Saturday, June 23, 2012
«Bütün ömrüm mövqe nümayiş etdirməklə keçib»
Anar: «AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər»
«Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil…»
«İnternet müasir dövr üçün həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla…»
Azərbaycan Yazıçılar İttifaqının 1987-ci il iyunun 18-də keçirilən qurultayında yazıçı Anar ilk dəfə bu qurumun sədri seçildi. Sovet İttifaqının tifaqı dağıldı və qırmızı imperiyanın süqutu ilə yanaşı Yazıçılar İttifaqının adındakı «ittifaq» sözü də tarixin arxivinə gömülərək «Birlik» sözü ilə əvəz olundu… Artıq 25 ildir ki, xalq yazıçısı Anar Yazıçılar Birliyinin sədridir və artıq 25 ildir ki, Yazıçılar Birliyinin sədri Anar ləngərini pozmadan yolunu davam etdirir…
«Məni hər zaman günahlandırıblar…»
- Anar müəllim, bu iyirmi beş il necə qalıb yaddaşınızda?
- …Bu iyirmi beş ilin dörd ili Sovetlər Birliyi dönəminə təsadüf edir. Daha sonra, bildiyiniz kimi Sovetlər Birliyi dağıldı və bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də xaos və anarxiya hökm sürməyə başladı. Çox çətin dövrlər yaşadıq. Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Azərbaycan ədəbiyyatında müəyyən irəliləyişlər başladı. Bu gün də cənab prezidentin ədəbiyyata qayğısı bariz şəkildə özünü göstərməkdədir.
- Etiraf edək ki, AYB digər yaradıcı qurumlardan fərqli olaraq, sıx-sıx qalmaqallarla gündəmə gəlir. Sizcə bunun səbəbi nədir?
- AYB-nin digər yaradıcı qurumlardan fərqi ondadır ki, AYB – nin üzvlərinin sayı digər yaradıcı qurumların üzvlərindən bir qədər çoxdur. AYB-nin hazırda 1500 nəfərdən çox üzvü var.
- Çox deyilmi? Anar müəllimə görə AYB-nin əslində neçə üzvü var?
- Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil… Bu da istər-istəməz problemlər yaradır. Mən hər zaman qalmaqalların içində olmuşam. Məni hər zaman günahlandırıblar, hər zaman mənə hücum çəkiblər…
- Müstəqillik dövrünü bilirik. Bəs Sovetlər Birliyinin zamanında sizə kim hücum çəkirdi?
- Covet dövrünün son dönəmlərində, mən AYB sədri seçiləndən sonra ermənilərlə aramızda çox ciddi konflikt yaranmışdı. Və o zaman ermənilərdən çoxlu hədələr alırdım. Hətta, ermənilər içində mənim də adımın olduğu bir siyahı hazırlamışdılar ki, bu siyahıdakılar qətlə yetiriləcəkdilər.
- Heçənci adam idiniz o siyahıda?
- Mərhum alimimiz Ziya Bünyadovun dediyinə görə mənim adım o siyahıda ikinci yerdə idi…
- Hətta ona görə də sizə paxıllıq edirdilər?
- Bəli, deyirdilər ki, niyə onun adı ikinci yerdədir? Və ya ümumiyyətlə Anar nə edib ki, onun adı o siyahıda qeyd olunub…
«Gərək etiraf edim…»
- Bu günə qayıdaq… Anar müəllim, dünya bu gün informasiya və kommunikasiya inqilabları sayəsində əməlli-başlı dəyişib. AYB bunun qarşısında duruş gətirə bilirmi?
- Mənim nöqsanlarımdan biri də budur ki, mən internetdən istifadə edə bilmirəm. Gərək etiraf edim… Övladlarım da, nəvələrim də internetdən istifadə etməyi bacarırlar. Mən isə bacarmıram. Bacarmıram deyəndə ki, heç vaxtım da yoxdur. Amma Yazıçılar Birliyinin saytı var, onun orqanlarında dərc olunan yazılar mütəmadi olaraq bura yerləşdirilir. Həm də ona görə internetə girmirəm ki, haqqımda yazılan böhtanları, tənqidləri oxuyub vaxt itirmək istəmirəm. Onsuz da qəzetləri alıb oxuyuram. Bir də nə ehtiyac var ki, internetə girib onların nə yazdığını oxuyum?
Amma başa düşürəm ki, internet müasir dövrün vacib bir sahəsidir. Müasir dövr üçün o həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla… Nə istəyirsən yaza bilirsən, amma məsuliyyət daşımırsan. Qəzetdə yazanda heç olmasa yazan şəxsi məhkəməyə vermək olur, amma saytda bunu eləmək mümkün olmur. Həm də insan yorular. Orada yalan deyən də var, böhtan atan da. Onların hamısı ilə məşğul olsan, onda gərək bütün həyatını bu işə həsr eləyəsən.
«O qədər mərdimazar var ki…»
- Bir müddət əvvəl mənzil bölgüsü ilə bağlı iki yazar ortaya çıxaraq AYB-yə öz narazılıqlarını bildirdilər. Onlar qeyd edirdilər ki, biz Anar müəllimi sevirik, Anar müəllim yaxşıdır, ətrafı isə pisdir… Bunu necə anlamaq olar, həqiqətən Anar müəllimin ətrafı pisdir?
- Mənim ətrafım katiblərdən ibarətdir. Onlarla həm münasibətim yaxşıdır, həm də bir yerdə rahatlıqla işləyirik. Aramızda heç bir problem yoxdur. Mən bu adamlarla işləmişəm və işləyəcəyəm…
- O zaman bu bu söz-söhbət haradan qaynaqlanır?
- Nə bilim, vallah. O qədər mərdimazar var ki… Bir də görürsən kimsə kiminsə xətrinə dəyir. Kimsə kiməsə salam vermir… O dəqiqə sən olursan düşmən. Bax, sən bayaq iyirmi beş illik fəaliyyətimlə bağlı sual verdin…
…Xaricə də səfərlər etmişəm, ölkə daxilində də olmuşam, müxtəlif yerlər gəzmişəm, insanlar tanımışam, amma özlüyümdə bu qədər nankor insanla, bu qədər nanəcib insanla, bu qədər yalançı insanla heç vaxt heç yerdə rastlamamışam. Gəlir girir bu otağda başqa şey deyir, çıxır gedir başqa şey yazır. Mənə bir şey deyir, başqasına isə tamam başqa bir şey. Kiminləsə yola getmir, dalaşır, hayıfını gəlib məndən çıxır. Düzü bütün bunların hamısını desəm, bir dastan olar. Özü də o dəqiqə elə dəyişirlər ki… Min dəfə yaxşılıq elə, bir dəfə bir işini eləmə, o dəqiqə səndən üz döndərəcək. Hamısı elə deyil əlbəttə, amma adamların böyük bir qismi bax, belədir. Üzüdönükdür, etibarsızdır, çörəyi dizinin üstündə olandır, nankordur və nanəcibdir….
- Yəni söhbət yazarlardan gedir də?!…
- Yazarlardan gedir əlbəttə! Mənim ayrı adamlarla işim yoxdur ki!
«Qapım hamının üzünə açıqdır»
- …Bir də AYB-dən kənarda yaranan ədəbiyyat var. Anar müəllim, onları izləyə bilirsiniz?
- Bəzən onlar belə bir fikir səsləndirirlər ki, biz Anarla görüşmək istəyirik. Mən həmişə deyirəm, qapım hamının üzünə açıqdır. Əgər gəlmək istəmirlərsə, əsərlərini göndərsinlər. Mən özüm düşüb qapı-qapı onların əsərlərini axtarmayacağam ki. Əgər doğurdan da əsərlərini layiq bilirlərsə, hesab edirlərsə yazdıqları ədəbiyyatdır və bunu oxumaq olar, göndərsinlər. Amma mənim bu adamların yazdıqlarının həqiqətən də ədəbiyyat olmasına şübhəm var. Hiyə şübhəm var, çünki, o onların köşə yazılarını oxumuşam və inanmıram ki, o əxlaqda, o səviyyədə, o düşüncədə olan birisi ortaya nəsə ciddi bir ədəbi nümunə qoysun. Amma ola bilər ki, mən də yanılım. Ola bilər ki, köşə yazılarının tələbi tamam başqadır. Ola bilər həmin adam köşə yazanda yalan yazsın, böhtan yazsın, bəsit və dayaz yazsın, amma roman və şeir yazanda çox gözəl yazsın. Bəlkə də… Hə deyə bilərəm? Mən şəxsən oxumamışam.
«Gec-tez başa düşəcəklər…»
- Sizin də qeyd etdiyiniz kimi bir müddət əvvəl bir qrup gənc yazar ortaya çıxıb sizinlə görüşmək istədiklərini demişdilər. Onlar açıqlamalarında qeyd etmişdilər ki, biz barışığa getmək istəyirik…
- Bilirsiniz, axı, bu bir az Qarabağ seperatçıları ilə Azərbaycan dövlətinin görüşməsinə oxşayır… Azərbaycan hökuməti heç vaxt seperatçılarla danışıqlar apara bilməz. Və Yazıçılar Birliyinin sədri də heç vaxt beş nəfər adamla tərəf müqabili kimi danışıqlar apara bilməz. Gələ bilərlər, buyurub gəlsinlər. Amma onlar «biz barışmaq istəyirik» – deyəndə elə çıxır ki, guya mən onlardan küsmüşəm.
- Bəlkə, onlar sizdən küsüblər?
- Özləri küsüblər, özləri də bilərlər. Şəxsən mən heç kimdən küsməmişəm. Ona görə də heç kimlə də barışmaq fikrində deyiləm. Elə çıxır ki, guya mən bunlarla müharibə eləmişəm, indi də barışıram.
- Sizin adınızdan belə bir fikir də səsləndi ki, guya siz demisiniz: «tövbə eləsinlər, mən onlarla görüşərəm»…
- Mən bir qədər başqa cür demişəm. Demişəm ki, Yazıçılar Birliyinin tövbə qapısı açıqdır. Çünki, o qədər çirkin, o qədər eybəcər fikirlər deyiblər ki, peşman olduqlarını, bu fikirlərindən daşındıqlarını deməsələr, mən onlarla necə görüşə bilərəm? Mənə olmazın təhqirlər, olmazın böhtanlar yazan adamlarla necə danışa bilərəm? Bu böhtanlardan sonra mən durum deyim ki, gəlin gözümün üstündə yeriniz var?! Xeyir! Desinlər ki, bu yazdıqlarımızdan peşmanıq, desinlər ki, bu yoldan çəkinirik, bir də belə səhvlər eləməyəcəyik, ondan sonra hə, nədənsə danışmaq olar. Axır vaxtlar görürəm, çoxu səhv etdiyinin fərqinə varır. Gec-tez başa düşəcəklər…
- Yəni, gec-tez hamısı tövbə edəcəklər?
- «Tövbə» sözü bəlkə də bunu tam ifadə eləmir, yəni başa düşəcəklər ki, düzgün hərəkət etməyiblər. Mən nə «tövbə etsinlər», nə «qələt etmişik desinlər» – deyirəm, nə də başqa bir ağır ifadə işlədirəm, amma deyəcəklər ki, düz eləməmişik.
- Bu eyni zamanda AYB-nin içində müxalifətdə olan qüvvələrə də aiddir?
- Mən bilmirəm… AYB-nin içində müxalif qüvvələr var ki, məgər?
- Niyə ki, telekanallara çıxırlar…
- Bu ev məsələsində bir-iki nəfər çıxdı, onlar da sonra peşman oldular. Gördülər ki, ədalətsizlik ediblər.
- Amma belə bir səs-soraq da çıxdı ki, onları işdən azad etdirənlər olub…
- Söhbət bir nəfərdən gedir: Südabə Sərvidən. Südabə də müsahibəsində çox haqsızlıq etmişdi. Yaraşmazdı ona. Amma mən onun işdən çıxarılmasını eşidən kimi Vahid müəllimə zəng vurdum və xahiş etdim ki, çıxartmasınlar, təkrar öz yerinə bərpa eləsinlər. Vahid müəllim əsas göstərdi ki, o, bizim nizamnaməmizin daxili tələblərini pozduğuna görə işdən çıxarılıb. Mən heç kimin çörəyinə bais olmaq istəmədiyimi dedim və uzun müzakirələrdən sonra Vahid müəllim mənimlə razılaşdı. Daha sonra Mirşahinlə danışdım. Razılaşdıq. İndi Südabə zəng vurub ki, məni işdən çıxarıblar. Sən özün də eşitdin… Mənim də sözümü yerə salandan sonra mən daha artıq neyləyə bilərəm ki?! Amma təəssüf edirəm. Təəssüfümü bildirirəm ki, gərək Südabə Sərvini işdə saxlayaydılar.
- Anar müəllim, bu xalçanı kim bağışlayıb sizə?
- Yüz faiz Südabənin atası bağışlamayıb. Bunu mənə Gəncənin icra başçısı altmış illiyimdə bağışlayıb. Bax, belə şeyləri necə bağışlayasan? Bunu necə bağışlayasan ki, bu xalçanı mənə yüz adamın içində hədiyyə ediblər, Südabə də yazıb ki, mənim atam bağışlayıb. Mən heç onun atasını tanımıram axı. Üzünü də görməmişəm. İndi bax bu müsahibədən sonra da həmişəki kimi deyəcəklər ki, tənqidi niyə qəbul eləmirsən? Bu tənqiddir? Əgər bu tənqiddirsə, o zaman mən «tənqid» sözünün mənasını başa düşmürəm. Bu yalandır, bu böhtandır, bu iftiradır.
«Yazsınlar da…»
- Anar müəllimi sizcə tənqid daha çox eləyirlər, yoxsa təhqir?
- Bir-iki qəzet var, əsasən «Azadlıq» qəzetidir, orada bir neçə «anarşünas» əyləşib, işləri-gücləri məndən yazmaqdır. Sonra «Müsavat» qəzetində arada yazılar çıxır. Son zamanlar «Şərq» qəzeti də yazır. Yazsınlar da… İslanmışın yağışdan nə qorxusu?! Mən öz işimi görürəm, onlar da bir gün başa düşəcəklər ki, vaxtlarını boş-boş işlərə sərf ediblər.
- Hərdən yazı masası üçün darıxdığınız vaxtlar olur?
- Mən yazı masasından ayrılmıram, daim işləyirəm. Qəribədir, bəzən yalnız müəyyən janrlara diqqət olur. Sən əgər başqa janrlarda işləyirsənsə, deyirlər, yəqin yazmır. Mən ssenari də, nəsr də, pyes də yazıram, onları görmürlər, deyirlər, yəqin yazmıram. Son illərdə yazdıqlarımı oxusunlar, sonra desinlər yazmışam yoxsa yox?!
- Bəziləri iddia edirlər ki, siz xaricdə ancaq özünüzə yaxın, AYB-yə yaxın bəlli çevrələri təqdim edirsiniz… Doğurdanmı, bu belədir?
- Qətiyyən elə deyil. Türkiyədə «Min ilin yüz şairi» kitabını tərtib etmişəm. Deməli, yüz şairi artıq mən türkiyəli oxuculara təqdim etməyi bacarmışam.
- Ən gənc şair kim idi həmin yüz şairin içində?
- Türkiyədə çalışdığım dövrdə olub bu. Vaqif Cəbrayılzadə nəsli idi. Yox, dəqiq yadıma düşdü, şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev, bir də Nizami Aydın… Türkiyədə Cəlil Məmmədquluzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin ayrı-ayrılıqda kitablarını çap etdirmişəm. Əgər bunlar Azərbaycan ədəbiyyatından saymırlarsa, bəs yaxşı bunlar kimdir?
«Valideynlərimi ədəbiyyatdan silə bilmərəm»
- Son dövrlər AYB-nin xarici əlaqələri hansı səviyyədədir?
- Bizim Avrasiya Yazarlar Birliyi ilə sıx əlaqələrimiz var. Ən son Sabir Poeziya günlərində ordan gəlmişdilər. Avrasiya Yazarlar Birliyinin orqanı var: «Kardeş kalemler». Onlarla da əlaqəni mən yaratmışam, amma indi həmin dərgidə istənilən Azərbaycan yazarı, şairi rahatlıqla çap olunur. «Dialoq Avrasiya» dərgisində də Azərbaycan yazarları öz əsərlərini çap etdirirlər. Yəni, mənim əlim hara çatırsa, orada yazarlarımızı təqdim edirəm.
Bu iddiaların alt mənası odur ki, mən Türkiyədə atamın da kitabını çap etdirmişəm. Hiyə də elətdirməyim?! Başqa şairlərin də kitabı çıxıb, onun da. Əgər bir adam iddia etsə ki, mən atamı və anamı digər yazarlardan daha çox təbliğ edirəm, bu düz olmaz. Amma mən onları ədəbiyyatdan silə bilmərəm. Onlar düşünürlər ki, Anar durmadan öz ata-anasını təbliğ edir. Hətta bir nəfər yazmışdı ki, Anar gedəndən sonra Rəsul Rzanın adını heç «Ədəbiyyat qəzeti» də çəkməyəcək.
«Ədəbiyyat qəzeti»ndən razı deyiləm
- «Ədəbiyyat qəzeti»ndən söz düşmüşkən, «Ədəbiyyat qəzeti»ndən razısınız?
- Müəyyən məqamları ilə razıyam, müəyyən məqamları ilə yox. İstərdim ki, bu qəzet daha mükəmməl çıxsın.
- Gözünüzün qabağına bir anlığına «Ədəbiyyat və incəsənət» qəzetini gətirsəniz, səviyyə baxımdan üstünlüyü hansına verərsiniz daha çox?
- Bunun üçün gərək o dövrü və bir də bu dövrü gözünün qabağına gətirəsən və yalnız o zaman dəqiq paralelliklər aparmaq mümkün olar. Sovet dövrü indiki dövrdən nə qədər fərqlənirsə, «Ədəbiyyat və incəsənət» qəzeti də «Ədəbiyyat qəzeti»ndən o dərəcədə fərqlənir. Amma mən deyə bilmərəm ki, «Ədəbiyyat qəzeti»ndən tam razıyam. Bu qəzetə mən dəfələrlə təkliflər də vermişəm…
- Hətta, bir ara tənqid də etdiniz…
- Tənqid də etmişəm, redaktoruna da demişəm, təkliflərimi də eləmişəm. Amma bir şeyi qəbul edirəm ki, bu qəzeti qalmaqal qəzetinə çevirmək olmaz. Bəzi qəzetlər sensasiya xətrinə yalan, böhtan, şər yaza bilər, amma «Ədəbiyyat qəzeti» gərək öz mötəbərliliyini saxlasın.
- Zənnimcə, «Ədəbiyyat qəzeti»nin indi heç bir mötəbərliyi yoxdur…
- «Ədəbiyyat qəzeti»nin ən böyük nöqsanı onun çox böyük-böyük materiallar verməsindədir. Mən kiçik, xırda, oxunaqlı materiallar verən qəzetləri sevirəm. Vaxtım olduqca məhduddur. Görürəm ki, böyük materialdır, oxumadan keçirəm. Qəzet isə oxunmaq üçün çıxır. Materialı gərək elə təqdim edəsən ki, oxucu ondan yorulmasın, bezməsin. Bu baxımdan mən «Ədəbiyyat qəzeti»ndən razı deyiləm. Forma cəhətdən. Məzmun da forma ilə sıx surətdə bağlıdır.
«Zamanla ayaqlaşılmalıdır…»
- Sizi adətən ziyalı mövqeyi nümayiş etdirməməkdə də ittiham edirlər…
- Mənim elə bütün ömrüm mövqe nümayiş etdirməklə keçib. Deyirlər də… Ona görə deyirəm ki, bütün bunların hamısı yalan, böhtan, məkr üzərində qurulub. Əgər bunların içində bir balaca həqiqət olsaydı, adamı yandırmazdı. Bu yazanların bir hissəsi bilməyərəkdən yazır. Bir hissəsi isə bilə-bilə yazır. Mənə elə gəlir ki, bunların yaxşı muzdverəni var. Belə olmasa bu qədər canfəşanlıqla yazmazlar. Yazırlar, sonra bir müddət ara verirlər, sonra yenə başlayırlar. Deməli, tapşırıqla yazdıqları kimi tapşırıqla da susurlar. Gəlin ayrı şeylərdən danışaq. Kimdi axı bunlar? Belə çıxır ki, mənim başqa işim-gücüm yoxdur…
- Qarşıdan qurultay gəlir. Anar müəllim qurultaydan sonrakı AYB-ni necə görmək istəyir?
- Birinci növbədə biz AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər. Eyni zamanda yeniləşmə olmalıdır. Zamanla ayaqlaşılmalıdır. Mənim gələn il yetmiş beş yaşım tamam olur. Mən də əbədi deyiləm ki… Allah indi nə qədər ömür veribsə, onsuz da gələcəkdə gənclər gələcəklər. Amma bu gənclər mən istərdim ki, sağlam gənclər olsun. Olanların üstündən qələm çəkməsinlər, oturduqları budağı baltalamasınlar, su içdikləri quyuya tüpürməsinlər. Eyni zamanda ədəbiyyatı irəli aparsınlar. Eyni zamanda yeniləşməni təmin etsinlər. İndi internet əsridirsə, bunlar o vasitələrdən də isifadə etsinlər. Biz də imkanımız olsa kənardan baxaq və sevinək ki, ədəbiyyatımız əmin əllərdədir.
Söhbətləşdi: Oktay Hacımusalı
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment