Monday, November 29, 2010

ŞEYX SƏNAN MƏQAMI


Şərqin dəyərləri necə «Leyli və Məcnun»da təcəssüm etmişdisə, necə Məcnun Leylinin məcazi sevgisini dadıb yavaş – yavaş həqiqi eşqinə çatmışdısa, bir başa bariz təsəvvüf elementləri Məcnunu səhralara, çöllərə salmışdısa, Məcnun necə düşdüyü çöllərdə əl açıb Tanrıya Leylisinin sorağı ilə gəldiyi çöllərdə həqiqi eşqi – yəni Mövlasını tapdığına görə şükr eləyirdisə və gözü artıq Leylini görmürdüsə, uzun illərdən, əsrlərdən sonra Şeyx Sənan da eyni koddan kamillik mərtəbəsinə yaxınlaşma məqamında idi. İndi çoxları, demək olar ki, əli qələm tutan və şöhrət olmaq istəyən hər kəs Hüseyn Cavidin üstünə qaçır təbiri – caizsə…


Hüseyn Cavidsə o qədər böyük bir dəryadır ki, hər kəs ondan bir az götürsə, yenə o dəryanın suyu azalmır. Əksinə o naşı sui istifadəçilərinin acığına bir az da Cavidin dəryası daha da ucsuz–bucaqsız görünür. Təlatümlü dənizi xatırladır.
Şeyx Sənanı və ümumiyyətlə daha əvvəlki buta anlayışının ərənlərini yetişdirən bu mədəniyyətin içərisindən çıxmışdı Hüseyn Cavid. Və Şeyx Sənan yazılanda Cavidin o dövrə qədər yazılan bütün məhəbbət dastanlarından (söhbət burda fərdə duyulan məhəbbətdən yox, ümumbəşəri məhəbbətdən gedir) və eyni zamanda «Şeyx Sənan» hekayəsinin özündən əvvəl yazılan bütün variantları ilə yaxından tanış idi. Şeyx Sənanı daha əvvəllər İmam Qəzali, Əlişir Nəvai, Gülşəhri də müxtəlif vaxtlarda öz dövrlərinin tələbinə uyğun işləmiş, öz dövrlərinin tələbinə işlədikləri zaman qətiyyən bir məqamdan yan ötməmişdilər: Şeyx Sənan nəticədə Şeyx Sənan idi! Və Şeyx Sənanı Şeyx Sənan eləyən ümumbəşəriliyi idi! Eyni əsər içərisində həm müsbət, həm də mənfi xarakterlərin, eyni zamanda zidd qütblərdə dayanan ehtirasların böyük ustalıqla verilməsi insanlara bir gerçəyi xatırladır: Bu dünya Xeyir və Şərin əbədi mübarizəsi üstündə qurulub. İnsan bu əbədi mübarizə zəminində nəfsinin quluna da çevrilə bilər, Sənan kimi idrak fəlsəfəsinin ən üst məqamına yetişmək üçün gedib Xumargilin donuz damında da yaşaya bilər. Kənardan böyük bir kütlə (qələbəlik yox, məhz kütlə!) Sənana gülə bilər, onun yoldan azdığını iddia edə bilər, onu düz yola çağıra bilər, amma Sənan artıq elə bir məqamdadır ki, ona desəniz də, hətta bütün dünyanı qabağına qoysanız da, onun cavabı o BÖYÜK insanın cavabı kimi olacaq: «Günəşi bir əlimə, ayı o biri əlimə versəniz, yenə də bu sevdadan vaz keçmərəm!» Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığı Cavid haqqında danışanda (əslində heç indi də çox dəyişməyib düşüncələr!) Cavidin bəlkə də obrazlarının şahı olan Şeyx Sənanın bütün dini müqəddəsləri tapdalayıb insanlararası məhəbbəti bütün dinlərə qarşı olan məhəbbətdən daha üstün tutduğunu deyirlər. Qərb filosoflarından Rudolf Ottonun «Din insanlar üzərində aparılan müqəddəsatın təcrübəsidir» sözü ilk baxışdan insanda sual doğurur: Necə yəni? Lakin, R. Otto da oxucularını çox intizarda qoymağı xoşlamır və nə demək istədiyini tam mənası ilə açır, bu təcrübəni isə «misterium tremendium et faskinesium» yəni «qorxunc və heyrətamiz sirr» kimi oxucusuna təqdim edir. Rudolf Ottonun həmin bu «qorxunc və heyrətamiz sirr»i ilə Azərbaycan Sovet ədəbiyyatşünaslığının cavidə, ələxsus da cavidin Şeyx Sənanına yanaşmasındakı yaxın münasibəti görürsünüz də? Qərb bunu qorxu kimi dərk eləyir, çünki indi özü hər nə qədər insanpərvərlikdən, dialoqdan danışsa da, kilsənin qərarı ilə nə qədər insanı diri – diri yandırıb keçmişdə. Əsl dözümlülük isə məhz Şərqin özündə mövcud olub.

ŞEYX SƏNAN MƏQAMI VƏ QLOBALLAŞMA

Son illərdə, həm akademik və dövlət sahələrinin fəlsəfi-nəzəri dünyasında, həm də ictimai həyatın mücərrəd dünyasında strategiyaların və düşüncələrin sürətlə dəyişdiyini müşahidə edirik. Qloballaşma anlayışı, bu mənada, 1990 – cı illərdən başlayaraq get – gedə yayılmağa başladı, populyarlıq qazandı və ictimai dəyişim anlayışları üçün əsas anlayış halına gəldi. Martin Şounun da bildirdiyi kimi, özəlliklə 1990 – cı illərin ortalarından bəri, qloballaşma deyimi, bir tərəfdən Soyuq müharibədən sonra beynəlxalq siyasi – iqtisadi və mədəni əlaqələrin yenidən formalaşmağında, digər tərəfdən də həm modernizmlə bağlı aparılan tədqiqatlarda, həm də fərqli demokratiya məsələləri içərisində əsas göstəri nöqtəsi kimi istifadə olunmağa başladı: bəlkə də akademik və dövlət sahələrinin hakimiyyət anlayışı kimi
Qloballaşma anlayışının hakim vəziyyətinin eyni zamanda ziddiyyətli məqamlarını da özü ilə gətirdiyini, bu nöqtədə qeyd etməliyik. 1980 - ci illərin «modernizm - postmodernizm mübahisəsi»nə bənzəyən, qloballaşma ilə bağlı gedən mübahisələr, təkcə tənqid çözümləmələri, analitik dəyərləndirmələri və idari məqamları özündə ehtiva etdirmədi, həm də düşüncə ziddiyyətlərinin, müsbət ya da mənfi dəyərlərin və həqiqətlər – səhvlər ziddiyyəti əsasında formalaşan, hərəkət edən siyasi strategiyaların ortaya çıxmağına da rəvac verdi. Beləcə, açıqlama, həll etmə və başa düşmə prosesinə daxil olmalı olan bir anlayış, ictimai əlaqələri açıqlayan bir anlayışa, ictimai dəyişikliklə bağlı normativ yanaşmaları bir birlərindən ayıran əsas ölçülərə və siyasi sahə, qeyri – hökümət təşkilatının aktivlərinin ictimai mövqeyinin müəyyən edilməsində böyük rol oynadı.
Daha dəqiq ifadə edəsi olsaq, qloballaşmanın «dövlətlər, cəmiyyətlər və mədəniyyətlər arası qarşılıqlı əlaqələrinin zaman və məkan baxımından genişləməsi, dərinləşməsi və sürətlənməsi» prosesini simvolizə edən keyfıyyəti ilə bağlı akademik və dövlət idarəçiliyində ortaq məxrəc mövcud ikən, bu prosesin ictimai əlaqələr, milli dövlət, milli kimlik və dəyərlər təsirinin necə başa düşüləcəyi və bu təsirlər yönündə necə sistemləşdirmələr və siyasi islahatlar aparılmalı olduğu təbii ziddiyyətlərə, hətta qütbləşmələrə gətirib çıxarır. Bu əsasda da, qloballaşma deyimindən cəm halında istifadə etməliyik. Bu gün, ictimai dəyişimlə bağlı təkcə mübahisə etmək, sadəcə sosiolocik və ideolocik mübahisə mənasına gəlməməlidir, eyni zamanda mübahisə fərqli qloballaşma fərziyyələrinin və bu fərziyyələrin təsir dairəsinə daxil olan fərqli siyasi strategiyalarla bağlı tənqidi danışığı və tənqidi mətni özündə ehtiva etməkdədir. Fikrimizi başqa cür ifadə edəsi olsaq bu gün qloballaşma mübahisələri içində hakimi – mütləq kulvar, qloballaşma proseslərinin və təsirlərinin tarixi və tənqidi çözümlənməsi kimi, bu proseslər qarşısında inkişaf etdirilən siyasi strategiyalar arası ifadə mübarizəsi, ya da Antonio Qramscinin terminologiyası içində «mövqelər müharibəsi»dir.
Bu mübahisələrə baxanda, hakim qloballaşma fikirləri kimi, neo-liberal «hiperqlobalizmi»ni və «milliyyətçi-dövlətçi şübhəçiliyi»ni görürük və bu yanaşmaların siyasi qütbləşmə və təbii ziddiyyətlər yolu ilə bir – biriləri ilə apardıqları mövqelər müharibəsinin mübahisənin əsas hissəsini təşkil etdiyinə şahid oluruq. Qloballaşma mübahisələrinin çərçivəsinin və sərhədlərinin, bu əsasda, son illərdə get - gedə və hiss edilən bir səviyyədə bu deyimlər arasında gedən mövqe müharibələri tərəfindən müəyyən olunduğunu deyə bilərik. Və beləcə, qloballaşma anlayışı qütbləşmələr və təbii ziddiyyətlər içərisində istifadə olunmağa başlanılmış və fərqli siyasi strategiyaların ictimaiyyətdə guya hakimi – mütləq olmalarını demək üçün bir vasitə halına gəlmişdir. Bununla yanaşı, qloballaşma mübahisəsinin eyni zamanda, həm neo-liberal hiperqlobalizmə, həm milliyyətçi-dövlətçi şübhəçiliyə tənqidi münasibət göstərən, həm də bu ifadə tərzlərinin yaratdıqları qütbləşmə və ziddiyyətlərə söykənən siyasət anlayışına alternativ «yenidən formalaşdırıcı yanaşma» kimi adlandıra biləcəyimiz bir qloballaşma deyimini də özündə ehtiva etdirdiyinə fikir verməyə bilmərik. Hakimi – mütləq qldoballaşma anlayışlarına qarşı alternativ bir düşüncə kimi inkişaf edən və dövlət – cəmiyyət münasibətlərini demokratik bir tərzə çevirməyin siyasi – ictimai - fəlsəfi parametrlərini axtaran, araşdıran, mübahisə edən yenidən formalaşdırıcı yanaşma, qloballaşma proseslərini tarixi əlaqələr içərisində düşünərək, bu proseslərin ictimai – icma əlaqələrinə tənqidi prizmadan yanaşmağı təklif edir və bu əsasda qurulacaq demokratik idarə etmə qurğusunun ictimai problemlərə və tələblərə cavab tapması üçün ona verilən xüsusi önəmi vurğulayır.
Yer üzündə gedən sürətli qloballaşma prosesi nəticəsində yeni bir sistem, yeni bir düzən, nizam yaranırsa, bu sistem bəşəriyyət üçün yalnız o zaman arzuedilən ola bilər ki, həmin sistem Yer üzünün mövcud, təbii potensialı hesabına formaşamış olsun. Əks halda ortaya çıxacaq sistem, çürük özüllər üstündə tikilmiş təhlükəli bir binanın aqibətini yaşayacaqdır.

MİKROMİLLİYYƏTÇİLİK

Qloballaşmanın mədəni tərəfi, bir - birindən fərqli, hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir.
Birinci nəticə “mikromilliyətçilik” şəklində ortaya çıxmışdır.
Son nümunəsini Yuqoslaviya hadisəsində gördüyümüz, “mikromilliyətçilik” axımları, milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir.
Qloballaşma, ən kiçik bir mədəni fərqliliyı belə ciddi bir şəkildə qəbul edərək, elektronik media vasitəsi ilə onu bütün dünyaya təqdim edən, ayrıca siyasi baxımdan, mədəni fərqliliklərin qorunması problemini demokratik hüquq və azadlıqlar sahəsinin ayrılmaz bir parçası kimi görən bir anlayışı yayğınlaşdırmaqdadır.
Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi, özəlliklə istehlakçı davranışına təsir edərək, dünyada bir mədəniyyətliliyin qarşısını açmasıdır.
Qloballlaşma anlayışının özəlliklə iqtisadi tərəfi, yəni beynəlxalq sərmayənin ana hakimiyyəti, bir tərəfdən “marka cazibəsi”, digər tərəfdən gündəlik istehlak anlayışlarının idarə edilməsi yolu ilə, bütün dünyanı təxminən eyni davranış qəlibləri içində həbs etməyə yəni təktərəfli bir mədəni kimliyə sahib olmağa məcbur edir. Qloballaşma ciddi bir prosesdir.
Yaxşı ya da pis olmağı haqqında çox danışmaq mümkündür ancaq bu da bir həqiqətdir ki, qloballaşmadan qaçmaq mümkün deyil. Bu çərçivədə, bütün dünyaya təsir eləyən bu yaranmış dəyərin nəticələrini yaxından dərk eləmək və ona görə davranmaq müasirliyin və aktuallığını bir ehtiyacı kimi ortaya çıxmaqdadır.

ÇOXMƏDƏNİYYƏTLİLİK

Hər hansı bir cəmiyyətin meydana gətirən fərdlərin və qrupların dil, din, irq, tarix, coğrafiya baxımından fərqli köklərdən gəlməyinə söykənən çoxmədəniyyətlilik, tək bir siyasi bir ittifaq halında və ortaq sərhədlər içərsində yaşayan cəmiyyətlərdə keçərlidir.
Bu fərqlılıklər bəzən, çökən Sovet İttifaqında ya da bu günkü Amerika Birləşmiş Ştatlarında olduğu kimi, müxtəlif millətlərə mənsub insanların bir arada yaşaması şəklində də dərk oluna bilər.
Bu iki ölkədəki təcrübələr, əslində çoxmədəniyyətlilik anlayışının siyasi nəticələri baxımından da olduqca təsir edici olmuşdur.
cəmiyyətdəki çoxmədəniyyətlilik hadisəsini, fərdi azadlıqlar baxımından ümumi ictimai və siyasi dəyərin bir parçası kimi qəbul eləyən ABŞ olduqca uğurlu bir uyğulama ilə, həm siyasi kimliyini həm də geniş mənada azadlıqları qoruyan bir xətt yürütmüşdür.
Bunun əksinə Sovet İttifaqı, fərdi azadlıqları demək olar ki, yoxmuş kimi hesab edərək əldə etdiyi təcrübə sayəsində dövləti idarə etməyə çalışmış, lakin sistemin qarşılaşdığı başqa çətinliklərin nəticəsində dağılıb getmişdir.
Sovet İttifaqı və Yuqoslaviyada yaşanan təcrübə göstərdi ki, fərdi azadlıqların qarant altında olmadığı istənilən bir sistemdə, fərqli mədəni kimliklərin qorunması və inkişaf etdirilməsi istənilən bir dövlət formasında (istər unitar, istərsə də federal dövlət quruluşu olsun) mümkün deyil.
Fərdi azadlıqların qarantiya altına alınmadığı, “konstitusiyalı bir vətəndaşlıq münasibəti” çərçivəsində inkişaf etdirilməyən istənilən siyasi varlıqlar öz kimliklərini və bütövlüklərini qoruya bilmirlər.

MİLLİ DÖVLƏTÇİLİK BAŞA ÇATIR?

Qloballaşmanın, texnologiyadakı, sərmayənin funksiyasında və beynəlxalq siyasətdəki inkişaflar nəticəsində, dünyanı idarə edən qüvvələrin bütün ölkələrin üstündə təkvariantlı dövlət sistemi ilə bağlı ciddi bir təzyiq formalaşdırdığını heç kim inkar edə bilməz.
Dünyanı idarə edənlər deyəndə sadəcə Amerikadan getmir söhbət. Sərmayə və texnologiya başda olmaqla iqtisadi, siyasi və ictimai bütün qüvvələri vurğulamaq lazımdır burda.
Qloballaşma terminin ifadə etdiyi məna, siyasi baxımdan ABŞ-ın, iqtisadi baxımdan beynəlxalq sərmayənin, texnologiya baxımından elmi nailiyyətlər dövrünün bütün ölkələri bəlkə dəyişik, müxtəlif səviyyələrdə, əsasən isə eyni qarşı çıxılmayacaq güclə və eyni mexanizmlə təsir etməsində gizlənib.
Qloballaşmanın göstərdiyi təsirləri başa düşmək üçün bu dəyərlərə, onlar kimi dəqiq olmasalar da, yenə də, insan hüquqları və insanların müəyyən məsələlərdə iştirakı anlayışlarının artmasını da əlavə eləməliyik.
Bu son anlayışlar bizi, qloballaşma ilə birlikdə və bir başa qloballaşmaya bağlı olaraq özünü göstərən başqa bir dəyərə – mkromilliyyətçilik anlayışına aparıb çıxarır.
Qloballaşma, yuxarıda da qeyd etdiyimiz kimi bütün qarşı çıxılmayacaq proseslərlə birlikdə mikromilliyətçilik cərəyanlarını da dövlətlərə tətbiq edir.
Beləcə imperiyaların dağılmasından sonra, iyirminci yüzilliyin ən böyük siyasi reallığı kimi ortaya çıxan milli dövlətçilik anlayışı həm yuxarıdan, həm də aşağıdan iki qüvvətli zərbə ilə üzbəüz qalır.

MİLLİ DÖVLƏTÇİLİK ANLAYIŞI ÇƏTİNLİKDƏ

Milli dövlət anlayışını hardasa yuxarıdan sıxışdıran Qərb dəyərləri, beynəlxalq sərmayənin hakimiyyəti və məlumatlı cəmiyyətin sürətli yayılması anlayışları ilə, onu aşağıdan lərzəyə gətirən mikromilliyyətçilik cərəyanlarını, bir siyasi düşüncənin dəyərləri kimi qəbul eləməyin özü, vəziyyətin xeyli yüngüləşdirmək olar bizcə.
Çünki haqqında danışdığımız hadisələr məsələn ABŞ–ın özünü də aşan və əksər hallarda ona da təsir edən proseslərdir.
Hər şeydən əvvəl dərk etməli olduğumuz məqam, qloballaşmaya qarşı çıxmağın mənasızlığıdır.
Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diqtə elətdirmək üçün su kimi axmaq lazımdır: Qarşı çıxa bilmədiyimiz məqamlarda başqa tərəfdən getmək və hədəfə doğru, bəzən saman altından su kimi yeriyərək, bəzən isə sel kimi coşub çağlayaraq, amma heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək.
Yaxşı, bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər?
Hədəf, həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı, milli dövlətçiliyimizi çağdaş və təsirli hala gətirərək, əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.
Niyə milli dövləti qorumalıyıq? Çünki, bir milli – dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc, başqa bir siyasi qurum mövcud deyil.
Mikromilliyyətçiliyə gəldikdə keçmiş Yuqoslaviyada və Afrikadakı bir çox ölkədə baş verənlər, qəbilə, irq, din və millət baxımından mikromilliyyətçilik hərəkatlarının, bir milli-dövlət hakimiyyətinin yoxluğunda necə qətliama, soyqırıma çevrildiyinin ən gözəl nümunələridir.

BƏS NECƏ MİLLİ DÖVLƏT OLMALIDIR?

Burda gündəmə gələn ilk məsələ “necə bir milli dövlət qurulmalıdır?” sualıdır heç şübhəsiz..
Hər halda, irq kimi, din kimi, məzhəb kimi, özəlliklə mikromilliyyətçilik cərəyanları çərçivəsində birləşdirici olmaqdan çox ayırıcı özəlliklərə söykənən bir milliyyətçilik yox, vətəndaşlıq şüuru kimi, topyekun inkişaf hərəkatı kimi bütünləşdirici anlayışlarla bağlı milliyyətçiliyə söykənən bir milli dövlət olmalıdır.
Bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, qloballaşmanın texniki inkişafından bütövlükdə istifadə edə biləcək, beynəlxalq sərmayənin hakimiyyətinə, öz sərmayəsini və işçisini dəstəkləyib gücləndirərək diqqət etməyə çalışacaq, insan hüquqları və dövlətdən gözlədiklərini bütün vətəndaşların həyatına şamil edə biləcək bir dövlət.

MƏDƏNİ KİMLİK

Fərdlərin mədəni kimlikləri, onların müəyyən mənada fərdi azadlıqlarına bir sədd qoyur, amma eyni zamanda onların bir növ pasportuna çevrilir.
Mədəni kimliklə fərdi azadlıq arasında, fərdin hal və hərəkətlərinin fərqliliklərinə icazə verilən “manevr meydanının” genişliyi baxımından tərsinə bir korelativ münasibət mövcuddur. Fikrimizi başqa cür ifadə edəsi olsaq, sərt bir mədəni kimlik, fərdin, aid olduğu mədəni kimlik baxımından etməli olduğu hərəkətləri böyük ölçüdə özünə bağlayır və beləcə “fərdi azadlıqlar meydanı” ciddi mənada çərçivəyə alınır. Bununla bərabər dözümlü bir mədəni kimlik, fərdin hal və davranışlarına daha az müdaxilə etdiyi üçün, onun “fərdi azadlıqlar meydanını” daha geniş bir çərçivəyə salır. Burda, bir mədəni kimiliyin “heyranı” kimliyinə bürünən fərd, özünü başqa mədəni kimlik sahiblərindən ayırmaq üçün özündən fərqli hal və hərəkətlər icad edir və bu da ona mənfi təsir göstərir. Beləcə ictimai münasibətlərə ciddi şəkildə zədələyən hərəkətlər ortaya çıxır.
Əksinə, yumşaq bir mədəni kimliyi müdafiə edən fərd, eyni cəmiyyət içində yaşadığı digər kimlik sahiblərinə də dözümlülük göstərməyə meyllidir. Beləcə dözümlü mədəni kimlik həm o kimlik sahibi olan fərdin azadlıq meydanına sərhədlər çəkmir, həm də digər kimlik sahibləri ilə bir arada yaşama düşüncəsinə sərhədlər çəkmədiyi üçün, ictimai münasibətlərə də bunun heç bir təsiri olmur və beləcə cəmiyyətin daxilində gedən proseslər pozulmur.
Əslində bütün bu anlayışlar ilkin variantında Islam mədəniyətinin əsasında mövcud olub. Buna görə də İslam mədəniyyətinin dini və mədəni çoxmədəniyyətlilik sahəsindəki tarixi mövqeyinə qısaca nəzər salmaq yerinə düşərdi. Müsəlman cəmiyyətlər tarix boyunca başqa din və mədəniyyətlərə mənsub insanlarla bir arada yasamaq sahəsində bir xeyli təcrübələr əldə ediblər. İslam dünya tarixi səhnəsinə çıxanda, Roma, Yunan, Fars, Mezapotomiya, Afrika və Hind (daha sonra isə Çin və Uzaq Şərq) mədəniyyətləri basda olmaqla insanlığın mədəniyyət təcrübəsinin demək olar ki, hamısının fikri və coğrafi özəlliklərini əhatə edəcək səviyyəyə gəldi. Dəməşqdə Əməvi sultaninin əmrində çalışan və İslam əleyhinə ilk ciddi mübahisələrin müəllifi kimi tanınan Yuhanna əd-Dəməşqi (Saint con the Damascen) - dən İslam idarəsi altında yayılan Ortodoks kilsəsinə, 1492 – ci ildə İspaniyadan Müsəlmanlarla bir yerdə qovulan Avropa yəhudilərinin Osmanlı İmperiyası tərəfindən qəbul edilməsindən Hindistanda Hindlilərlə Müsəlmanlar arasında inkişaf edən mədəniyyət sintezinə kimi bir çox nümunələr, İslam mədəniyyətinin “digər”ini bir düşmən, yox edilməli olan bir ciddi problem yaradacaq qüvvə kimi yox, insani varlığımızı daha da zənginləşdirən bir dəyər kimi qəbul etdiklərini gösətirir. İslam dünyasında XVIII və XIX yüz illərdə ortaya çıxan Qərb əleyhinə rəddedici hərəkatlar, sömürgə dövrünün bir nəticəsi kimi qəbul olunmalıdır. Lakin bir məsələyə diqqət edilməlidir ki, sömürgəçilik dövrünə o dəhşətli zülmlərinə baxmayaraq, Müsəlman millətlərində nasist və faşist hərəkatları kimi irqçi meyllər yaranmadı.
Bütün bunlar, qloballaşmada dəyər qazanan dinlər və imədəniyyətlər arası dialoqlar, yaxınlaşmalar prosesində, İslam dünyasının təbii tərəflərdən biri olduğuna ən önəmli sübutdur. Bundan da başqa qloballaşma prosesində ümumbəşəri dəyərlər kimi qəbul olunan müstəqillik, insan hüquq və azadlıqları, din və vicdan azadlığı, ədalət, bərabərlilik kimi anlayışlar, insanlığın ortaq bir hədəfə doğru yönəlmə imkanlarının ciddi olduğunu göstərən dəyərlərdir. Bu nöqtədə müəyyən bir din və mədəniyyətə mənsub olmaq – yəni öz dəyərlərimizin fərqində olmaq – qloballaşma ilə ziddiyyət törədən amillər kimi yox, əksinə onu tamamlayan dəyərlərdir. İslam baxımından baxdığımız zaman ədalət, azadlıq, mal, can və din hüquqları, dinin əsil ünsürlərindəndir və bu mənada İslam, bu dəyərlərin məkan və mədəniyyətin bir hissəsi kimi yox, əksinə mütləq və ümumbəşəri dəyərlər olduğunu tam mənası ilə qəbul edir. Qloballaşmanı İslam dünyası və digər mədəniyyətlər baxımından problem halına gətirən dinlərin və fərqli mədəniyyətlərin bir - birinə yaxınlaşması yaxud insanlığın üstündə ittifaq etdikləri dəyərlərin öz yerini tapmağı yox, qloballaşma ilə birlikdə düşüncəmizdə özünə yer tapmağa başlayan sekülyarlaşma prosesidir ki, bu eyni zamanda qloballaşmanın burda toxunacağımız üçüncü nəticəsini meydana gətirir.

QLOBALLAŞMA VƏ SEKÜLYARLAŞMA

Sekülyarlaşma, fəlsəfi mənada dünyanın dünyəviləşməsi (profanlaşması), insanların əsl həqiqət ilə olan metafizik (fizikötəsi) əlaqələrini qopararaq dünyalılaşması və bu çərçivədə din qaynaqli ənənələrin çözülməsi prosesini ifadə edir. Fəlsəfi bir doktrina kimi sekülyarizmin uzun müddətli təhlilini başqa bir yazıda reallaşdıra bilərik. Lakin əsas qəziyyələri etibarı ilə sekülyarist kainat təsəvvürünün sadəcə İslamla yox, hər otantik din ilə ziddiyyət içərisində olduğunu görmək elə də çətin deyil. Həqiqəti və insanın ən ciddi xilasını fərd və tarixdən daha yüksəkdə dayanan bir həqiqətə söykənən din ilə, realist aydınlanmanın faili – muxtar fərdinə və onun kainat quruluşuna endirən sekülyar düşüncə arasındakı gərginlik, modern dünyanın önəmli əsaslarından biridir. İslamı çərçivə içərisində düşündüyümüz zaman, “dünyaya sahib çıxmaq”, yəni onu ev halına gətirmək və ədaləti təsis etmək ilə insanın ciddi mənada qurtuluşu arasında məcburi bir ziddiyyətin olmadığı irəli sürülə bilər. Başqa bir ifadə ilə dünyanı öz içərisində qapali və özünə ithaf olunan (self-referential) bir sistem kimi formalaşdırmaqla, onu daha böyük bir planın bir hissəsi kimi formalaşdırmağın arasındakı fərqi, humanist əxlaq təlimləri ilə aşmaq mümkün ola biləcək bir şey deyil.
Qloballaşma prosesi ilə birlikdə, sekülyar və humanist bir mədəniyyətin get - gedə güc qazandığını və bunun dinin varlıq meydanını hər gün bir az da daraltdığını görürük. Qloballaşma ilə gələn dünyəviləşmə, əyləncə mədəniyyəti, əxlaqi qısırlaşma və Qərb – Amerikan mədəniyyətinin sürətlə yayılması, digər mədəniyyətləri get – gedə sıxışdırması sadəcə dinin yox, eyni zamanda din kökənli otantik ənənələrin də zəifləməsinə və mənəvi dəyərlərdən uzaq idrak və davranış şəkillərinin formalaşmasına yol açır. Sekülyarlaşmanın dəhşətli təsirlərini gözönündə bulundurduğumuz zaman, qloballaşma özəlliklə Azərbaycan kimi ölkələrdə tarixə və öz soy – kökünə yabançılaşmanı da özü ilə bərabər gətirir ki, bunun da özbaşına bir ziddiyyət olduğunu hiss etməmək mümkün deyil.
Bu yaxınlarda “Körpü” curnalında hörmətli sosioloq Əhməd Qəşəmoğlunun olduqca maraqlı bir məqaləsi dər olunmuşdu. “Qloballaşma və mədəniyyət” adlanan həmin məqalədə Əhməd müəllim qloballaşma və mədəniyyət arasında baş verən ciddi münasibətlərdən bəhs edir(açığı ki, cəmiyyətmizdə qloballaşma ilə bağlı hələ də tam fikir formalaşmayıb. “Qloballaşma nədir?” sualına “İstiləşmə” deyə cavab verənlər də tapılır!…), daha sonra isə ortaya çox maraqlı bir sual qoyur: Avropa mədəniyyəti Azərbaycan mədəniyyətindən nə ilə üstündür?! Bu yerdə yuxarıda haqqında danışdığımız mikromilliyyətçilik anlayışının ədəbiyyatda öz həllini tapmış variantını ilk dəfə ədəbiyyatşünaslığımızda təcəssüm etdirmiş tənqidçi – ədəbiyyatşünas Akif Hüseynovun MİLLİ XARAKTER mövzusunda dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “Hazırda milli xarakter probleminin tədqiqində qəribə, paradoksal bir mənzərə müşahidə edilir: problemə diqqət artdıqca, müvazi olaraq onun qarşısında Hamletin “olum ya ölüm” sualını qoymaq cəhdləri də güclənir. Bu o deməkdir ki, hələ millətlərin tarixən təşəkkül tapdığı vaxtdan etibarən elmi – nəzəri düşüncələrin diqqətini cəlb etmiş və ən müxtəlif ictimai – estetik mövqelərdən araşdırılmış bir problem bu gün ya öz gerçəkliyini aşkarlamalı, təsdiqləməlidir, ya da xəyal olduğunu boynuna almalıdır.” Sanki bu problemi, yəni bu gün 90 – ci illərdən etibarən qloballaşmanın ortaya atdığı düşüncələri, mədəniyyətlərarası yaxınlaşmanı, ya da mədəniyyətlərarası mübarizəni(artıq hansı labüddürsə?!) daha əvəlcədən hiss edən tənqidçi düzdür hadisəni gətirib ümumsovet xarakterində başa çatdırır, ancaq bu mövzunun özünün adətən kənd nəsrinin ideal carçısına çevrilən Azərbaycan Sovet tənqidşünaslığında qabardılması təqdirəlayiqdir. Söhbət hansı millilikdən gedir?! Və həmin milliliyə, milli xarakter anlayışına görə kim kimdən üstündür?! Avropamı Azərbaycandan, Azərbaycanmı Avropadan?! C. C. Russo müasirlərinin üzünə tüpürürmüşcəsinə soruşur: “içinizdə neçə nəfər var ki, Mandareni öldürmək istəməz?” Kimdir bu Mandaren? Çin ətrafında yaşayan qeyri – müəyyən bir insan. Tanımadığımız, bəlkə də heç tanımaq da istəmədiyimiz bir tip… Tam bir mücərrəd. Düyməyə basıb öldürməkdir bizim vəzifəmiz onu. Biz xəzinələrin sahibi olacağıq, heç kimin ruhu da inciməyəcək. “İçinizdə neçə nəfər var ki, Mandareni öldürmək istəməz?” – Əxlaq C. C. Russo üçün həmin bu sualın içərisində gizlənib.
Avropa insanının ruh dünyasını bütün rəzilliyi ilə ifşa edən iki böyük romançı, ən tanınmış əsərlərində bu dəhşətli sualı verirlər təzədən. “Qori ata”nın qəhrəmanı daha ciddi, daha məntiqlə düşünən bir cəmiyyətin yetirməsidir. İlk başda belə bir sual: görəsən, bu Mandaren neçə yaşında olar? Sonra səsi yüksəldən vicdan onun yerinə cavab verir: yox!
“cinayət və cəza”nın qəhrəmanı Raskolnikov isə bir az daha insandır, bir az daha özüdür. Romanda ortaya qoyulan əsas sual güclü adamın istədiyini etməyə haqlı olub – olmaması məsələsidir. Əlbəttə, burada söhbət “məqsədəuyğun”, vicdanın iştirakı, ağlın məsləhəti ilə törədilən cinayətdən gedir. Rasskolnikov, əsərin əsas qəhrəmanı, yoxsul bir tələbədir, üstəlik ali məktəbdən də qovulub. Oxumağa və yaşamağa qadir olmayan bu gənc hələ bir üstəlik işləyib anasını və bacılarını da dolandırmalıdır. Yoxsulluq və aclıq Rasskolnikovu qəribə fikirlərə gətirib çıxarır. O, həddindən artıq pulu olan və bu puldan istifadə etməyən qarını öldürüb pullarına yiyələnmək və rahat yaşamaq fikrinə düşür. Rasskolnikov öz fikrini hətta nəzəri cəhətdən əsaslandırır da, cinayət etməyə haqlı olduğu qənaətinə gəlir. O, fikirləşir ki, heç bir şeyə yaramayan qarını öldürmək cinayət deyil, axı bu qarı bu gün ya ada sabah özü öləcək, amma mən onsuz öləcək olanı öldürməklə, yaşamalı olan bir çox adamı ölümdən xilas edirəm.bu daha yaxşı deyilmi? Rasskolnikov bu hərəkəti ilə cəmiyyətdəki ədalətsizliyi aradan qaldırmaq, çəkdiyi əziyyətlərin əvəzini çıxmaq, həyatda müvazinət əmələ gətirmək istəyir. O, öz planını yerinə yetirimr, qarını öldürüb pullarına da sahib olur. Artıq hər şey bitib, indi o, ömrünün axırına kimi rahat yaşaya bilər. Lakin heç də elə olmur, vicdan əzabı onu rahat buraxmır, o, hiss edir ki, törətdiyi əməl onu insanlardan, yaşadığı mühitdən yavaş – yavaş uzaqlaşdırır. Bu cür yaşamaq isə olduqca çətindir. Rasskolnikov qanayan bir həssaslığa, iti zəkaya və xəstə şüuraltına sahib olan bir qəhrəmandır.
Avropalı üçün mədəniyyət qaba qüvvətin yerinə hiylənin hərəkət etməsidir. Fransız bu mənada Rusdan daha mədənidir. (Daha mədəni; yəni daha təhlükəli.) Boş yerə israr edir dostu. cavan oğlan Manareni öldürməyəcək. Niyə? Çoxmu vicdanlıdır? Qətiyyən! Sadəcə olaraq, yerisiz surprizlərdən qaçır və bilir ki, gec – tez şeytan ona kömək eləyəcək. Raskolnikov sarsıntılar içərisində qalan bir cəmiyyətin, bir ictimai mühitin içərisində tək – tənhadır. Eyni ilə Dostoyevskinin özü kimi. Beynində bulanıq düşüncələr, ac və yarıyuxulu. Sanki bir kabus görür, aylarla tərəddüd içərisində həyat sürür. Və sınan qüruru, mənliyi içindən pıçıldayar ona: sən güclüsən və güclü olan heç bir maneə tanımamalıdır.
Bu Qərb və Rus düşüncəsinin əsərlərə kimi gəlib gəlib çatan səsidir. Səmavi kitabların hamısında belə bir əmr var: ÖLDÜRMƏ! Xristian Avropa isə, ən səfil maddi mənffətləri naminə dünyanın bütün Mandarenlərini ya öldürdü, ya da hər an öldürməyə hazırdır. Göte: “Ya zindan olmalısan, ya da çəkic!” – deyir. Yəni ya əzilən, ya da əzən! Şərq isə Sədidən başlamış Qandiyə kimi əksini iddia eləyir: “AND İÇİRƏM Kİ, BU DÜNYANIN BÜTÜN TORPAQLARI BİRCƏ ADAMIN QANINI AXITMAĞA DƏYMƏZ!” İndi, özünüz fikirləşin: kimdir haqlı? Və kim kimdən daha üstündür?! Öldürmək üçün əldən – ayaqdan gedən və qəhrəmanlarını istəsələr də, istəməsələr də buna sürükləyən Qərb yazarlarımı, yoxsa özləri daima yüksəlməkdə olan və qəhrəmanlarına da bunu tövsiyyə edən Şərqmi?

Arkadaşlar! Bu parlayan günəşin,
Feyzi birdir cahanda hər kəs için,
Türk, hindu, ərəb, əcəm bilməz,
Nuru hər yanda artar, əskilməz.

Bu Şeyx Sənan məqamıdır! Mirzə cəlil hər nə qədər realist ədəbiyyat kölgəsi altında axtarışlarına Norvuzəlidən başlasa da, insanı öz yerində – yurdunda, doğulduğu torpaqda bağlı saxlasa da, Hüseyn Cavid bu məqamda özünün və qəhrəmanlarının qarşısına qoyulan əngəlləri aşaraq insan kamilliyini və insan ümumbəşəriliyini əsas götürərək insan din, dil, irq, millət kimi amillərə bölməkdən qaçmış və beləcə onunla eyni qədəri yaşayan və təxminən eyni illərdə “Peyğəmbər” i yazan Şərqin başqa bir dühası cibran Xəlil Cibran kimi adını çağ dəyişdirən yazarları siyahısına daxil edə bilmişdir.

No comments: