Monday, November 29, 2010

YOLDAŞ SƏNİ KİM APARDI?


Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq fərqində deyilsiniz! Fərqində olsaydınız, sizi bu vəziyyətə salanlardan bir dəfəlik uzaqlaşıb onların üzünə lomba ilə tüpürər və özünüzdə güc və qüvvə tapıb yenidən başladığınız yerə qayıdardınız. O zaman hər şey necə də gözəl olardı və siz bir nəfəslik şeirin dadını daha yaxşı hiss eləyərdiniz.
Hiss eləyərdiniz və bu torpağın oğlu, qızı olduğunuz üçün fəxr hissi duyardınız. Hətta fəxr hissi duymasanız belə ən azından aşağılıq kompleksi keçirməzdiniz. Öz fərdi uğursuzluğunuz ucbatından bu Vətəni qınamaz və ağlınıza gələni ədəbi – bədii nümunə adı ilə kimlərəsə sırımazdınız. Kimlərəsə deyəndə ki, siz bunu cəmiyyətə sırıyırsınız və milli – mənəvi dəyərləri hələ genetik kodlarından tam sıyrılmamış gənclər bütün bu yazdıqlarınızı oxuyandan sonra elə fikirləşirlər ki, onların indiyə kimi oxuduqları hamısı boş şey imiş. Əsl ədəbiyyat nümunəsi isə kimlərinsə intim həyatından alınma açıq – saçıq şeir adına yazılan cızma – qaralar imiş.
Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq acı bir həqiqətə göz yumursunuz! Hansısa bir çayxana, pivəxana küncündə sizə həqiqəti göstərməyə çalışanları da öz aranızda ələ salıb lağa qoyursunuz! Başınızdakı sizi taktik olaraq məğlub halına gətirənlər isə sizə bilərəkdən yanlış yön göstərir və beləcə sizin bataqlığa saplanmış cəsədləriniz üstündə daha böyük mərtəbələrə yüksəlirlər! Bəsit, nəyisə izhar etməkdən uzaq, laubali tempiniz güya bu milləti heçə sayır və görənlərdə elə bir hal yaradır ki, siz təzəlik aşiqisiniz, əslində isə sizlər bilavasitə keçilmiş yolların ocağının altında qalmış közlərlə oynayan TİFİLLƏRsiniz və fərqində deyilsiniz ki, bir gün əsən külək həmin közlərdən birini alışdıra bilər. Alışan həmin köz isə sizin bütün yazdıqlarınızı və yazmaq istədiklərinizi kül eləyər!
Siz nələrisə qəbul etməyə bilərsiniz, amma təhtəlşüurunuzun o qəbul etmədiklərinizdən ibarət olduğunu da unutmayın, lütfən! Mənə o qəbul etmədiklərinizin əksini göstərin, «pis» dediklərinizin «yaxşı» olaraq qəbul olunan formasını göstərin, tətmin olum! Göstərə bilməzsiniz, çünki elə bir nəsnə mövcud deyil. Mövcud olmuş olsaydı, indiyə ən azından əllisini çıxarıb qabağımıza qoymuşdunuz. Necə ki, yeni dəyərlər adı ilə neçə vaxtdır, ən yaxşı halda Türkiyə ədəbiyyatının ən uğursuz nümunələri ilə başım(n)ızı qatırsınız. Mən sizi qınamıram: çünki sizin yerli ədəbi ideoloqlarınız da sizin başınızı qatıblar!
Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq qəbul etmək cəsarətinə sahib deyilsiniz! Çünki, qayıtmağa yolunuz yoxdur, yeriniz yoxdur! Onlar nə vaxtsa özlərinin başlarına gətirilənləri sizin başınıza gətirdilər, sizi itirdilər, indi siz onlara sadəcə onların ətrafında görünmək üçün lazımsınız! Yetərsay sizinlə tamamlanır, halbuki, bu başqa cür də ola bilərdi. Sizin buna potensial imkanlarınız var idi. Lakin, aldandınız, elə bildiniz ki, bu fani dünya elə – belə də davam edəcək. Və həmişə elə – belə axarlı – baxarlı istedadla qoşa gedəcəksiniz həyat yolunda!
Sürətli dəyişikliklər, xaos ortamı sizi bugün dünyada gedən proseslərdən belə uzaqlaşdırdı. Get – gedə kiçilən bu dünyada bəlkə də sizin ən zəif, ilkin qələm təcrübələri ilə çıxış edən həmyaşlarınız daha çox maraq doğuracaq, nəinki siz! Çünki, qlobal dünyaya gec – tez BÖYÜK TƏFƏKKÜR lazım olacaq. Sizin yazdıqlarınız isə onsuz da onda çoxdan var.
Siz bu oyunu uduzmusunuz, çünki normal təfəkkür belə – mən hələ BÖYÜK, ALİ TƏFƏKKÜRdən danışmıram, sizin elədiklərinizə ikrahla baxır. Sizə bu oyunu uduzduranlar da – sizin yerli ədəbi ilham mənbəələriniz də bilir ki, siz artıq onların əlində oyuncaqsınız. Bu günün özündə də qəbul edə bilmədiyiniz bütün bu millətə aid olan dəyərlərin hamısı sizin məğlubiyyətiniz üçün dua edir!
Siz bu oyunu uduzmusunuz, siz də, sizin ilham mənbəəyiniz olan ustadlarınız da! Amma məncə ən çox sizlər uduzmusunuz! Onlara nə var ki, sizlər tükənəndən sonra yenilərini tapacaqlar sizin yerinizə onsuz da!

No comments: