələrə də aiddir? - Mən bilmirəm… AYB-nin içində müxalif qüvvələr var ki, məgər? - Niyə ki, telekanallara çıxırlar… - Bu ev məsələsində bir-iki nəfər çıxdı, onlar da sonra peşman oldular. Gördülər ki, ədalətsizlik ediblər. - Amma belə bir səs-soraq da çıxdı ki, onları işdən azad etdirənlər olub… - Söhbət bir nəfərdən gedir: Südabə Sərvidən. Südabə də müsahibəsində çox haqsızlıq etmişdi. Yaraşmazdı ona. Amma mən onun işdən çıxarılmasını eşidən kimi Vahid müəllimə zəng vurdum və xahiş etdim ki, çıxartmasınlar, təkrar öz yerinə bərpa eləsinlər. Vahid müəllim əsas göstərdi ki, o, bizim nizamnaməmizin daxili tələblərini pozduğuna görə işdən çıxarılıb. Mən heç kimin çörəyinə bais olmaq istəmədiyimi dedim və uzun müzakirələrdən sonra Vahid müəllim mənimlə razılaşdı. Daha sonra Mirşahinlə danışdım. Razılaşdıq. İndi Südabə zəng vurub ki, məni işdən çıxarıblar. Sən özün də eşitdin… Mənim də sözümü yerə salandan sonra mən daha artıq neyləyə bilərəm ki?! Amma təəssüf edirəm. Təəssüfümü bildirirəm ki, gərək Südabə Sərvini işdə saxlayaydılar. - Anar müəllim, bu xalçanı kim bağışlayıb sizə? - Yüz faiz Südabənin atası bağışlamayıb. Bunu mənə Gəncənin icra başçısı altmış illiyimdə bağışlayıb. Bax, belə şeyləri necə bağışlayasan? Bunu necə bağışlayasan ki, bu xalçanı mənə yüz adamın içində hədiyyə ediblər, Südabə də yazıb ki, mənim atam bağışlayıb. Mən heç onun atasını tanımıram axı. Üzünü də görməmişəm. İndi bax bu müsahibədən sonra da həmişəki kimi deyəcəklər ki, tənqidi niyə qəbul eləmirsən? Bu tənqiddir? Əgər bu tənqiddirsə, o zaman mən «tənqid» sözünün mənasını başa düşmürəm. Bu yalandır, bu böhtandır, bu iftiradır. «Yazsınlar da…» - Anar müəllimi sizcə tənqid daha çox eləyirlər, yoxsa təhqir? - Bir-iki qəzet var, əsasən «Azadlıq» qəzetidir, orada bir neçə «anarşünas» əyləşib, işləri-gücləri məndən yazmaqdır. Sonra «Müsavat» qəzetində arada yazılar çıxır. Son zamanlar «Şərq» qəzeti də yazır. Yazsınlar da… İslanmışın yağışdan nə qorxusu?! Mən öz işimi görürəm, onlar da bir gün başa düşəcəklər ki, vaxtlarını boş-boş işlərə sərf ediblər. - Hərdən yazı masası üçün darıxdığınız vaxtlar olur? - Mən yazı masasından ayrılmıram, daim işləyirəm. Qəribədir, bəzən yalnız müəyyən janrlara diqqət olur. Sən əgər başqa janrlarda işləyirsənsə, deyirlər, yəqin yazmır. Mən ssenari də, nəsr də, pyes də yazıram, onları görmürlər, deyirlər, yəqin yazmıram. Son illərdə yazdıqlarımı oxusunlar, sonra desinlər yazmışam yoxsa yox?! - Bəziləri iddia edirlər ki, siz xaricdə ancaq özünüzə yaxın, AYB-yə yaxın bəlli çevrələri təqdim edirsiniz… Doğurdanmı, bu belədir? - Qətiyyən elə deyil. Türkiyədə «Min ilin yüz şairi» kitabını tərtib etmişəm. Deməli, yüz şairi artıq mən türkiyəli oxuculara təqdim etməyi bacarmışam. - Ən gənc şair kim idi həmin yüz şairin içində? - Türkiyədə çalışdığım dövrdə olub bu. Vaqif Cəbrayılzadə nəsli idi. Yox, dəqiq yadıma düşdü, şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev, bir də Nizami Aydın… Türkiyədə Cəlil Məmmədquluzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin ayrı-ayrılıqda kitablarını çap etdirmişəm. Əgər bunlar Azərbaycan ədəbiyyatından saymırlarsa, bəs yaxşı bunlar kimdir? «Valideynlərimi ədəbiyyatdan silə bilmərəm» - Son dövrlər AYB-nin xarici əlaqələri hansı səviyyədədir? - Bizim Avrasiya Yazarlar Birliyi ilə sıx əlaqələrimiz var. Ən son Sabir Poeziya günlərində ordan gəlmişdilər. Avrasiya Yazarlar Birliyinin orqanı var: «Kardeş kalemler». Onlarla da əlaqəni mən yaratmışam, amma indi həmin dərgidə istənilən Azərbaycan yazarı, şairi rahatlıqla çap olunur. «Dialoq Avrasiya» dərgisində də Azərbaycan yazarları öz əsərlərini çap etdirirlər. Yəni, mənim əlim hara çatırsa, orada yazarlarımızı təqdim edirəm. Bu iddiaların alt mənası odur ki, mən Türkiyədə atamın da kitabını çap etdirmişəm. Hiyə də elətdirməyim?! Başqa şairlərin də kitabı çıxıb, onun da. Əgər bir adam iddia etsə ki, mən atamı və anamı digər yazarlardan daha çox təbliğ edirəm, bu düz olmaz. Amma mən onları ədəbiyyatdan silə bilmərəm. Onlar düşünürlər ki, Anar durmadan öz ata-anasını təbliğ edir. Hətta bir nəfər yazmışdı ki, Anar gedəndən sonra Rəsul Rzanın adını heç «Ədəbiyyat qəzeti» də çəkməyəcək. «Ədəbiyyat qəzeti»ndən razı deyiləm - «Ədəbiyyat qəzeti»ndən söz düşmüşkən, «Ədəbiyyat qəzeti»ndən razısınız? - Müəyyən məqamları ilə razıyam, müəyyən məqamları ilə yox. İstərdim ki, bu qəzet daha mükəmməl çıxsın. - Gözünüzün qabağına bir anlığına «Ədəbiyyat və incəsənət» qəzetini gətirsəniz, səviyyə baxımdan üstünlüyü hansına verərsiniz daha çox? - Bunun üçün gərək o dövrü və bir də bu dövrü gözünün qabağına gətirəsən və yalnız o zaman dəqiq paralelliklər aparmaq mümkün olar. Sovet dövrü indiki dövrdən nə qədər fərqlənirsə, «Ədəbiyyat və incəsənət» qəzeti də «Ədəbiyyat qəzeti»ndən o dərəcədə fərqlənir. Amma mən deyə bilmərəm ki, «Ədəbiyyat qəzeti»ndən tam razıyam. Bu qəzetə mən dəfələrlə təkliflər də vermişəm… - Hətta, bir ara tənqid də etdiniz… - Tənqid də etmişəm, redaktoruna da demişəm, təkliflərimi də eləmişəm. Amma bir şeyi qəbul edirəm ki, bu qəzeti qalmaqal qəzetinə çevirmək olmaz. Bəzi qəzetlər sensasiya xətrinə yalan, böhtan, şər yaza bilər, amma «Ədəbiyyat qəzeti» gərək öz mötəbərliliyini saxlasın. - Zənnimcə, «Ədəbiyyat qəzeti»nin indi heç bir mötəbərliyi yoxdur… - «Ədəbiyyat qəzeti»nin ən böyük nöqsanı onun çox böyük-böyük materiallar verməsindədir. Mən kiçik, xırda, oxunaqlı materiallar verən qəzetləri sevirəm. Vaxtım olduqca məhduddur. Görürəm ki, böyük materialdır, oxumadan keçirəm. Qəzet isə oxunmaq üçün çıxır. Materialı gərək elə təqdim edəsən ki, oxucu ondan yorulmasın, bezməsin. Bu baxımdan mən «Ədəbiyyat qəzeti»ndən razı deyiləm. Forma cəhətdən. Məzmun da forma ilə sıx surətdə bağlıdır. «Zamanla ayaqlaşılmalıdır…» - Sizi adətən ziyalı mövqeyi nümayiş etdirməməkdə də ittiham edirlər… - Mənim elə bütün ömrüm mövqe nümayiş etdirməklə keçib. Deyirlər də… Ona görə deyirəm ki, bütün bunların hamısı yalan, böhtan, məkr üzərində qurulub. Əgər bunların içində bir balaca həqiqət olsaydı, adamı yandırmazdı. Bu yazanların bir hissəsi bilməyərəkdən yazır. Bir hissəsi isə bilə-bilə yazır. Mənə elə gəlir ki, bunların yaxşı muzdverəni var. Belə olmasa bu qədər canfəşanlıqla yazmazlar. Yazırlar, sonra bir müddət ara verirlər, sonra yenə başlayırlar. Deməli, tapşırıqla yazdıqları kimi tapşırıqla da susurlar. Gəlin ayrı şeylərdən danışaq. Kimdi axı bunlar? Belə çıxır ki, mənim başqa işim-gücüm yoxdur… - Qarşıdan qurultay gəlir. Anar müəllim qurultaydan sonrakı AYB-ni necə görmək istəyir? - Birinci növbədə biz AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər. Eyni zamanda yeniləşmə olmalıdır. Zamanla ayaqlaşılmalıdır. Mənim gələn il yetmiş beş yaşım tamam olur. Mən də əbədi deyiləm ki… Allah indi nə qədər ömür veribsə, onsuz da gələcəkdə gənclər gələcəklər. Amma bu gənclər mən istərdim ki, sağlam gənclər olsun. Olanların üstündən qələm çəkməsinlər, oturduqları budağı baltalamasınlar, su içdikləri quyuya tüpürməsinlər. Eyni zamanda ədəbiyyatı irəli aparsınlar. Eyni zamanda yeniləşməni təmin etsinlər. İndi internet əsridirsə, bunlar o vasitələrdən də isifadə etsinlər. Biz də imkanımız olsa kənardan baxaq və sevinək ki, ədəbiyyatımız əmin əllərdədir. Söhbətləşdi: Oktay Hacımusalı

Friday, June 1, 2012

VAXTDAN çox qabağa gedən “Bu vaxtın sahibi” və nələr, nələ

Arzu Abdulla arzuabdulla@rambler.ru
“Bir gün işdə halva paylayırdılar. Dedilər ki, MƏHƏRRƏMlik də belə çıxdı”. Yazar Oktay Hacımusalının yeni romanındandır. Qəribədir, kitab Məhərrəm ayında çıxıb. Mən də kitabı Məhərrəm oxuyub, elə Məhərrəm də yazıram. Doğrusu kitabın üzü-gözü, rəng-ruhu mənə çox tanış gəlir. Bir az da Türkiyədə çıxan kitablara oxşayır. O ki qaldı kitabın içinə... Hə, bu zor məsələdi. Deyim ki, kitabı bir oturumda oxuyub dərindən nəfəsimi aldım. Bu əslində kitabdakı zamanın axarı deyil, bu Oktay Hacımusalı qələminin sürəti və bacarığdır. Əslində Oktay göydən ulduz gətirməyib və bu kitabında yeni planet də kəşf etməyib. Amma öz aramızdır, Oktay Hacımusalı bu kitabında zor yazıb ha. “Bu vaxtın sahibi”ni oxuduqca elə bilirdim özüm-özümlə danışıram və ya lap yaxınlıqda doğma bir insan qəlbləri göynədən həyat hekayətini pıçıldayır mənə: “Əslində onun bədbəxtliyinə mən yox, yaşadığı cəmiyyət səbəb olmuşdu”. Bu çox tanış pıçıltıdı, çox tanış hekayətdi. Tanış mənzərədi, tanış hisslərdi. Hamımızın yaşadığı, hava udduğu, çörək əvəzinə ömrünü yediyi cəmiyyətdir bu. Bizi yaşamağa qoymayan, bütün bədbəxtçiliyimizə səbəb olan cəmiyyət. Oktayı oxuduqca Allahıma şükür edirəm ki, nə yaxşı, vaxtında bu cəmiyyətin maskasının altındakını gördüm və üzümü yana çevirdim “Cəmiyyətin mənim haqqımda nə düşündüyu mənə maraqlı deyil, tanrıyla mənim aramda vasitəçi yoxdur”. Və ya “Əlini cibinə salıb baxdı ki, görsün getməyə yol pulu var, yoxsa yox? Qalmamışdı”. Hamımızın hər gün üzləşdiyi ağrıdı. Təəssüf dolu ağrıdı. Amma yaşamağa məhkumuq qaçmaq, qurtulmaq mümkün deyil. Oktay bu vaxtı yazıb, yaşadığımız vaxtı. Amma onun daxili aləmi, ağrılı, sakit pıçıltıları bu vaxtdan, bizim vaxtımızdan çox qabağa gedib. Oktay bu gün ədəbi proseslərdə liderlik etmək istəyən bir dəstə əlaməçidən çox fərqlidir. Oktayın liderlik etmək istəyi adıçəkilən kitabında hiss olunur. Daha doğrusu, yazıdakı pafosda hiss olunur. Amma bu pis hal deyil. Çünki Oktay başından yuxarı atlanıb, göydən ulduz gətirmək eşqində deyil. O, sadəcə ətrafında baş verənləri səssiz, diqqətlə müşahidə edir və pıçıltıyla söyləyir. Əslində ətrafımızda baş verənləri biz də görürük, hamı görür. Amma Oktayın fərqi həm də bunları duymasında, yana-yana duymasındadır. “Bu vaxtın sahibi”nin üz qabığında qanlı yaş daman göz şəkli əks olunub. Hə, bu vaxtın SAHİBİNİN gözlərinin yaşında əks olunan qan dünyamızın yarılan bağrının, çatlayan qəlbinin qanıdır. Oktay bu qanı, hətta bu qanı acıyla duysa belə səsini başına atıb qışqırmır, o, sakitcə pıçıltıyla duyduqlarını söyləyir. Bayaq bir dəstə əllaməçidən danışdım. Son illər çıxan ədəbi nümunələrin arasında çox fərqlənir “Bu vaxtın sahibi”. Ən azından kitabı açanda və tanış olanda qarşında gerçəkdən ədəbi nümunəni görürsən. Ən azından söyüş, yataq səhnələri yoxdur burda. Bu kitab həyalı, pərdəli və sevdiyini imanı kimi sevən aşiqin iztirablarıdır. Oktayın yazısı sanki qiyamət günündən xəbər verən müqəddəs yazıdır. Çünki Oktay yazısında o, əllaməçilərdən fərqli olaraq, söyüş söymür. Axı Oktayı yaxından tanıyan adam kimi bilirəm ki, onun belə ucuz şoulara heç ehtiyacı da yoxdur. Bəli, Oktay gördüklərini müqəddəs duyğularında duyur, sonra isə ətrafındakılara çatdırır. Özü də qışqırmadan, səssiz-küysüz, sakitcə. Bu yəqin belə olacaq həmişə. Lap dünya dağılsa da Oktay pıçıltı ilə söyləyəcək duyğularını. Oktay duymaq üçün dünyanı sakit, səssiz yerişiylə gəzəcək və sakit baxışıyla seyr edəcək. Bütün bunlardan isə VAXTDAN çox qabağa gedən “Bu vaxtın sahibi” və nələr, nələr yaranacaq. Nələr? Əlbəttə ki, saf, tərtəmiz, bütün pisliklərdən və pis niyyətdən uzaq dupduru ƏDƏBİYYAT yaranacaq. Uğur olsun Oktay abi!

Thursday, May 31, 2012

Här cümläsindä bir roman gizlänän kitab

Azär Häsrät, azer@azerhasret.com Lap uşaqlıqdan özümü kitab oxumağa elä alışdırmışam ki, indi dä oxumayanda näyimsä çatışmır. Çağdaş ilätişim texnologiyalarının yaşamımızı işğal etdiyi bir dönämdä kitab oxumaq, özälliklä dä bädii ädäbiyyat oxumaq bäzän mümkünsüz olur. Ancaq buna baxmayaraq älimä düşän kiçik fürsätlärdä belä bir neçä sähifä dä olsa oxumağa çalışıram. Bädii ädäbiyyat oxumaqdan xüsusi zövq alıram. Uzun müddät ac qalmış insan önünä gälän läzzätli yemäkläri necä iştahla yeyirsä, män dä älimä keçän fürsätdän istifadä edib çoxdan oxumaq istädiyim bir kitabı o cür iştahla oxuyuram. Oxuduqca zänginläşiräm, yeni şeylär öyräniräm vä özümä inamım artır. Häm dä söz ehtiyatım, yazı imkanlarım genişlänir. Bäzän elä kitablar olur ki, onu oxumaq sadäcä mümkün olmur. Ya yazarın mäntiqini anlamaqda çätinlik çäkirsän, ya da ki, kitab “mänim dä kitabım var” yanaşmasıyla çap olunduğu üçün oxuya bilmirsän. Ancaq elä kitablar da var ki, onları acgözlüklä, sevä-sevä oxuyursan. Hätta oxuyub qurtardıqdan sonra täässüflä köks ötürüb niyä bu kitabın bu qädär qısa olduğunu sorğulayırsan. Vä sonra da yazarın fikirlärini necä qısa vä aydın ifadä etmäsini xatırlayıb özünä täskinlik verirsän. Kitabın üz qabığı Gänc qäläm adamı, özünämäxsus yazı tärzi vä ruh halı ilä seçilän Oktay Hacımusalı da, mäncä, här käsin sevä-sevä oxumaq istädiyi yazarlar sırasındadır. Bugünlärdä onun “Bu vaxtın sahibi” kitabının imza märasiminä qatılmışdım. Düzü, bu vaxtadäk daha çox mätbuatdan izlädiyim bu gäncin adı çäkilän kitabının mäni bu qädär valeh edä biläcäyini düşünmürdüm. Yanılmışdım. Häcmcä kiçik olsa da az qala här cümläsindä bir roman gizlänän kitab täsiri bağışlayır “Bu vaxtın sahibi”. Yazar özünün äsgärlik xatirälärinä, än adi vä ülvi yaşam anılarına yer verdiyi äsärdä bäzän vä çox zaman demäk istädiklärini bir cümläyä sığdırmağı bacarır. Özü dä kitabı oxumağa başlayan kimi istär-istämäz ona aludä olursan vä “daha sonra?” deyä sual edirsän. Vä bir sonrakı cümlädä, sähifädä daha sonra nälärin olduğunu oxuya bilirsän. Yazar bu kitabın bir yerindä Knut Hamsunun “Aclıq” romanının adını da çäkir. Düzü, täxminän on il öncä hämin romanın rus variantını oxumuşam vä açığı orada täsvir olunan insan halı hälä dä mäni öz täsiri altında saxlamaqdadır. Oktay Hacımusalının bu kitabı da hardasa “Aclıq” romanındakı duyğusallıqla qälämä alınıb. Düzdür, burada äsas mövzu aclıq deyil, ancaq insan halının başqa bir aspektdän täsvir olunması baxımından bu kitab “Aclıq” romanı ilä bir räfä qoyula bilär. “İndi düşünmäk zamanı deyil, indi ancaq vä ancaq qışqırmaq lazımdır…” (säh. 30). Bu bir cümlälik paraqrafı oxumaq yetärlidir ki, insan öz içindä uzun müddät yığılıb qalmış etirazı, qäzäbi här täräfä hayqırsın. Yaxud da sähifä 33-däki “Xäbärlär xidmäti öz işini davam etdirirdi. Dünya birliyi hälä dä bu ädalätsizliyä dözürdü” tärkibli cämi iki cümlälik bir paraqraf necä dä här käsä çox böyük bir mätläbdän xäbär verir. Bu iki cümläni oxumaq yetärlidir ki, müasirlärimiz Ermänistanın işğalı altında olan torpaqlarımızın mäsäläsinin sadäcä xäbär qädär däyärinin qaldığına, dünyanın isä heç vecinä olmadığına ämin olsun. Oktay bu boyda böyük problemä dünyanın etinasız münasibätini bär-bäzäksiz, müdrik bir şäkildä cämi iki cümläyä sığdırmağı bacarıb bu kitabında. Bu kitabda häm dä bir sarkazm var. Çox yumşaq vä näzakätli bir dillä ifadä olunan sarkazm. Yenä dä misal üçün, 38-ci sähifädäki cämi bir cümlälik paraqrafa diqqät yetiräk: “Qälblärinizi Allaha ämanät edin, ägär ibadät äyilib durmaqla olsaydı, Siyäzänin kaçalkaları çoxdan müctähid idi”. Bu cümläni oxuyanda istär-istämäz insanın gözü qarşısına din pärdäsinä bürünüb här cür haramzadalığa imza atan adamlar gälir. Oktay bu bir cümläsi ilä demäk istäyir ki, qälbindä Allah sevgisi olmayanların ibadäti riyakarlıqdan başqa bir şey deyil. “Sänä qurban olduğum Allah, axır män bunu başa sala bildim ki, kompüter täkcä musiqi märkäzi deyil.” Bu cümlä isä, görünür, Oktayın uzun müddät nadanlığından bezdiyi birisi haqqında qänaätini yığcam şäkildä ifadä etmäsi üçün gäräk olub. Bu cür qısa, yığcam vä därin mäna yükü olan cümlälärlä zängin bir äsärin yaradıcısını alqışlamamaq olmur. Xüsusän dä mänasız sözçülüyün baş alıb getdiyi bir dönämdä gänc bir yazarın belä bir äsär ärsäyä gätirä bilmäsi Azärbaycan bädii ädäbiyyatı üçün doğrudan da sevindiricidir. Çox arzu edärdim ki, Oktayın qälämi (qorxuram ki, Oktay bu cümläni oxuyandan sonra “qäläm deyil, klaviatura” fikrini ağlından keçirib mänä dä başa salmaq istäsin ki, artıq qälämlä yazmaq keçmişdä qaldı…) bu yöndä dä yazmağa davam etsin: qısa, anlaşıqlı, sadä vä därin mänalı. Yuxarıda dediyim kimi, bir romanlıq fikri bir cümlädä ifadä edärcäsinä…

Sunday, July 24, 2011

hələ rastına çıxmamış gəl vaz keç məndən

hələ rastına çıxmamış
gəl vaz keç məndən
nolsun e nolsun
məni tərifləyiblər yanında
bir iki saytda şeirlərimi oxumusan
sonra hansısa bir tədbirdə görmüsən məni
(əli və ninoda olar da yəqin)
mən də axmaq kimi dilboğaza qoymamışam
atanı görmüsən bir az məndə
bir az da yaşamadığın uşaqlığını
qızım məncə unuda bilərsən axı
hələ rastına çıxmamış
gəl vaz keç məndən

yuxuna haram qataram a haram
unudarsan hər şeyi
saaatlarla güzgünün qabağında bəzənməyi tərgidərsən
sonra gözlərini yığa bilməzsən yollardan
məni gözləyərsən
mənim istəklərim ağır gələr
əzilərsən altında
ilk başda sevgi gözünü örtdüyündən
nə desəm həyatının qanununa çevrilər
amma sonra
sonra
əzablar kor bataqlıqlar kimi çəkər içinə
ayılıb görərsən ki batıb gedirsən
əlacsızam da
neynim əlacsız
deyərsən telefonda rəfiqənə
oktaya öyrəşmişəm
onsuz dəli olaram
yalandı
adının bir parçası haqqı yalandı
adam böyüyün sözünə qulaq asar
quzum
hələ rastına çıxmamış
gəl vaz keç məndən

BEYNİNƏ TƏKLİK VURANDA...


(“REAKSİYA BİLDİRMƏLİ OLDUQLARIM ÜÇÜN” III YAZI)

Bir zaman hətta kimsənin yanında danışmasını belə istəməyən bir insan elə bir an gələ bilər ki, susqunluğunu pozmaq istəyər və ətrafında olanların hamısından susmadan danışmasını istəyər. O, illərlə bunun həsrətini çəkmişdir çünki. İllərlə bu günün xəyalı ilə yaşamışdır. Hətta, o anda bezgin olduğunu, dərdin bala – bala içini əzdiyini hayqırsa da, əslində onu bezdirən, içini əzən illərdən bəridir susqunluğunu qoruması, hər şeyi içinə atması olmuşdur. O, bunun fərqindədir, ona görə də qarşısındakına “susma!” – deyə müraciət etməkdədir. Onun müraciəti artıq xahişi keçmişdir, tam tərsi ona əmr verməkdədir.
Yanğın var içimdə, susma
yoruldum rəsminlə danışmaqdan
ağlamaqdan yoruldum
səni düşünməkdən
və rəsmini sevməkdən bezdim.
bezdim insan olmağımdan
sənsiz qalmağımdan
susmağından bezdim, susma
Budur, insanlığın sevgisizlikdən yola çıxaraq gəldiyi nöqtə! Cəlil Cavanşir bunu üstünə alınmasın, məsələ onun sevgisizliyi deyil, tam tərsi məsələ cəmiyyətin sevgini xırdalaşdırmasındadır, məsələ cəmiyyətin sevgini qutsallaşdırmaqdansa onu yataq oyunlarının bir parçası halına gətirməsindədir. Ona görə Cəlil üsyan bayrağını qaldırır, ona görə “siz mənim dərdimə çarə tapmasanız çıxıb gedərəm” – deyir.
gedərəm, gedərəm, çıxıb gedərəm
milyon il gedərəm
işıq yoluyla
milyon il gedərəm
işıq sürəti
milyon il gedərəm tək O-na doğru
səmanı çiynimə alıb gedərəm
üzüm kainatın sonuna doğru.
Sevgisizlik və təklik girdabında boğulmaqdan dəhşətli bir şey ola bilməz bu yer üzündə. ətrafın, çevrən insanla dolu olar, yığın halında, sürü halında gəzişərlər ətrafında, amma dərdini danışmağa bir Allah bəndəsi tapmazsan. Tapmazsan ki, dərdini, illərdən bəridir içinə atdığın dərdləri, sıxıntıları Əvəz Qurbanlı demiş “qışqırasan dincələsən”. Yoxdur, Cəlil Cavanşir, yoxdur! Axtarmağına belə dəyməz! Bizimkisi iki daşın arasında, yarı yaşında birilərini sevənlərdi ki, qismətimiz buraya qədərmiş deyib kifayətlənərik. Ya da kifayətlənmərik, təklik beynimizə vuran anlarda bax beləcə sənin etdiyin üsyan bayraqlarını çəkərik. Qarşımızdaki şəxsdən ancaq danışmağını istəyərik. Susmasın, danışsın, nədən danışacaq, kimdən danışacaq, umrumuzda belə olmaz. Içində, içimdə, içimizdə yaranan fırtınalar başqalarının gözündə bəlkə də bizi adamlıqdan çıxarar, bəlkə də biz onların gözündə heçliyə, puçluğa çevrilərik, amma sən, mən, yəni biz ancaq bir şeyi istəyərik qarşımızdakından: susma! Dərdlər içimizdə dərin yaralar açar, ağrıdan alnımızdaki damarlar ilan kimi qıvrılar, bizsə həmin anlarda iki şeydən qorxarıq sadəcə: susqunluqdan və bizə baxan ətrafımızdaki gözlərdən!
susma,
içimdə hüzn var,
dərd içimi oyur,
yoruluram baxışından
baxma.
Sənin susqunluğundan,
dəli ola bilərəm,
baxma
belə baxma.
sənin lal baxışından
baxışından
ölə bilərəm...
Cəlil “elə gözləyirəm ölümüm gələ”ni yazdığı zaman da təklik içərisində idi, “Qızımın adını Şəbnəm qoysam”ı yazanda da. Alın yazısı – təklik, sevgi, sonda isə depresiya… və dalınca dalbadala düzülmüş nöqtələr… bəlkə də sual işarələri… həm də cavabını gözləyən sualların axırına qoyulan sual işarələri…
Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.
“Nəyimə lazımdı?” - sualı ilə başlayır Cəlil Cavanşir, elə deyilmi? “Nəyimə lazımdı?” sualı “yum gözünü, baxma, baxma…” cümlələri ilə davam edir, axır gedib harda dayanır qatar? Depressiyada! Günümüz insanı, yaşadığımız toplumun kəsavətli havası ona elə təsir edib ki, ütopik bir sevgi də artıq tərk edilmiş bir xarabaya çevrilib Cəlilin nəzərində. Və yavaş – yavaş dəyərini itirib…
səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.
Hər nə qədər “lənətə gələsən!” – desəm də, desən də, desək də nəticə etibari ilə gəldiyimiz nöqtə eynidir: “Sevirəm səni hələ də...” Yenə də görürsən ki, onun əsirisən. O, sənə xəyanət etsə də, səni sevsə də, sənə nifrət etsə də, səninçün dəyişilməzdir, əvəzolunmazdır. Baxmayaraq ki, bu şəhərdə sevgisini rahatlıqla səninlə paylaşabiləcək qızlar, xanımlar var və sən onlardan sevgini beşdəqiqəlik sədəqə kimi qəbul etməyəcəksən. Və bir də... Cəlilin dediyi kimi bu şəhərdə ucuz qadınlar var. Amma inanın mənə, onlar şair dostumuzun o
Saçlarının bəyazını xınayla gizləyən,
Kiçiçik qızınını atasız böyüdən,
İşini çox sevən qadın... – deyə bəhs etdiyi qadınının yerini verməyəcək. Neyləsə də! Baxmayaraq ki, özünün dediyi kimi “tənha gecələrdə, kişilərə yaraşmayan ağlamaq, qışqırmaq kimi vərdişləri var.”
Sonda sənə bir söz deyim, Cəlil qardaş! Əsas odur ki, bu şeirlərində özünsən! Kimisə təkrarlamırsan, belə getsə daha fərqli yerlərə gələcəksən. Içində partlmağa hazır, partladığı zaman hər yeri dəhşətlə sarsıdacaq nəhəng bir bomba yerləşib. O sözün partlayışıdır. Və o partlayışdan qətiyyən qorxma!
milyon il gəlmişəm işıq yolunu,
gəlib dayanmışam bu yer üzündə
dünyanı qoyublar ayağım altda
dünya ilk durağım
dünya son evim.
dünya unutduğum,
dünya sevdiyim.
Milyon ilə işıq yolunu gəlmisənsə, gəlib bu yer üzündə dayanmısansa, dünyanı ayaqların altına qoyublarsa sən xoşbəxtsən. Amma, sənə verilənlə kifayətlənmə! Daha çoxunu istə! Onsuz da gec ya da tez çıxıb gedəsiyik bu fəna mülkündən!